İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı Hindistanla “dil tapa” biləcəkmi - XİN rəsmiləri Yeni Dehlidə

Ekspert: “Bizə növbəti əməliyyatlarda başımızın üzərində uçuşan hind PUA-ları lazımdırmı?!”

Yeni Dehlidə Azərbaycan və Hindistan XİN arasında 5-ci ikitərəfli siyasi məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfdən isə Hindistan Xarici İşlər Nazirliyinin Qərb üzrə Katibi (xarici işlər nazirinin müavini) Sancay Verma rəhbərlik edib, xəbəri Azərbaycan XİN-in mətbuat xidməti yayıb.

Siyasi məsləhətləşmələr son vaxtlar Hindistanın Ermənistana silah tədarük etməsi haqqında yayılan məlumatlar, habelə BMT-də Ermənistan-Azərbaycan sərhədində gərginliyin müzakirəsi zamanı Hindistan nümayəndəsinin Azərbaycan əleyhinə çıxışları fonunda baş tutub.

Qeyd edək ki, Hindistan Xarici İşlər Nazirliyinin Qərb Departamentinin katibi Sancay Verma iyul ayında Ermənistanda səfərdə olub, qondarma soyqırım abidəsini ziyarət edib. İki gün əvvəl Ermənistanın Hindistandakı ilk səfiri Armen Bayburtyan bu ölkənin İrəvanla yaxınlaşmasının əsl səbəbini etiraf edib. O deyib ki, iki ölkənin hərbi əməkdaşlığı mühüm istiqamətdir və yaxın münasibətlərin inkişafının təzahürlərindən biridir ki, bu da bir neçə faktorla bağlıdır: “Pakistan və Azərbaycan arasında, o cümlədən hərbi sahədə sıx qarşılıqlı fəaliyyət və əməkdaşlıq Hindistanın Ermənistanla münasibətləri inkişaf etdirmək istəyinə təsir göstərir”.

Məlumdur ki, Qarabağ məsələsində Pakistanın qatı dəstəyinə malik olan Azərbaycan uzun illərdir ki, Kəşmir məsələsində Pakistanın mövqeyini açıq şəkildə dəstəkləyir. Paralel olaraq, Hindistan daha geniş Avrasiya regionunda iki uzaq münaqişə mərkəzi arasında əlaqə yaradaraq Qarabağ məsələsində ermənilərə daha yaxındır. Müharibədən sonra Azərbaycan Türkiyə və Pakistanla diplomatik və hərbi sahədə əlaqələri ikiqat artırdı.

Hindistan isə öz tərəfindən Qarabağ məsələsində “prinsipial mövqeyini” saxlamaqla Ermənistanı daha qabarıq şəkildə dəstəkləməyi seçdi. 13-14 sentyabr 2022-ci il tarixlərində Ermənistan və Azərbaycan arasında yeni sərhəd toqquşmalarından sonra Hindistanın Xarici İşlər Nazirliyi Azərbaycana istinad edərək “təcavüzkar tərəfi” hərbi əməliyyatları dərhal dayandırmağa çağırdı.

Azərbaycan və Hindistan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib  | ENA.az

Oktyabr ayında Ermənistanın müdafiə naziri Suren Papikyan Hindistana işgüzar səfəri çərçivəsində Qandinaqar şəhərində açılan DEFEXPO sərgisini ziyarət edib. Hindistanın “ThePrint” internet qəzeti məlumat yayıb ki, Ermənistan Hindistanla “Pinaka” yaylım atəşli reaktiv sistemləri, tank əleyhinə “Konkurs” raket sistemləri, həmçinin 80 millimetrlik minaatanlar da daxil olmaqla, geniş çeşiddə hərbi sursatların satışına dair hökumətlərarası saziş imzalayıb. Habelə Ermənistan “Akaş” kimi hava hücumundan müdafiə sistemləri ilə yanaşı, pilotsuz uçuş aparatları (PUA) və digər döyüş sursatlarının da alınması imkanını nəzərdən keçirib. Bütün bunlara baxmayaraq, Hindistan 2022-ci ilin ilk altı ayında Azərbaycanın dördüncü ən böyük ixrac tərəfdaşı olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın Hindistana ixracı 107 faiz artaraq 896 milyon ABŞ dollarına çatıb. XİN rəsmilərinin son səfəri də göstərir ki, Azərbaycan fikir ayrılıqlarına baxmayaraq, Hindistanla münasibətlərin inkişafında maraqlıdır. Bəs Yeni Dehli ilə “dil tapmaq” mümkün olacaqmı?

Pelosi gedir, yerinə Pelosi-2 gəlir? - Ermənilərin ABŞ sarıdan  arxayınçılığının səbəbi

Şəhla Cəlilzadə 

STM əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Hindistanı bir ölkə olaraq ciddiyə almağın tərəfdarıdır. O, bu gedişlə Hindistanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü ola biləcəyini də istisna etmir: “Azərbaycanın rəsmi Yeni Dehli ilə münasibətləri qaydasına salması üçün ilkin növbədə Hindistana yönəlik siyasətimizin korrektə edilməsinə ehtiyac var və bu baxımdan ikitərəfli məsləhətləşmələr trafikinin artırılması faydalıdır. Ötən il cənab Prezident açıq şəkildə "Azərbaycan Kəşmir daxil olmaqla, bütün məsələlərdə Pakistanı dəstəkləyir" deyərək rəsmi mövqeyini bildirib. Azərbaycan Hindistanla bağlı siyasətində nəyi itirib, nəyi qazanacağını daha ətraflı götür-qoy etməlidir. Bizə növbəti əməliyyatlarda başımızın üzərində uçuşan və Azərbaycan əsgərinə qarşı yönələn hind PUA-ları lazımdırmı?! Hindistan Müdafiə Araşdırmaları Qanadının (Indian Defence Research Wing) məlumatına görə, hələ 44 günlük müharibənin gedişində Hindistan Ermənistana kiçik çaplı və s. növ silahları sonradan ödəniş etmək şərtilə təklif edib. Saytın yazdığına görə, Ermənistan iki sovet dövrü İlyushin II-76 nəqliyyat təyyarələrini bu silahları təhvil almaq üçün Hindistana göndərsə də, bilinməyən səbəblərə görə bu təyyarələr Ermənistana silahla qayıtmayıb.

Bununla yanaşı, Hindistan hələ ki Qarabağ məsələsində rəsmi mövqe açıqlamayıb, həm Azərbaycan, həm də Ermənistanla münasibətlər saxlayır. Ermənistanla hərbi əməkdaşlıq sahəsində danışıqlar aparır və bizim vəziyyəti öz xeyrimizə dəyişməyə hələ ki imkanımız var. Hindistan qeyri-ciddiyə alınacaq bir dövlət deyil - artıq bir neçə ildir ki, ABŞ rəsmiləri tərəfindən Hindistanın BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyünə gətirilməsi təklif olunur. Birləşmiş Krallıq kimi dünyanın fövqəldövlətində hindli baş nazir təyinat aldı. Azərbaycanın hazırkı siyasətini davam etdirməsi Hindistanın (Fransa kimi) itirilməsinə gətirib çıxara bilər. Pakistanla strateji əməkdaşlığımızın Hindistana qarşı yönəlmədiyi, Kəşmir məsələsinə Azərbaycanın “Ukraynadakına bənzər mövqe” tutması məqsədəuyğundur".

Paşinyan Rusiyadan xilas olmaq istəyir” » "Dünya" informasiya agentliyi

Azər Hüseynov 

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Hindistanın böyük bir bazar ölkə olmasına diqqət çəkdi: “İlk öncə onu deyim ki, Azərbaycan Ermənistanın yenidən silahlandırılmasına ciddi yanaşmalıdır. Sual yaranır ki, ermənilərin pulu haradandır belə? Ona görə Azərbaycan xüsusilə hərbi hava qüvvələrini daim ən yeni texnologiyalarla yeniləməlidir. Hindistana gəldikdə isə bu ölkədə bir islamafob hakimiyyət var. Digər tərəfdən, Pakistan məsələsi və güclənən Çin ortadadır. Sovet vaxtı Hindistan bir az sovetlərə meyl etdi. Cəzalandırıldı. Racib Qandi SSRİ-yə səfərindən sonra öldürüldü. İndi maraqlıdır ki, Hindistanın İranla da yaxşı əlaqələri var. Amma bu o demək deyil ki, Hindistanla işləmək olmaz. Əslində Hindistanın bizə münasibətinin bizim üçün o qədər təsiri yoxdur. Siyasi baxımdan nəzərdə tuturam. Amma bu ölkə böyük bazardır. Ona görə Hindistanla münasibətlərdə öncüllük iqtisadi olmalıdır. Azərbaycan-Türkiyə-Pakistan üçlüyü daha da dərinləşməlidir. Hindistanın hansısa bir bizə yaramayan hərəkəti olarsa, Çindən yararlanmaq lazımdır. Onların arasında ərazi mübahisəsi var. Bir də bizim xarici siyasətimizin strateji yol xəritələri olmalıdır. Region və dünya ölkələrinin boşluqlarını da bilməliyik. Hindistanla dil tapmaq deyəndə ki, ilk öncə orada iş dünyasından lobbi qurmaq lazımdır. İş dünyası vasitəsilə hakimiyyətə təsir etmək lazımdır. Pulun dili qlobaldır. Hind iş adamları da hamı kimi pul qazanmaq istəyir. Ermənistandan nə qazanacaq ki? Amma Hindistan bizim üçün heç zaman strateji tərəfdaş ola bilməz. Əgər biz Azərbaycan-Türkiyə-Pakistan üçlüyünü mərkəzə alırıqsa. Digər istənilən ölkə və ya qurumlar bizim üçün bu üçlüdən effektiv ola bilməz. Çünki geosiyasi qurşaq əmələ gətirmirlər və maraqları sadəcə ticaridir. Biz isə güclənirik. Bu xətti tutmuşuq. Güclülük isə xarici siyasət xarakteri tələb edir. Bu xarakter Türk-İslam Ülküsü mərkəzli olmalıdır. Bundan ancaq yeni konfiqurasiyalar doğa bilər”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR