İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Aşqabad-Ankara “üçlüyü”nə Rusiyadan şok təhdid

Xəzərdən qaz kəməri çəkilişinə izn verilməyəcək?; İlham Şaban: “Xəzərin hüquqi statusunun buna imkan verməməsi manipulyasiyadır”

Türkmən qazının Avropaya nəqli uzun müddətdir müzakirə olunur, lakin gözəgörünən irəliləyiş yox idi. Avropanın Rusiya qazına alternativ tapmaq istəyi maksimum həddə çatdığından  təşəbbüsün reallaşma şansları artıb. Bəzi rusiyalı ekspertlərin fikrincə, Türkiyə-Azərbaycan-Türkmənistan liderləri potensial investorların diqqətini cəlb etmək üçün sadəcə informasiya dalğası yaradırdılar. Bugünlərdə reallaşan zirvə görüşünə hazırlıq da uzun və hərtərəfli aparılıb.

Görüş region ölkələrinin həm siyasi, həm də iqtisadi birliyinə işarə edən tədbirlər silsiləsinin davamı idi: Səmərqənddə Türk Dövlətləri Təşkilatının sammiti; Qazaxıstan, Türkiyə, Azərbaycan və Gürcüstanın xarici işlər və nəqliyyat nazirlərinin Aktauda görüşü (Xəzər dənizi vasitəsilə yüklərin tranziti sxemləri müzakirə olunmuşdu); Mərkəzi Asiya-Avropa İttifaqı görüşü zamanı Xosep Borrelin Türkmənistan xarici işlər nazirinin müavini ilə görüşü. Avazada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara, Brüssel, Bakı və Aşqabadda qarşıya qoyulan iddialı vəzifəni mümkün qədər aydın şəkildə ifadə etdi.

Xəzər dənizi üzərindən qaz kəmərinin çəkilməsi ideyası nəzəri cəhətdən mümkündür. Üstəlik, 2018-ci ildə imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya təsdiqləmə prosedurunu bir qədər asanlaşdırır. Bu layihənin birbaşa aidiyyəti olmayan Rusiya, İran və Qazaxıstan yalnız ekoloji arqumentlər irəli sürə bilər, veto tətbiq etmə hüququ isə yoxdur.

Azərbaycan, Türkiyə və Türkmənistanın Dövlət Başçılarının Birinci Zirvə  Görüşü başlayıb

 

Mərkəzi Asiya üzrə rusiyalı ekspert Andrey Kazantsev hesab edir ki, layihənin həyata keçirilməsi üçün “texniki və iqtisadi maneə” olmasa da, siyasi maneələr var: “Ərdoğan basqın taktikasından istifadə edir. Əvvəlcə o bəyanat verir, sonra kimin və necə reaksiya verdiyini müşahidə edir. Əgər kiçik interkonnektor tikilsə, böyük boru kəməri üçün investor dərhal tapıla bilər. Üstəlik, indi Avropada Rusiyadan gəlməyən qaza tələbat böyükdür. Bundan sonra Ərdoğan Moskvaya gəlib Putinlə hər şeyi müzakirə edə bilər, həm də uğurla. Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev diqqəti onun üçün ən vacib olan digər nəqliyyat marşrutlarına yönəltməyə çalışıb. Hazırda Zəngəzur dəhlizinin yaradılması üzrə fəal iş aparıldığını, dəhlizin Azərbaycan hissəsində dəmir yolunda görülən işlərin 40 faizinin, yolun tikintisi üzrə işlərin isə 70 faizinin bitdiyini qeyd edib. Bütün işlərin 2024-cü ildə yekunlaşacağını və nəticədə yeni nəqliyyat dəhlizinin yaradılacağını bildirib. Zəngəzur dəhlizi ideyasının Ermənistanı narahat etdiyini isə qeyd etməyi lazım bilməyib. Bundan əlavə, cənab Əliyevin sözlərinə görə, Azərbaycan mövcud Bakı-Tiflis-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətini 1 milyon tondan 5 milyona çatdırmaq üçün ona əlavə olaraq 100 milyon dollar sərmayə qoymaq niyyətindədir”.

Dekabrın 14-də Türkmənistan təbii qazının Azərbaycan və Türkiyə vasitəsilə Avropaya nəqli ilə bağlı Türkmənistan, Azərbaycan və Türkiyə liderlərinin ilk sammitindən sonra energetika sahəsində birgə əməkdaşlığa dair bəyannamə imzalanmasına Rusiyadan qıcıqlı reaksiya gecikməyib. Belə ki, Federasiya Şurasında Həştərxan vilayətini təmsil edən senator Aleksandr Başkin bildirib ki, Rusiya Xəzərin dibi ilə Türkmənistandan Azərbaycana qaz kəmərinin çəkilməsinə icazə verməyəcək. Rusiyalı senator bunu dənizin statusu haqda hüquqi konvensiya ilə əsaslandırıb. Moskva ənənəvi olaraq türkmən qazının Avropa bazarına çıxmasına qarşı çıxır çünki bu, “Qazprom”un “Köhnə qitə”də inhisarçı mövqeyini zəiflədə bilər. Lakin məlumdur ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədən sonra Avropa Rusiya qazından asılılığı azaltmağın, gələcəkdə isə ondan tamamilə imtina etməyin yollarını axtarır. Bu kontekstdə Azərbaycan və Türkmənistan təbii ki, alternativ mənbələr sırasındadır.

Bakı artıq bu ilin iyulunda 2027-ci ildən Avropaya illik qaz ixracını iki dəfə artıraraq 20 milyard kubmetrə çatdırmaq haqda Avropa Birliyi ilə bəyannamə imzalayıb. Eyni zamanda Türkmənistan qazının Azərbaycan ərazisindən keçməklə Avropaya nəqli ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Bəzi Qərb ekspertləri sevinclə əllərini ovuşduraraq deyirlər ki, bu, Avropanı Rusiya qazından asılılıqdan xilas etməyin açarıdır. Xəzərin statusu haqqında sənədə əsasən, ekoloji təhlükəsizlik sahəsində həssas layihələrin həyata keçirilməsinə razılıq bütün Xəzəryanı dövlətlər tərəfindən verilməlidir. Qaz kəmərinin sualtı hissəsinin dənizinin ekoloji təhlükəsizliyinə mümkün təhlükə səbəbindən Rusiya onun tikintisinə razılıq verə bilməyəcək", - rusiyalı senator yazıb.

Bununla belə, Başkin əlavə edir ki, “dost” Türkmənistanın Moskvanın Xəzərdən qaz kəmərinin çəkilməsinə icazə verməməsindən narahat olmasına ehtiyac yoxdur. Çünki Rusiya, Hindistan və Çin bu ölkədə hasil edilən istənilən həcmdə qazı almağa hazırdır.

Doğrudanmı, Rusiya Xəzərin hüquqi statusu haqda Konvensiyanı əsas götürüb qaz kəmərinin inşasına imkan verməyə bilər, yoxsa Kreml hansısa siyasi “bazarlığa” ümid edir?

İlham Şaban: “Çindən gələn xəbərlər bazara daha ciddi təsir edir”

İlham Şaban 

Enerji məsələləri üzrə ekspert, “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, 2018-ci ilin avqustunda Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya imzalananda Xəzəryanı ölkələr arasında Xəzər dənizi üzərindən magistral neft, qaz və su kəmərlərinin çəkilə biləcəyi qeyd olunub: “Sənədə əsasən bu kəmərlərin keçdiyi sektorların aid olduğu ölkələr arasında razılıq olmalıdır.  Xəzərin ekologiyasına zərər vurmamaq üçün bütün ölkələr layihələri təsdiq etməlidir. Xəzərin hüquqi statusunun buna imkan verməməsi manipulyasiyadır. Rusiyanın Hindistan, Çin və Türkmənistanda hasil edilən istənilən həcmdə qazı almağa hazır olması ilə bağlı açıqlama isə gözə kül üfürməkdir. 2007-2009-cu illərə nəzər yetirsək, Rusiya ilk il ərzində Türkmənistandan pik həddə  - 50 milyard kub metr qaz idxal edirdi. 2009-cu ilin dekabr ayında Türkmənistan qazı Çinə satılmağa başladı. Bundan sonra Rusiya və Türkmənistan arasında qaz ticarətində münasibətlər soyudu. Nəticədə Rusiya get-gedə qazın həcmini azaltdı. Türkmənistan-Rusiya qaz xəttində "texniki nasazlıq" səbəbi ilə partlayış baş verdi. Nəticədə türkmən qazından birdəfəlik imtina etdi. Qazın idxalı bərpa edildikdən sonra 10 il öncəkindən təxminən 10 dəfə az həcm qeydə alınır. Çinə isə 35 milyard kub/metr qaz ixrac edilir. Türkmənistanın qaz ehtiyatları çox böyükdür. Ara-sıra Qərbə qaz ixracında maraqlı olmaqla bağlı bəyanatlar verilir. Rusiya isə Türkmənistanı fikrindən daşındırmaq istəyir. Azərbaycan, Qazaxıstan və Türkmənistan yarandıqdan sonra Rusiya İranla birgə məhz Xəzərin hüquqi Konvensiyasının yenidən işlənməsi adı ilə cidd-cəhdlə Xəzərin sağ sahilindəki Qazaxıstan və Türkmənistanın  enerji resurslarının Rusiyadan və İrandan yan keçməklə böyük həcmdə Qərbə çıxmasının qarşısını almaq məqsədi güdürdülər və görünən odur ki, istəklərinə nail olublar. Sanksiyalar altında olan Rusiyanın və İranın əsas məqsədi Qərblə siyasi “alver” etməkdir. Mesaj bəllidir - Qazaxıstanın nefti və Türkmənistanın qazını əldə etmək istəyirsinizsə, sanksiyaları ləğv etməli, ya da yumşaltmalısınız, itkiləri kompensasiya etməlisiniz və s. Uzaqmənzilli raketlər, postsovet məkanında siyasi təsirlərlə maraqlarına uyğun divident əldə etmək istəyirlər. BMT-də səsvermə hüququm var, məhsulu baha qiymətə satıram yanaşması qəbuledilməzdir. BMT-də hər ölkənin bir səsvermə haqqı var. Dövlətlər inkişaf səviyyəsinə, hərbi gücünə, söz sahibliyinə görə  kateqoriyalara bölünürlər ki, bu dövlətlər dünya siyasətini müəyyənləşdirir, korrektələr edirlər. İctimaiyyətə bir cür təqdim olunan, reallıqda isə bazarın bölüşdürülməsi prosesi gedir. Tarixi kontekstdən yanaşdıqda adətən müharibələrdən sonra qaydalar qoyulur. Rusiya-Ukrayna müharibəsi də bu baxımdan bir mərhələ təşkil edir. Dünya ölkələrinin maraqları İkinci Dünya müharibəsindən sonra razılaşdırılmış bölgülərlə üst-üstə düşmür. Buna görə Rusiya ilə kollektiv Qərb arasında Ukrayna hərbi münaqişədir, Çinlə isə illər öncə başlamış ticari müharibələrdir. Təbii ki, müəyyən razılaşdırmalar əldə ediləcək.  Azərbaycan kimi kiçik ölkələr böyük güc sahiblərinin davası arasında maraqlarını kifayət qədər çevik hərəkət etdirməyə və bir tərəfin uduzması, nəticədə yaranan zərbədən sonra “meteorit” dalğası altına düşməməyə çalışmalıdır, çünki imkanlarımız kifayət qədər məhduddur". 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR