İnsanlara hürriyət, millətlərə istiqlal!

Azyaşlıya qarşı zorakılığa görə kim məsuliyyət daşımalıdır- rəylər

Sosial şəbəkələrdə Bakıda azyaşlı oğlanın yeniyetmələr tərəfindən döyülməsi ilə bağlı görüntülər yayılıb. Hadisə iki gün əvvəl - avqustun 2-də qeydə alınıb.  Hələ ki, şəxsiyyətləri məlum olmayan iki şəxs mağazanın qarşısında oturan azyaşlıya şiddət göstərir, daha sonra telefonla çəkirlər. Videodakı danışıqdan bəlli olur ki, bundan sonra uşaq ağlaya-ağlaya evə gedərək hadisəni anasına danışıb və kameralar açdırılıb. Daha sonra 102 “Qaynar xətti”nə müraciət edilib.

Maraqlıdır ki, bütün bunlar insanların gözü qarşısında baş versə də, müdaxilə edən olmur.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, sosial şəbəkələrdə azyaşlılar arasında zorakılığı əks etdirən görüntülərlə bağlı araşdırma aparılıb: “Polis əməkdaşları tərəfindən Xətai rayonu S.Əhmədov küçəsində baş vermiş hadisə üzrə əməli törədən azyaşlılar müəyyən olunublar. Zorakılığa məruz qalan uşaqla bağlı ekspertiza təyin edilib.Ekspertiza rəyindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.Hazırda təhqiqat araşdırmaları davam etdirilir”,-rəsmi məlumatda vurğulanıb.

İntiharların artmasının səbəbi nədir? - PSİXOLOQLARDAN XƏBƏRDARLIQ

Psixoloq İlahə Dadaşova ehtimal edir ki, zorakılıq edən uşaqlar patoloji ailələrin övladlarıdır. Psixoloq “Yeni Müsavat” a açıqlamasında qeyd etdi ki, adətən deviant davranış problemli ailələrin övladlarında ortaya çıxır: “Normal dəyərlər sistemi olan, valideylərin övladlarına diqqət göstərdikləri ailələrdə nadir hallarda problemli davranış olur. Valideynlər övladlarında hər hansı qeyri-adekvat reaksiya müşahidə etsələr, dərhal müdaxilə edirlər. Görüntülərdən bəlli olur ki, iki aqressiv yeniyetmə özünü müdafiə edə bilməyən azyaşlıya qarşı zorakılıq edir. Qeyd edim ki, son zamanlar yeniyetmələr arasında impulsivlik, kəskin davranışlar artıb. Bunun əsas səbəblərindən biri natamam ailələrdir. Boşanmaların sayı sürətlə artıb. Ya atadan, ya da anadan məhrum olan uşaqların bir çoxu aqressiv olur. Yalnız ən kəskin məqamda psixoloqa, yaxud da psixiatra müraciət edilir. O ki qaldı özünü müdafiə edə bilməyən uşağa, onun özünəinamı əskikdir, yaxud avtoritar rejim olan ailənin nümayəndəsidir. Belə olmasa idi, ən azı ətrafdakı insanlardan yardım istəyə bilərdi”.

Psixoloq hesab edir ki, ətrafdakı insanların zorakılığa göz yumması fərdiləşmənin təzahürüdür: “Hər kəs artıq fərdi düşünür.

Kütləvi cəmiyyət düşüncəsi qalmayıb. Kimi ”mənlik deyil" deyir, kimi də xəsarət almaqdan qorxur. Təəssüf ki, özünü yalnız fərd kimi görən, özünü cəmiyyətə aid hesab etməyən şəxslər gələcəkdə cəmiyyətdə uçurum yarada bilərlər. Zorakılıq hallarının qarşısını almaq üçün valideynlər diqqətli olmalı, zamanında peşəkar kömək almalıdırlar. Çöldə deviant davranışa yol verənlər evdə valideyndən qorxanlardır. Odur ki, əgər övlad evdə özünü yaxşı aparırsa, çöldə isə şiddət göstərirsə, valideyn problemin həllində maraqlı olmalıdır. Bu kimi məsələlərə kompleks yanaşılmalıdır. Əgər şiddət göstərən uşaqlar məktəbdən yayınırsa, onların məktəbə getməsini təmin etmək lazımdır. O cümlədən çətin tərbiyə olunan uşaqlar məktəblərdə siyahıya alınmalıdır, onlarla və valideynləri ilə iş aparılmalıdır. Təkcə, psixoloji iş yetərli deyil. Bunun üçün məktəblərə sosial işçilər lazımdır. Eyni zamanda polislər ictimai qaydalarla bağlı məktəblərdə təlimlər, seminarlar keçirə bilərlər".

ExpCTBzWgAISDTj.jpg (28 KB)

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, sosioloq Humay Axundzadə “Yeni Müsavat”a mövzunu belə şərh etdi: “Baş vermiş hadisə ciddi zorakılıq halı kimi dəyərləndirilə bilər. Üstəlik, zorakılıq zəif, müdafiəyə ehtiyacı olan uşağa qarşı yönəlib. Bu hadisə eyni zamanda ictimai xarakter daşıyır. Sözsüz ki, hadisənin təfərrüatlarını araşdırmaq müvafiq hüquq-mühafizə orqanlarının işidir.

Məsələyə sosioloji, eləcə də sosial-psixoloji aspektdən yanaşdıqda iki vacib məqamı qeyd etmək olar. Ətrafdakı insanların müdaxilə etməməsi sosial-psixoloji qanunauyğunluqdur. Kiməsə kömək lazımdırsa, kömək edə biləcək şəxslərin sayı nə qədər çox olursa, kiminsə məsuliyyət götürmə ehtimalı azalır. Burada sosial biganəlik amili önə çıxır. Digər məsələ uşaqlara görə məsuliyyətin kimin üzərində olmasıdır. Bəzən uşaqlara görə məsuliyyətin yalnız valideynlərin, ailənin üzərində olduğu düşünülür. Bəzi hallarda məktəb, tərbiyəçilərin də məsuliyyət daşıdığı qeyd olunur. Bunun özü də neqativ haldır. Uşaqlar cəmiyyətdə dəyər kimi qəbul edilirsə, bu dəyərin qorunması üçün kimliyindən asılı olmayaraq hər kəsdə məsuliyyət hissi olmalıdır. İstənilən halda zorakılıq halları ciddi araşdırılmalıdır”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR