İnsanlara hürriyət, millətlərə istiqlal!

AzTV bir il ərzində bu işləri görüb

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC 2022-ci illə bağlı ənənəvi hesabatını yayıb.

QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Musavat.com-a verilən məlumata görə, qurumun nəzdində fəaliyyət göstərən üç televiziya kanalı – AzTV, Mədəniyyət TV və İdman TV-də 2022-ci ildə ümumilikdə 17 adda yeni veriliş yayımlanmağa başlayıb.

Bunlardan 8-i AzTV-nin payına düşür. Yeni verilişlərin sırasında “Hər yer vətəndir”, “45 dəqiqə”, “Günün ortası”, “Xalqın adamı”, “Vətənin səsi” və digərlərini sadalamaq olar.

AzTV-nin Bədii-sənədli filmlər studiyasında 2022-ci ildə 51 bədii-sənədli film istehsal olunub.

Azərbaycan Televiziyası Vətən müharibəsinin ikinci ildönümünə də öz töhfəsini verib. Belə ki, 44 günlük Vətən müharibəsinin ildönümü münasibətilə 69 ədəd videoçarx hazırlanıb və müxtəlif resurslarda paylaşılıb. Bundan başqa, şəhidlərə və qazilərə həsr olunmuş qısametrajlı bədii-sənədli filmlər istehsal olunub.

Rayonlarımızın işğaldan azad olunmasının ikinci ildönümü münasibətilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib.

Azərbaycan Televiziyasının ilboyu hazırladığı videoçarxların ümumi sayı 525-dir. Videoçarxlar maarifləndirici, vətənpərvərlik, sosial və digər sahələri əhatə edir.

Prezident, Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş rayonlara, həmçinin dövlət və rəsmi səfərlərindən hazırlanmış xüsusi buraxılışlar efirə verilib, videoçarxlar hazırlanaraq müxtəlif resurslarda paylaşılıb.

2022-ci ilin yanvar ayından etibarən Azərbaycan Televiziyasının müxbirlərinin Vətən müharibəsi zamanı işğaldan azad edilmiş rayonlarımıza ezam olunması prosesi davam etdirilib, “AzTV Xəbər” proqramının buraxılışlarında həm canlı bağlantılarla, həm də xüsusi buraxılışlarla Qarabağda gedən bərpa-quruculuq işləri haqqında məlumatlar tamaşaçılara çatdırılıb.

2022-ci ildə Mədəniyyət TV-də 8 yeni layihə hazırlanıb və efirə verilib. Yeni verilişlər “Köhnə televizor”, “Çıraq”, “Heykəllər danışsa”, “Saundtrek”, “Yaşananlar”, “Tərəkəmə”, “Görüş”, “Vətən daşı”dır.

2022-ci ildə İdman TV-də isə futbol üzrə dünya çempionatı ilə bağlı xüsusi veriliş hazırlanıb. Həmin veriliş “Qətər-2022” adlanır.

Bundan başqa, il ərzində ölkə əhəmiyyətli məsələlər müxtəlif verilişlərdə müzakirəyə çıxarılıb, həll yolları axtarılıb.

2022-ci il ərzində AzTV-nin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün bir sıra işlər görülüb. Televiziya və radio üçün rəqəmsal operativ arxiv sistemi (200 terabayt), yeni 1 petabayt həcmdə LTO-8 standartlı maqnit-lentli arxiv sistemi yaradılıb. Arxivin idarə edilməsi üçün proqram təminatının tətbiqi, radio efir proqram təminatının yenilənmələri və s. 2022-ci ildə görülən işlərdəndir. Bundan başqa, şəbəkə avadanlıqlarının bir qismi yenilənib, müasir şəbəkə təhlükəsizliyi və idarəetmə sistemi (“firewall”) alınıb. Həmçinin radio kompleksinin tamamilə yenidən qurulmasına start verilib. Bu işlər 2023-cü ildə tamamlanacaq.

Prezident İlham Əliyev 2022-ci ilin may ayının 30-da “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin audiovizual arxiv materiallarının rəqəmsallaşdırılması və vahid bazasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb, işlərin görülməsi üçün Prezidentin ehtiyat fondundan1 milyon manat vəsait ayrılıb.

Sərəncam QSC-yə məxsus AzTV, Mədəniyyət TV, İdman TV, Azərbaycan Radiosu və Beynəlxalq Radionun ümumilikdə bir əsrə yaxın dövr ərzində formalaşmış zəngin audiovizual arxiv materiallarının keyfiyyətli, etibarlı və uzunmüddətli qorunub saxlanması işinin təkmilləşdirilməsi, əksər hissəsi Azərbaycan xalqının maddi-mənəvi sərvətinə çevrilmiş həmin materialların rəqəmsallaşdırılması və vahid bazasının yaradılması məqsədilə imzalanıb.

Hazırda bu istiqamətdə işlər görülür.

Bir çox verilişlərin studiyaları üçün yeni dekorasiyalar tərtib olunub.

2022-ci ildə Azərbaycan Radiosunda 24 yeni layihə istehsal olunub. Hazırda Azərbaycan Radiosunda musiqili-informasiya, ədəbi-bədii, ictimai-siyasi və sosial sahədə 43 veriliş efir fəaliyyətinə davam edir.

2022-ci ilin birinci yarısında Teleradio Akademiyasından 85 müdavim məzun olub. Növbəti tədris ilində müsahibələrdən uğurla keçən 53 müdavim təhsilini davam etdirir.

Cari ildə 138 nəfər QSC-də işlə təmin edilib, 208 nəfər işdən azad edilib. Təqaüd yaşına çataraq işdən azad edilmiş işçilərin sayı isə 49 nəfərdir.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin fəaliyyətinin bölgələrdə yaşayan ictimaiyyət tərəfindən necə qiymətləndirilməsinin öyrənilməsi məqsədilə Analitik qrup üzvləri 11 rayona səfər ediblər. Ümumilikdə 1180 nəfər arasında sorğu keçirilib, hər bir görüşlə bağlı hesabat, sorğu anketinin cavablarına uyğun olaraq reytinq siyahısı hazırlanıb. Hesabatlar ictimaiyyətə açıqlanıb.

Türkiyə Radio Televiziya Qurumu ilə əməkdaşlıq çərçivəsində 2022-ci ildə ərzində təcrübə mübadiləsi proqramı həyata keçirilib. TRT-nin mütəxəssisləri iki dəfə AzTV-də təcrübə mübadiləsi aparıblar, AzTV-nin mütəxəssis heyəti isə iki dəfə TRT-də olub, təlim-təcrübə mübadiləsində iştirak edib. Digər ölkələrin televiziya kanalları ilə də təcrübə mübadiləsi proqramlarının həyata keçirilməsi üçün danışıqlar aparılır.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC 2023-cü ildə də iş keyfiyyətini artırmaq üçün var gücü ilə çalışacaq.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ölkəmizin ən qocaman televiziya və radio qurumudur.

QSC-nin nəzdində hazırda 3 televiziya kanalı – AzTV, Mədəniyyət TV və İdman TV, 2 radio kanalı – Azərbaycan Radiosu və Beynəlxalq Radio, həmçinin media sahəsində mütəxəssis yetişdirən Teleradio Akademiyası fəaliyyət göstərir.

Azərbaycan Radiosu 1926-cı il noyabrın 6-da, Azərbaycan Televiziyası 1956-cı il fevralın 14-də,  İdman TV 2009-cu il fevral ayının 1-də, Mədəniyyət TV isə 2011-ci il fevral ayının 14-də yayıma başlayıb. 2021-ci ildən tv kanalları HD formatında yayımlanır.

QSC-nin dünyada 10-dan çox müxbir məntəqələri fəaliyyət göstərir. 2007-ci ildə Avropaya yayımın texniki səviyyəsinə görə AzTV “Avropa keyfiyyəti” medalına layiq görülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 sentyabr 2019-cu il tarixli sərəncamı ilə Rövşən Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. 2019-cu ildən QSC-də uğurlu islahatlar başlayıb, qurumun nəzdində fəaliyyət göstərən TV kanalları rebrendinq olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR