Onlayn ictimai-siyasi qəzet
“Ümid edirəm ki, Azərbaycan və Ermənistanın siyasi iradəsi və davamlı səyləri sayəsində düşmənçilik və zorakılıq səhifəsi bağlanacaq, nəhayət, bütün region xalqlarının xeyrinə çevriləcək”.
Medianews.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar yerli mətbuata müsahibəsində bildirib.
“Bildiyim qədər, sülh müqaviləsi layihəsinin əksəriyyəti artıq razılaşdırılıb. Mənə elə gəlir ki, çatışmayan yeganə şey finişə çatmaq üçün lazım olan siyasi iradədir. Əminik ki, qalan məsələlər üzrə yekun razılaşma əldə olunub. Sülh müqaviləsi və onun sonrakı icrası regionda vəziyyəti kökündən dəyişəcək. Düşünürəm ki, liderlər də bu nöqteyi-nəzəri bölüşürlər və bu məsələ ilə bağlı yekun razılığın əldə olunması üçün lazım olan bütün səyləri göstərəcəklər”, – deyə T.Klaar qeyd edib. Toivo Klaar bununla belə, prosesin çətin keçəcəyini bildirib.
Maraqlıdır, sülh müqaviləsi üzrə razılaşdırılmayan detallar hansılardır? Siyasi iradəni daha çox tərəflərdən kim nümayiş etdirməlidir? Sülh müqaviləsi və onun sonrakı icrası regionda hansı dəyişikliyə səbəb olacaq?
Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Aqşin Kərimov bildirib ki, Azərbaycanla Ermənistan sülh müqaviləsi üçün lazım olan konseptual bazaya əhəmiyyətli diplomatik-siyasi sərmayə qoyub.
Onun sözlərinə görə, bu, sülh üçün lazım olan ümumi prinsiplərin razılaşdırılmasıdır: “Detallardan yalnız delimitasiya və demarkasiya məsələləri razılaşdırılıb, amma başqa digər elementlər üzrə ortaq məxrəc tapılmasından ötrü gündəlik gərgin və genişdir. Ermənistan situasiyaya uyğun davranmaq istəyir, onun ABŞ-nin Rusiyanı Cənubi Qafqazda zəiflətmək üçün planlarda piyada rolunda çıxış etməsi belə deməyə əsas yaradır. Üstəlik, Fransa, Hindistan maraqlarının aludəçisi qismində çıxış etməsi İrəvanı Azərbaycanla mübarizədə qazanc əldə etmək əvəzinə daha da yorur. İrəvan geosiyasi qarşıdurma tellərinin arasında sıxılır, daha doğrusu özünü bu gərgin xətlərin arasına atır. Bu, Azərbaycanla gələcək razılaşma ehtimallarını aşağı salır və detallar üzrə əldə edilə biləcək mümkün razılaşmaları da kölgə altına qoyur. Lakin sülhə olan ümidləri də söndürmür, çünki Bakı ilə İrəvanın geosiyasi qarışıqlıqlar içərisində ikitərəfli səyləri perspektiv üçün müəyyən problemlərin həllinə töhfə baxımından önəmlidir”.
Siyasi şərhçi deyib ki, Ermənistanın sülh gündəliyindəki konstruktivliyi qaranlıqlaşa bilər: “Yaxın Şərqdə artan gərginlik fonunda Cənubi Qafqazdakı layların tərpədilməsi ehtimalları Ermənistanı Azərbaycana qarşı müəyyən dərəcədə ümidləndirəcək. Buna səbəb, onun İrandan ala biləcəyi mümkün dəstəklər, Hindistandan qopara biləcəyi vədlər və ümumilikdə regionda ABŞ ilə Rusiyanın kəskin rəqabətindən qazanclı çıxmaq ümidləridir. Amma İrəvanın ümidləri onun üçün perspektivdə boşluq vəd edir. Çünki Ermənistanın böyük qarşıdurmalar içərisindən salamat çıxmasından ötrü manevr imkanları yoxdur. Bakı İrəvanı sülhə tələsdirir, amma Ermənistan bunun üçün lazım olan əlavə səy və iradə nümayiş etdirməyi təxirə salır. Belə olan təqdirdə, onun Azərbaycanla sərhəd zolağında hərbi təxribatlar törətmək riskləri artır. Ona görə də, Azərbaycan müdafiə qabiliyyətindən və strateji qorunma instinktindən irəli gələn məsələləri masaya qoya bilər”.
Tərəflər arasında hansı detalların razılaşdırılmasının vacibliyinə gəlincə, A.Kərimov söyləyib ki, hər hansı bir detalın razılaşdırılması başqa alt elementlər üzrə razılığı da şərtləndirməlidir: “Əks təqdirdə, o, kağız üzərində qalır. Misal üçün, Azərbaycan Zəngəzur dəhlizinin açılması, Qərbi azərbaycanlıların qayıdışı və Ermənistan Konstitusiyasının dəyişdirilməsini tələb edir. Bunlar üzrə Ermənistan razılıq versə belə, onun mexanizmləri və metodologiyasının işlənib hazırlanması vaxt aparacaq. Deməli, regionda sülh və təhlükəsizliyin irəliləməsi üçün lazım olan sürətin yığılması ləng gedir. Bu sürətə çatana qədər Ermənistan təxribatlar da törədə bilər, Bakı ilə sülh gündəliyinə konstruktivlik göstərə də bilər”.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ