Onlayn ictimai-siyasi qəzet
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində övladını dənizdə boğaraq öldürməkdə ittiham olunan Türkiyə vətəndaşı Ahmet Yeşilin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Musavat.com xəbər verir ki, ittihama görə 1984-cü il təvəllüdlü Ahmet Turan Yeşil ağladığı üçün azyaşlı övladını Xəzər dənizinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisindəki sahilinə aparıb.
Qışın günü, martın 31-də baş verən dəhşətli olay zamanı Ahmet Turan Yeşil övladını dənizə ataraq boğulmasına tamaşa edib. Uşaq suda boğulandan sonra Ahmet Yeşil ərazini tərk edib. Bir neçə gün sonra uşağın meyiti dəniz sahilində aşkarlanıb. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma başlanıb. İstintaq zamanı uşağın atası Ahmet Turan Yeşil tərəfindən suya atılaraq boğulmasına şərait yaratması ilə bağlı əsaslı şübhələr yaranıb. Ahmet Turan Yeşil saxlanılıb, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham elan edilib. İttiham təsdiqlənərsə, Ahmet Turan Yeşil 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.
Barəsində istintaq orqanının vəsatəti əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Ahmet Turan Yeşilin cinayət işi hakim Rəşad Əliyevin sədrliyi ilə araşdırılır. Proses avqustun 27-də davam etdiriləcək.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ