Onlayn ictimai-siyasi qəzet
Sentyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində Cəlilabad rayon sakini Sakit Əlişov və Qəbələ rayon sakini Şahin Quliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək.
Musavat.com xəbər verir ki, hər iki şəxs hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur.
Müttəhimlər Bakıda 11 yaşlı Rauf Abramovu oğurlayaraq kafe sahibi olan atası Rac Abramovdan 200 min manat tələb ediblər. Olay bu il martın 25-də saat 22 radələrində Nəsimi rayonu ərazisində yerləşən kafelərin birində baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilirdi ki, tutulanlar kafe sahibinin başına dəmir parçası ilə xəsarət yetirib, azyaşlı oğlunu zirzəmiyə aparıb stula bağlayıblar. Atasını bıçaqla hədələyib 200 min manat verilməsini tələb ediblər. Sonda 20 min manat müqabilində razılaşmaları barədə polisə məlumat daxil olub. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə pul tələb etmədə şübhəli bilinən Cəlilabad rayon sakini Sakit Əlişov və Qəbələ rayon sakini Şahin Quliyev müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət dosyesi hakim Səbinə Məmmədzadənin sədrliyi ilə araşdırılacaq.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ