Onlayn ictimai-siyasi qəzet
Mərkəzi ofisi Berlində yerləşən “intellinews.com” saytında “COMMENT: An Armenia-Azerbaijan ‘peace’ is further away than ever” (ŞƏRH: Ermənistan-Azərbaycan arasındakı gözlənilən “sülh” əvvəlkindən daha uzaqdır) adlı məqalə gedib.
Yazını kanadalı jurnalist Neil Hauer hazırlayıb. O, Cənubi Qafqaz üzrə mütəxəssis hesab olunur. Birmənalı olaraq ermənilərdən yana çıxış edir...
Yazının adına diqqət etdinizmi? Müəllif sübut etməyə çalışır ki, tərəflərin sülhdən uzaqlaşmasının əsas səbəbkarı Azərbaycandır. Neil Hauer öz iddialarını arqumentləsdirmək üçün bir erməni və bir azərbaycanlı ekspertdən yararlanır. Deməli, müəllif ermənipərəstdir, erməni ekspert Ermənistanın maraqlarına istinadən danışır. Azərbaycanlı ekspert isə hər iki şəxsin dediklərinə qüvvət verməklə məşğuldur. Bəs, azərbaycanlı (azərbaycanlımı?) ekspert kimdir? Professor Altay Göyüşov.
Mənzərə belədir: Neil Hauer+Gevorg Melikyan+ Altay Göyüşov səs-səsə verib Azərbaycanı bütün yaramazlıqlarda ittiham edirlər. “ Əslində Azərbaycan hökumətinin istədiyi odur ki, Ermənistan bu dəhliz (Zəngəzur) üzərində, Ermənistan ərazisindən Naxçıvana keçən hər hansı bir şey üzərində heç bir nəzarətə malik olmasın”, – Bakıda fəaliyyət göstərən Bakı Elmi-Tədqiqat İnstitutunun rəhbəri Altay Göyüşov deyir. “Düşünürəm ki, bu, Azərbaycan üçün ən vacib şeydir, lakin eyni zamanda, tək şey deyil. Azərbaycan sülh sazişindən yayınmaq üçün müxtəlif bəhanələrdən istifadə edir. Belə ki, Ermənistan konstitusiyasında dəyişiklik tələb edir, eksklavların qaytarılmasını tələb edir və sair. Bütün bu ünsürlər erməni tərəfinə təzyiq göstərmək üçün birləşdirilib”.
Soldan sağa: Neil Hauer, Gevorg Melikyan, Altay Göyüşov
Hörmətli professor birmənalı şəkildə deyir ki, Azərbaycanın ucbatından sülh müqaviləsi imzalanmır. Yəni Zəngəzur dəhlizində təkid etmək olmaz. Ermənistan konstitusiyasında mövcud olan Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları boş şeydir. Eksklavları geri istəməklə də Azərbaycan yaxşı iş görmür. Rəsmi Bakı 8 kəndə görə ermənilərin xətrinə niyə dəyir ki?
Göyüşov hesab edir ki, İlham Əliyevin səsləndirdiyi bu cür bəyanatların başqa bir izahı daxili auditoriya ilə bağlıdır. Bu, Əliyevin legitimliyinin əhali arasında möhkəmləndirmək cəhdidir, eyni zamanda bu, növbəti hərbi əməliyyatların mümkünlüyünü də istisna etmir.
Məqalədə daha sonra oxuyuruq: ”Şübhə yoxdur ki, bu kim söhbətlərdə erməni tərəfinə təzyiq göstərən bəzi elementləri var”, Göyüşov deyir. “Ancaq ən vacibi daxili auditoriyadır. Birincisi, cəmiyyəti istiqamətləndirib diqqəti xarici düşmənə, yəni Ermənistana yönəltməkdir. Əliyev üçün cəmiyyəti yeganə uğuru olan Qarabağ müharibəsi ətrafında canlandırmaq vacibdir. Bu, həm də Birinci Cümhuriyyətin (Azərbaycan, 1918-20) rəhbərlərinə qarşı bir növ rəqabətdir, onların çoxlu səhvlərə yol verdiklərini söyləməklə onların nailiyyətlərini aşağı salmaqdır. Ona görə də Əliyev hətta bir çıxışında deyir ki, Heydər (Əliyevin atası) hakimiyyətə gəldikdən sonra (1969-cu ildə) səhvlərə yol verilmədi”, Göyüşov deyir”...
Sayın professor bu fikirləri ilə isə quşu lap gözündən vurur.
Diqqət edin: “O, diktatordur və diktatorlar gözlənilməz addımlar ata bilərlər”,
Göyüşov deyir. “Onlar ehtiyatsız qərarlar verə bilərlər. Nəzərə almaq lazımdır ki, bunun ümumən ictimaiyyətə necə təsir göstərəcəyi maraqlıdır, Azərbaycanda insanlar soruşurlar ki, İrəvan bizim şəhərdirsə, niyə biz onu azad etmirik?” o deyir.
Tarix professorumuz İlham Əliyevi yalançı çıxarır. Sən demə, cənab prezident İrəvanı Azərbaycan torpağı adlandırmaqla tarixi təhrif edib. Fikir verin, bunu özü də tarix professoru deyir. Yəni adam bilə-bilə öz xalqının tarixini inkar edir. Dolayısı ilə deyir ki, İlham Əliyevin söhbət açdığı İrəvan xanlığı əfsanə söhbətdir.
Altay Göyüşovun İlham Əliyevə patoloji nifrəti var. Müxalifətdə belələri çoxdur. Onlarla işim yox. Kim kimi sevir, kimə nifrət edir, özü bilər. Problem ondadır ki, Altay Göyüşov İlham Əliyevə olan sonsuz nifrəti üzərindən Azərbaycanın dövlət maraqlarını keçi qiymətinə ermənilərə peşkəş edir. Bəlkə də Altay Göyüşöv özünü patriot sayır. Ancaq mənim nəzərimdə o, vətən xaindən başqa bir şey deyil...
Sənin adın Altaydır. Heç olmasa öz adından utan. Qos-qoca türk adını daşıyan adam axı niyə erməniyə nökərçilik etməlidir ki?...
Hələ sonrasına diqqət edin. Bakı Dövlət Universitetində mühazirə oxuyan Göyüşov deyir ki, “Azərbaycanda insanlar, xüsusən də gənclər bu saxtalaşdirilmiş tarixə inanırlar”. “Məsələn, mən Səlib yürüşləri haqqında dərs deyəndə və onların Ermənistanla qarşılıqlı əlaqəsini dilə gətirəndə tələbələr ayağa qalxıb bunun necə mümkün olduğunu soruşurlar. Deyirlər ki, orta əsrlərdə ermənilər burada (Cənubi Qafqazda) yaşamayıblar, erməniləri Rusiya imperiyası bizim torpaqlarda məskunlaşdırıb. Bu irredentist (irredentizm - keçmişindən "itirilmiş" (və ya "oğurlanmış") hesab etdiyi əraziləri, torpaq iddiası / bərpası və işğal etmək yolu ilə ölkəsinə qatmaq niyyəti güdən siyasii düşüncə. E,H) iddiaları bu qədər təhlükəli və gözlənilməz edən də budur”, Göyüşov deyir...
Cənab tarix professoru deyir ki, orta əsrlərdə Cənubi Qafqazda Ermənistan dövləti vardı. Yəni ermənilərin Cənubi Qafqaza Rusiya imperiyası tərəfindən kütləvi şəkildə köçürülməsi də Azərbaycan tarixçilərinin uydurmasıdır.
Nə bilim, vallah. Məşhur erməni əsilli tədqiqatçı Filip Ekozyans gecə-gündüz ermənilərə deyir ki, özü də elmi mənbələrə istinadən, ermənilərin və Qərbin ermənilər üçün uydurduğu tarixə inanmayın. Erməni xalqı yalanın yox, həqiqətin dalınca getməlidir. Bizim professor isə buyurur ki, ermənilərin uydurulmuş tarixi həqiqi tarixdir, bizim ermənilər haqqında dediklərimiz isə başdan ayağa yalandır...
Mən hamıdan üzr istəyərək tarixçi professora demək istəyirəm ki, Qərbdən aldığın qrantlara görə, yəni pula görə Azərbaycana bu qədər iftira atmaq olmaz. Sənin kimilərin ucbatından Azərbaycan torpaqları 30 il işğal altında qaldı. Yaramazlığın da bir həddi-hüdudu var axı. Sən artıq ölçü hissini tamamilə itirərək sonsuzluğa yuvarlanmısan...
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ