Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun Qazaxıstana səfərini işıqlandırarkən və aprelin 24-də Oksford Universitetinin Qazaxıstan Təhsil Nazirliyinin müxtəlif struktur bölmələri ilə birgə fəaliyyəti haqqında sazişin imzalanması barədə reportaj hazırlayarkən haqqin.az saytının redaktoruna məlum oldu ki, Oksford Universitetinin rəhbərliyi adından rəsmi müqaviləni... Leyla xanım Nəcəfzadə imzalayıb.
Haqqin.az saytının əməkdaşı həmyerlimizlə əlaqə saxlayıb, bütün lazımi dəqiqləşdirmələri edib.
Musavat.com mövzunun əhəmiyyətini nəzərə alaraq müsahibəni oxucularına təqdim edir:
Leyla Nəcəfzadə Devid Kemeronun nümayəndə heyətində
- Leyla xanım, açığını desəm, həmyerlimizi Böyük Britaniyanın xarici işlər nazirinin rəsmi nümayəndə heyətinin tərkibində görməkdən nəinki təəccübləndik, hətta inanılmaz dərəcədə məmnun olduq...
- İnanın, bu mənim üçün ən yüksək şərəfdir. Mən çox qürur duyuram ki, xaricdə Azərbaycan dövlət proqramının təqaüdçüsü kimi dünyanın ən qədim universitetlərindən birində - Oksford Universitetində təhsil almaq üçün ölkəmin dəstəyini aldım və burada ilk mərhələdə müəllim kimi çalışmışam. Ön Azərbaycan dili müəllimi kimi, indi isə digər türk dillərinin öyrənilməsinə tam dəstək vermək imkanım yaranıb.
Xüsusilə qeyd etmək istərdim ki, Oksford Universiteti təkcə Böyük Britaniyada deyil, bütün Avropada “Bir Söz” proqramı çərçivəsində türk dillərinin öyrənilməsi ilə ciddi məşğul olan ilk ali təhsil ocağı oldu.
- Necə oldu ki, nazir Devid Kemeronun nümayəndə heyətinə daxil oldunuz?
- Oksford Universitetinin rəhbərliyinin tövsiyəsi ilə. Çünki nazir Kemeronun səfər proqramına Londonun Wolfson College ilə Anlaşma Memorandumunun imzalanması, o cümlədən Oksford Universitetində qazax dili, mədəniyyəti və tarixinin daha da öyrənilməsinə dəstək məqsədilə “Bir Söz” təşəbbüsümüz çərçivəsində əməkdaşlıq daxildir.
- Proqramınız konkret olaraq nə verəcək?
- Bu, aparıcı Oksford dilçilərinə qazax həmkarları ilə birlikdə qazax dilinin öyrənilməsi proqramı üçün uyğunlaşdırılmış tədris materialları toplusunu hazırlamağa imkan verəcək. Bu əməkdaşlığın Oksfordda Mərkəzi Asiya dilçilik və mədəniyyətşünaslığının inkişafına töhfə verməklə yanaşı, Böyük Britaniya və Qazaxıstan arasında akademik nailiyyətlərin və mədəni biliklərin mübadiləsi üçün platforma yaradacağı nəzərdə tutulur. Bu təşəbbüs təhsil vasitəsilə müxtəlifliyi, inklüzivliyi və mədəniyyətlərarası dialoqu təşviq edən Oksford Universitetinin birləşdirici halqası olan qlobal akademik birliyin inkişafı istiqamətində çox mühüm addımdır.
- Leyla xanım, təşəbbüsünüz niyə Qazaxıstandan başladı?
- Mən səmimi qəlbdən inanıram ki, Qazaxıstanın böyük gələcəyi var. Mən bir azərbaycanlı və türk xalqlarının mehriban ailəsinin nümayəndəsi kimi bu layihədə iştirak etməkdən ikiqat məmnunam. Nəhayət, əcdadlarımızı birləşdirən məhz “BİR SÖZ” anlayışıdır.
Fikrimcə, bu, Oksford Universitetinin Mərkəzi Asiyaşünaslıq sahəsində akademik imkanlarını genişləndirmək öhdəliyini vurğulayan tarixi hadisədir. Xüsusilə vurğulamaq istərdim ki, “Bir söz” proqramı Oksfordun akademik ictimaiyyəti, eləcə də Qazaxıstanın dilçi alimləri arasında böyük ruh yüksəkliyi ilə qarşılanıb.
- Bu, həqiqətən təsir edicidir...
- Fürsətdən istifadə edərək, Azərbaycan Prezidenti cənab İlham Əliyevə azərbaycanlıların dünyanın aparıcı təhsil müəssisələrində hazırlanması üzrə dövlət proqramını dəstəklədiyinə görə səmimi təşəkkürümü bildirirəm.
Qazaxıstan Prezidenti cənab Qasım-Jomart Tokayevin təşəbbüsü ilə Oksfordda qazax dilinin tədrisinin dəstəklənməsində şəxsi iştirakına görə Qazaxıstanın ali təhsil naziri cənab Sayasat Nurbekə də təşəkkür etmək istərdim. İnanıram ki, Qazaxıstan Respublikası rəhbərliyinin enerjisi və müdrikliyi sayəsində biz bütün səylərimizi reallaşdıra biləcəyik.
Və təbii ki, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron müqavilələrin imzalanması zamanı çox vacib və zəruri işimizə görə bizə təşəkkür edəndə məni çox sevindirdi.
Xarici işlər naziri Oksfordu qazax dilinin tədris olunacağı ilk Britaniya universiteti edəcək unikal nailiyyət münasibətilə hər iki tərəfi təbrik edib.
Lord Kemeron da Oksford məzunu olduğu üçün mən cəsarət tapdım və onu qazax dilini öyrənməyə başlamağa dəvət etdim (gülür).
- Bəs lord Kemeron nə cavab verdi?
- Bu barədə düşünəcəyini söylədi.
Müəllif: Elnur Eminoğlu. Haqqin.az
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ