İnsanlara hürriyət, millətlərə istiqlal!

Bahalaşma şadlıq saraylarını da “vurdu”

Məhərrəmlik bitdi, toylar başlayır - qiymətlər...

Bu gün Hicri-qəməri təqviminə görə, Məhərrəmliyin son ayı olan Səfər ayı bitir. Bu isə Azərbaycanda toy mərasimlərinə davam anlamına gəlir. Ailə qurmağa hazırlaşan cütlükləri maraqlandıran əsas məsələlərdən biri də şadlıq saraylarının mövcud menyu qiymətləridir. Bakıda menyusu 65 manatdan tutmuş 450 manata qədər xidmət təklif edən şadlıq evlərinə rast gəlinir. Qiymətlərin formalaşmasına isə müxtəlif amillər təsir göstərir.

Musavat.com-un əməkdaşı Bakının ən bahalı və müştəriləri çox olan şadlıq evlərinə zəng edib qiymətlərlə maraqlanıb. 

İlk olaraq “Neolit Hall” şadlıq sarayı ilə əlaqə saxladıq. Şadlıq sarayından bildirildi ki, 5 zal var. Qiymətlər zala görə dəyişir. Menyunun qiyməti 130-160 -250 manat arası dəyişir. Sifarişlər isə çoxdur. Restorandan bununla bağlı sualımıza “heç boş yer var ki?”, - deyə cavab verildi.

750 nəfərlik qonağı qarşılamağa hazır olan “Grand Neon”da menyu qiymətləri 65 manatdan başlayır. Bu şadlıq evinin ən bahalı menyusu 210 manat təşkil edir.

500 nəfərədək qonağa xidmət göstərən “Mona liza”da isə qiymətlər 80-110-140 manat aralığında dəyişir.

600 nəfərlik zalla xidmət göstərən “Alp Saray”da qiymətlər 90-120-160 manat aralığındadır.

“Çıraq Palace” şadlıq sarayında qonaqlar üçün 650 nəfərlik zal mövcuddur. Burada qiymətlər 65 manatdan başlayaraq 85-100-120 manata qədər çıxır. Şadlıq sarayından bildirilib ki, orada daha çox keyfiyyətə üstünlük verilir. 

“650 nəfərlik zalımız var. Qonaqları rahatlıqla, ara məsafəsi ilə yerləşdirə bilirik.  Bizim üçün məmnuniyyət və keyfiyyət vacibdir”. 

“Böyük saray”da qonaqların sayı 500 nəfərdən çox olarsa, 200 manatlıq menyu qiyməti tapmaq olar. 300 və 800 nəfərlik zallara malik olan sarayda ən bahalı menyu qiyməti 400 manat təşkil edir.

Paytaxtın ən bahalı şadlıq saraylarından biri də “Sapfir saray”dır. 650 nəfərlik tutumu olan sarayda ən ucuz menyu qiyməti 120, 160 manat, ən bahalı menyu qiyməti isə 450 manatdır. Bundan əlavə, toy sahiblərinin istəyinə uyğun olaraq burada 180-200-250-320 manatlıq menyu qiymətləri də təklif olunur.

“Niel” şadlıq sarayında  menyu qiymətləri 100-160 manat arası dəyişir. Saraydan bildirilib ki, ərzaqların bahalaşması menyu qiymətlərinin artmasına səbəb olub. 

“Əvvəllər qoyun ətini 15 manata alırdıqsa, indi 20 manat 50 qəpikdir. Bizim sarayda toyuq, kolbasa verilmir. Balığın müxtəlif çeşidlərini təklif edirik ki, bu da qiymətlərə təsir edir. Yerlərimiz doludur, sifarişlərimiz var. 

“Buta Palace”da da menyu qiymətləri zala görə dəyişir. Kiçik zala 140 manat, böyük zala isə 270 manat ödəyə bilərsiniz. 

700 nəfərlik qonağı qarşılaya bilən “Ay İşığı” şadlıq sarayında isə qiymətlər 100-120-150-200 manat aralığında dəyişir.

Ekspert: “Dönərxanalar mənşəyi bilinməyən ətlərdən istifadə edir” -  17.09.2020, Sputnik Azərbaycan

Eyyub Hüseynov

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Musavat.com-a açıqlamasında bildirib ki, şadlıq sarayları pərakəndə qurum deyil. Bir-biri ilə əlaqəsi olan qurumdur. Onlar çox asanlıqla qiymətləri müəyyən edirlər: “Qiymət tələb və təklifə görə müəyyənləşir. Hazırda tələb təklifi üstələyir. Nə qədər ki, valideynlər "övladımın universitetə daxil olmasını görəydim" demir, əvəzində toyunu görməsini arzulayırsa və insanlar primitiv düşüncə ilə yaşayırlarsa, bu biznes inkişaf edəcək. Mən musiqiçilər, bu sahənin adamları ilə çox söhbət etmişəm.  

Şadlıq sarayında toy etmək istəyən insan elə bilir ki, müqavilə bağladısa, şadlıq sarayının sahibi ondan ötrü əl-ayaqdan gedəcək, ona yaxşı bir toy edəcək. Ancaq anlamırlar ki, hər bir saniyə ona hesablanıb ki, insanlar restorandan tez çıxıb getsinlər. Otağın temperaturu, akustikanın olmaması, ofisiantların hərəkətləri bunu deməyə əsas verir. Hər şey insanların maddi baxımdan soyulmasına yönəlib. Dəfələrlə ev yiyələri bizə şikayət edib, pul qaytartmışıq. Bu məsələ artıq insanların şüuruna oturub.  Bir dəfə şadlıq saraylarından birinə getdim. Dəhşətə gəldim. Dedim, ilahi, bu layihəni kim düşünüb. Haradan biliblər ki, insanlar belə şeyə aludədirlər. Orada vətəndaşlara it əti də versəydilər, yeyərdilər. N sayda insan hansısa müğənniyə qulaq asmaq üçün zala dolmuşdu.

Mənə elə gəlir ki, müasir çadır toyları bərpa olunmalıdır. Açıq havada toya keçmək lazımdır. Əks halda, restoranlar onları soyacaq, zəhərləyəcək. Restoranlarda istehlakçıların hüquqları tamamilə pozulur".

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR