İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bağça müəllimlərinin qəbulu qeyri-şəffaf aparılıb” - təhsil eksperti

Bir qrup bağça müəllimi maaşlarının azaldılmasından və ixtisas dərəcəsinin aaşağı salınmasından şikayətçidir.

Musavat.com xəbər verir ki, onlar qeyri-ixtisaslı müəllimlərin işdən kənarlaşdırılmasını absurd hesab edirlər. Bildirilir ki, ixtisas dərəcəsinin 14-cü dərəcədən 10-cu dərəcəyə endirilməsi yolverilməz və qanunsuzdur. Məlumata görə, müəllimlərin maaşı 76-100 manat arasında kəsilib.

Təhsil eksperti Adil Vəliyev Musavat.com-a açıqlamasında qeyd etdi ki, yeni qaydaların müsbət tərəfləri də var. Ekspert bağçalarda bəzi müəllimlərin kobud rəftarına diqqət çəkərək bildirdi ki, bu vəziyyətin qarşısını almaq üçün bağçaların Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi müsbət qərardır: “Digər tərəfdən statistikadan göründüyü kimi, bağça müəllimlərinin yarıdan çoxu müvafiq ixtisasa yiyələnməyib. Əvvəlki illərdə qəbul başqa formada, qeyri-şəffaf aparılıb. Yeni qaydalara əsasən bu ixtisasa yaxın ixtisasları bitirənlər imtahan verməklə tərbiyəçi kimi çalışa bilərlər”.

Ekspert hesab edir ki, təcrübə amilini gözardı etmək olmaz: “Elm və Təhsil Nazirliyi ixtisas ilə yanaşı, illərin təcrübəsini nəzərə almalıdır. Azərbaycan əmək bazarında ixtisası üzrə çalışmayan kifayət qədər insan var ki, işini yüksək səviyyədə icra edir. Bu bağça müəllimləri üçün də keçərlidir. Düşünürəm ki, müvafiq ixtisası olmayan müəllimlər test imtahanından keçməsə belə, müsahibə yolu ilə psixoloji vəziyyəti yoxlana, əgər uyğundursa, işləməsinə şərait yaratmaq olar”.

Xatırladaq ki, ötən bir il ərzində məktəbəqədər təhsil müəssisələrində sistemli təkmilləşdirmə işləri aparılıb, işçi heyətin məlumatları elektron bazalarda toplanılıb və təhlillər aparılıb. Elm və Təhsil Nazirliyinin məlumatında bildirilib ki, dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan 11 min 300 nəfər tərbiyəçi-müəllimdən 51%-nin (5800 nəfər) məktəbəqədər təhsil sahəsi üzrə müvafiq ali və ya orta ixtisas təhsili yoxdur. “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli şəxslər tərbiyəçi-müəllim vəzifəsində çalışa bilərlər.

Elm və Təhsil Nazirliyi yaranmış problemin həlli üçün hazırda məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslərə təhsil sənədlərini aidiyyəti quruma təqdim etmək üçün imkan yaradıb. Sözügedən heyət tərəfindən müvafiq ixtisas üzrə təhsil sənədi təqdim edildiyi halda onların əməkhaqqı ödənişinin “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas sorğu kitabçası”na əsasən ödənilməsi həyata keçiriləcək.

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR