Onlayn ictimai-siyasi qəzet
Bakı şəhərində yaşayan əhalinin sayı 2024-cü il yanvarın 1-i vəziyyətinə görə 2 344 888 nəfər olub.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Bundan 1 150 030 nəfərini kişilər, 1 194 858 nəfərini qadınlar təşkil edib. Son illər Bakıda təxminən 2 milyondan çox adam yaşadığı haqda rəqəm demək olar ki, dəyişmir.
Amma bu, rəsmi rəqəmdir və Bakıda qeydiyyatda olan şəxsləri əhatə edir. Kimlərsə daimi, kimlərsə müvəqqəti əsaslarla burada yaşayır. Demoqraflar tərəfindən aparılan qiymətləndirmələr göstərir ki, Bakıda rəsmi rəqəmlərdə göstərildiyindən daha çox əhali məskunlaşıb. Ekspertlər qeyri-rəsmi mənbələrə əsasən, Bakıda əhali sayının 3-3,5 milyon nəfər aralığında olduğunu iddia edir.
Azərbaycanda urbanizasiya templəri vaxtilə çox güclü olub. Xüsusilə 2013-2018-cü illərdə Bakıya axın müşahidə edilib. Bəllidir ki, həmin dövrdə böyük iqtisadi layihələr çərçivəsində Bakıda çoxsaylı tikinti meydançaları vardı. Həmin iş yerlərində çalışa biləcək işçi qüvvəsi lazım idi. Həmin vaxt Bakıya axın başlamışdı.
2015-ci ildən sonra Bakıdakı tikinti bumu sönməyə başladı, urbanizasiya templəri zəiflədi. Amma paytaxtdan bölgələrə geridönüş (deurbanizasiya) edənlərin sayı o qədər də çox deyildi. Ekspertlərə görə, Bakıda sənədsiz evlər problem olaraq hələ də qalmaqdadır və bu əhalinin sayının rəsmi statistikasında özünü göstərir. Qeyd edək ki, təxminən 300 minə qədər keçmiş məcburi köçkünün əksəriyyəti Bakı və Bakıətrafında hələ də yaşayır.
Bakıda deurbanizasiya mümkündürmü? Bakı gündən-günə yaşamaq üçün bahalı şəhər olur, bu, əhalinin geri qayıdışına təsir edə bilərmi?
Mütəxəssislər qeyd edir ki, Bakıda deurbanizasiya (şəhərdən kəndə köç) müəyyən şərtlərdə mümkündür. Lakin bunun baş verib-verməməsi bir neçə faktordan asılıdır:
Yaşayış xərclərinin artması. Bakıda həyatın getdikcə bahalaşması, xüsusən mənzil kirayəsi, ərzaq, kommunal xərclər və nəqliyyat xərclərinin artması əhalinin şəhəri tərk etməsinə təsir edə bilər. Daha sərfəli və sakit həyat şəraiti axtaran insanlar ətraf rayonlara və kəndlərə köçə bilər.
Kənd təsərrüfatının inkişafı. Əgər hökumət kənd təsərrüfatına və regionların inkişafına daha çox diqqət ayırarsa, kəndlərdə yeni iş yerləri yaransa, insanlar şəhəri tərk edib geri qayıda bilər. Hazırda kənd təsərrüfatı iqtisadiyyatın daha az gəlirli sektoru olduğundan, bu, şəhərdən köçmək istəyənlərin sayını məhdudlaşdıra bilər.
Texnologiya və uzaqdan iş. Rəqəmsal texnologiyaların inkişafı ilə uzaqdan işləmək daha geniş yayılır. Bu, bəzi insanlar üçün şəhərdən kənarda yaşamağı cəlbedici edə bilər, çünki şəhərin təklif etdiyi iş imkanlarına fiziki olaraq yaxın olmaq vacib deyil.
Urbanizasiya mədəniyyəti. Bakı yalnız iş imkanlarına görə yox, həm də mədəniyyət, təhsil və səhiyyə xidmətləri kimi şəhər üstünlükləri ilə cazibədardır. İnsanlar şəhər həyatından tamamilə imtina etmək istəməyə bilər, xüsusən də kənd və rayonlarda bu xidmətlərin keyfiyyəti aşağı səviyyədədirsə.
Siyasət və təşviqlər. Hökumət əgər bölgələrə köçü təşviq etmək üçün xüsusi proqramlar (məsələn, kəndlərdə evlərin subsidiya ilə satılması, kreditlərin təklif edilməsi və ya vergi güzəştləri) yaratsa, bu, əhalinin şəhərdən kənara köçməsini sürətləndirə bilər.
Beləliklə, Bakıda deurbanizasiya tamamilə mümkün görünür, lakin bu proses əsasən iqtisadi, sosial və siyasi amillərdən asılıdır. Hazırda Bakının bahalaşması müəyyən bir təbəqəni şəhəri tərk etməyə məcbur edə bilər, lakin bu, daha çox Bakı ətrafındakı qəsəbələrə köç kimi özünü göstərə bilər, tamamilə kənd həyatına keçid kimi deyil.
Uzunmüddətli perspektivdə isə balanslı regional inkişaf və kəndlərdə həyat şəraitinin yaxşılaşdırılması deurbanizasiyanı daha real edə bilər.
Vüqar Bayramov
Mövzu ilə bağlı millət vəkili, iqtisadçı alim Vüqar Bayramov “Yeni Müsavat”a danışıb. Millət vəkili qeyd edib ki, urbanizasiya prosesi əksər ölkələrdə müşahidə edilir: “Vətəndaşların iri şəhərlərə daha çox meyilli olması bu gün nəinki inkişaf etməkdə olan, həmçinin inkişaf etmiş ölkələrdə də müşahidə edilən bir tendensiyadır. Amma təbii ki, xüsusən də bölgələrə daha çox vətəndaşın üz tutması və ya bölgələrdə qalıb yaşaması urbanizasiya prosesinin ləngiməsi baxımından vacibdir. Yəni deurbanizasiya prosesi həm də iqtisadiyyatın balanslı inkişafı baxımından çox vacibdir”.
Vüqar Bayramov qeyd edib ki, bir neçə əsas məqam var ki, onlar deurbanizasiya prosesinə dəstək ola bilər: “Onlardan ən vaciblərindən biri bölgələrdə ixtisaslı kadrların işlə təminatının genişlənməsi və daha çox ixtisaslı kadrlar üçün iş yerlərinin yaradılmasıdır. Çünki bu, nəticə etibarilə ixtisaslı kadrların bölgələrdə yaşamasına, deurbanizasiya prosesinin genişlənməsinə və urbanizasiya prosesinin səngiməsinə səbəb ola bilər.
Eyni zamanda sosial xidmətlərə çıxışın genişləndirilməsi və sosial xidmətlərin miqyasının artırılması da deurbanizasiya prosesi baxımından vacibdir. Çünki müşahidələr göstərir ki, urbanizasiya prosesi təkcə sosial səbəblər deyil, həm də yeni xidmətlərə çıxış imkanları və infrastruktur kimi amillərlə bağlıdır. Bu baxımdan, sosial xidmətlərin inkişafı, fərqli sektorlara sərmayənin bölgələrə cəlb edilməsi və müxtəlif xidmətlərin təklif edilməsi mümkün ola bilər. Bu da, nəticə etibarilə, deurbanizasiya prosesinin genişlənməsinə və urbanizasiya prosesinin ləngiməsinə səbəb ola bilər".
Natiq Cəfərli
İqtisadçı ekspert Natiq Cəfərli isə qeyd edib: “Bakı əhalisinin təbii yolla azalmasının yeganə yolu regionları inkişaf etdirməkdir. Bunun başqa yolu yoxdur. Bütün iqtisadi, sosial və mədəni infrastruktur və fürsətlər Bakıda cəmləşibsə, Bakının əhalisi artmağa davam edəcək. Bunun qarşısını almaq üçün böyük bir fürsət yaranıb: işğaldan azad edilmiş torpaqlara köçün düzgün, dürüst və məntiqli təşkili Bakının da deurbanizasiyasına ciddi təsir göstərə bilən amillərdən biri ola bilər.
Bunun üçün nə lazımdır? İqtisadi, mədəni və sosial infrastrukturun, eləcə də fürsətlərin regionlara paylanması tələb olunur. Burada dövlətin görməli olduğu çoxlu işlər var. Məsələn, bəzi dövlət və hökumət idarələrinin Bakı şəhərində qalmasına ehtiyac yoxdur. Kənd Təsərrüfatı Nazirliyi, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və digər bəzi nazirliklərin Bakıda yerləşməsinə ehtiyac varmı? Onların regionlara köçürülməsi ilə həmin ərazilərdə canlanma yarada, iqtisadi fürsətləri artıra bilərik.
Eyni zamanda universitetlərin regionlara köçürülməsi və ya yenilərinin açılması, müəssisələrin yaradılması, yeni ideyaların həyata keçirilməsi və yeni milyonluq şəhər konsepsiyasının inkişaf etdirilməsi də vacibdir.
Yəni 10 milyonluq ölkədə cəmi 1 milyonluq şəhər - Bakı var, özü də əhalinin az qala 40%-i Bakıda yaşayır. Belə olmaz. Ona görə də bu problemin həlli üçün yeni bir proqram, məntiqi yanaşma və iqtisadi, sosial və mədəni fürsətlərin regionlara yayılması tələb olunur. Bu şəraitdə bu işi həyata keçirmək mümkündür".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ