Onlayn ictimai-siyasi qəzet
“Azərxalça” ASC 16 iyul tarixində 22 İyul Azərbaycan Milli Mətbuat günü münasibəti ilə jurnalistlər üçün “Azərxalça” ASC İsmayıllı emalatxanasına mediatur təşkil edib.
Musavat.com bildirir ki, mediaturda jurnalistlərlə yanaşı “Azərxalça” ASC – nin İdarə Heyətinin sədr müavini Emin Əfəndiyev, İstehsalat direktoru Əlisəfa Nuriyev və mətbuat katibi Xatuna Abdullayeva iştirak edib.
Mediatur zamanı emalatxana ilə tanış olan jurnalistlərə həm də qurumda son zamanlarda baş verən yeniliklər təqdim olunub.
Qeyd olunub ki, qurumda işçilərin rifahı, xalça istehsalatın keyfiyətinin artırılması və satış həcminin yüksəldilməsi üçün islahatlar: emalatxanaların birləşdirilməsi və toxucuların sertifikasiyası davam edir.
“Azərxalça” emalatxanalarının hər birində 150 nəfər toxucunun, 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması üçün yüksək iş şəraiti yaradılıb, onların rahatlığının təmin olunması üçün nəqliyyat vasitəsi ayrılıb. Amma bəzi emalatxanalarda hazırda işçi sayı çox azdır.
Bundan əlavə emalatxanaların bəziləri eyni ərazidə yerləşir, halbuki həmin ərazi üçün bir emalatxananın fəaliyyəti kifayətdir. Əlavə xərclərin, lazımsız israfların, aylıq böyük məbləğli kommunal xərclərin qarşısını almaq məqsədi ilə emalatxanaların fəaliyyətində islahatlar- eyni ərazidə yerləşən, az işçili emalatxanaları daha böyüklərinə birləşdirmək kimi işlər aparılır. Birləşdirilən emalatxanalar sırasında İsmayıllı 1 və İsmayıllı 2 (artıq İsmayıllı emalatxanası), var. Birləşdirilən emalatxananın işçilərinin digər emalatxanaya gedə bilməsi üçün xüsusi avtobuslar ayrılıb. Birləşdirildikdən sonra boş qalan emalatxana dövlətə təslim olunub.
Həmçinin bildirilib ki, regionlarda məşğulluğun artırılmasında, xüsusilə qadınların işə cəlb olunmasında “Azərxalça” ASC-nin özünəməxsus rolu var.
Xalidə Gəray
Musavat.com
20 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ