Onlayn ictimai-siyasi qəzet
Ekspert: “Hazırda 8 ölkəyə təbii qaz ixrac edirik, Slovakiya 9-cu ölkə olacaq, Azərbaycan qazına ehtiyacı olan Avropa dövlətlərinin sayı artır”
Xəbər verdiyimiz kimi, mayın 6-7-də Slovakiyanın baş naziri Robert Fitso Azərbaycana səfər edib. Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Robert Fitsonun iştirakı ilə Azərbaycan-Slovakiya sənədlərinin imzalanması mərasimi olub. Tərəflər “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”ni imzalayıblar.
Həmçinin Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev və Slovakiya baş nazirinin müavini, müdafiə naziri Robert Kalinak “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu”nu, Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Slovakiya baş nazirinin müavini, müdafiə naziri Robert Kalinak “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”i imzalayıblar.
“Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Robert Fitso ilə mətbuata bəyanatında söyləyib. “Ümid edirəm ki, bizim müştərək yolumuz çox uğurlu olacaq”, - deyə dövlət başçısı vurğulayıb.
Azərbaycanla Slovakiya arasında əməkdaşlığın istiqamətlərinə toxunan İ.Əliyev ilk olaraq enerji sahəsinin adını qeyd edib: “Təbii ki, bu gün energetika sektorundakı əməkdaşlıq çox geniş müzakirə edilmişdir. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ümidvaram ki, 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında "Həmrəylik Halqası" adlanan sənəd imzalanmışdır və beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır.
Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir. Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Bizim planlarımızda 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi dayanmışdır və mən hesab edirəm ki, biz buna nail olacağıq.
Bu gün eyni zamanda ticarət dövriyyəsinin artırılması istiqamətində aparılacaq işlərə də diqqət yetirildi. Bildiyiniz kimi, bu gün Slovakiya-Azərbaycan biznes forumu keçirildi, onlarla slovakiyalı iş adamı Azərbaycanda səfərdədir. Bir çox sərmayə layihələri də müzakirə edilir. Bu gün bu məsələlər də müzakirə edildi və hər iki tərəfdən buna, necə deyərlər, yaşıl işıq yandırılmışdır.
Əməkdaşlığımızın bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da təbii ki, həm böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Eyni zamanda işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər, əlbəttə ki, oraya qayıdacaq insanları sevindirəcək".
Slovakiyanın baş naziri Robert Fitso isə ölkələr arasında qarşılıqlı ticarət dövriyyəsinin artırılmasının gərəkdiyini vurğulayıb: “Qarşılıqlı ticarət dövriyyəmizin həcmi çox aşağıdır. Bu, təxminən 70 milyon avrodan bir az çox təşkil edir. Aktiv balans Slovakiya tərəfindədir. Bu, maşınqayırma sənayesinə aiddir və bunun da təxminən 75-80 faizi Slovakiya avtomobil sənayesinin payına düşür. Səfərin hazırlanması zamanı təbii ki, bu, nəzərə alındı. Slovakiyada belə bir məsəl var: 10 işi eyni anda görə bilməzsiniz. Ona görə də cənab Prezidentlə bizim üçün vacib olan 3 əsas sahəyə diqqət ayırmağı razılaşdırdıq”.
Slovakiya Azərbaycanla hərbi sənaye sahəsində də əməkdaşlıqda maraqlıdır: “Slovakiyada müdafiə sənayesinin inkişafını dəstəkləmişəm. Cənab Prezidentlə bəzi layihələri müzakirə etdik. Texnologiya Slovakiyadan və maliyyə Azərbaycandan olacaq. İstehsal ediləcək silahlar ya ixrac olunacaq, ya da Azərbaycanda qalacaq. Bildiyimiz kimi, Ukraynadakı müharibə parametrləri tamamilə dəyişib. Hazırda silahlarla bağlı ciddi çatışmazlıq var. Bunu edə bilsək, hər iki ölkə üçün faydalı olacağını düşünürəm”.
Fitso Azərbaycan qazının Rusiya və Ukrayna üzərindən Slovakiyaya, oradan isə digər Avropa ölkələrinə nəqlini təklif edib: “Azərbaycan təbii qazının Slovakiyaya idxalını da həyata keçirə bilərik. Detallara varmaq istəməzdim. Rusiya və Ukrayna bəlli səbəblərə görə Avropaya artıq qaz ixrac edə bilmir. Slovakiyaya böyük həcmdə qazın gətirilməsində təbii ki, maraqlıyıq. İldə təxminən 20 milyard kubmetr qazdan söhbət gedir. Bu, Avropaya gələn qazın böyük ölçüdə şaxələndirilməsinə töhfə verəcək. Bu müqavilənin imzalanmasına çox yaxınıq.
Ukrayna-Rusiya sərhədindən Azərbaycan qazını nəql etmək olar. Beləliklə, tranzit həcm 20 milyard kubmetr təşkil edər. Ukrayna-Azərbaycan-Rusiya əməkdaşlığı sayəsində bu qaz həmin boru ilə Mərkəzi Avropa istiqamətində gedə bilər. Cənab Prezident bu layihəyə maraqla yanaşdı, çünki sizin qazın tranziti üçün o böyük fürsətdir".
Fitso həmçinin ölkəsinin “Azərbaycanla Avropa İttifaqı arasında körpü olmağa” hazır olduğunu bildirib. “Avropa İttifaqında Azərbaycanda olan obyektiv vəziyyəti təqdim etmək istəyirik”, - deyə baş nazir əlavə edib.
Qeyd edək ki, bu ilin yanvar-martında Azərbaycanın Slovakiyaya ixracı 37 min dollar, idxalı isə 9,2 milyon dollar təşkil edib. İdxal ikiqat azalıb - ötən ilin eyni dövründə 18,8 milyon dollarlıq idxal qeydə alınmışdı. Keçən il bütövlükdə ixracımız 604 min 469.37 dollar, idxalımız isə 65 milyon 658.86 min dollar təşkil edib. Qarşılıqlı ticari-iqtisadi əlaqələrin həcmini nəzərə alsaq, Azərbaycanla Slovakiyanın əməkdaşlığında siyasi aspektlərin daha güclü olduğunu deyə bilərik.
Politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, Slovakiyanın baş naziri Robert Fitsonun mayın 7-də Azərbaycana səfəri və Bakıda əldə edilən razılaşmalar iki ölkə arasında əməkdaşlığın artacağna işarədir: “Prezident İlham Əliyevin Robert Fitsonun Bakıya gəlişini və əldə edilən razılaşmaları Slovakiya-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar gün kimi qeyd etməsi bundan xəbər verir. İki ölkənin liderinin imzaladığı strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ciddi siyasi sənəddir. Bu sənəddə əməkdaşlığın gələcək inkişaf konturları açıq göstərilib.
Birincisi, imzalanan sənədlər arasında müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər var. İki ölkənin müdafiə sahəsində birgə istehsal sahələrinin yaradılması Azərbaycan üçün vacibdir. Azərbaycan müdafiə sahəsində əsasən Türkiyə və İsraillə əməkdaşlıq edir və bu iki ölkədən modern hərbi texnika alır. Bu sıraya Slovakiya da qoşulacaq. Bu həm də ona görə vacibdir ki, çox az Avropa dövləti Azərbaycanla müdafiə sahəsində əməkdaşlıq edir. Slovakiyadan sonra digər Avropa dövlətlərinin də müdafiə sahəsində Azərbaycanla əməkdaşlığa marağı artacaq.
İkincisi, Slovakiya və Azərbaycan enerji sahəsində əməkdaşlığı genişləndirəcəklər. Azərbaycan Slovakiyaya qaz nəqlini planlaşdırır. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və Slovakiya 9-cu ölkə olacaq. Azərbaycan qazına ehtiyacı olan Avropa dövlətlərinin sayı artır. Azərbaycan Avropaya qaz nəqlini indiki 12 milyard kibmetrdən 2027-ci ilə qədər 20 milyard kibmetrə çatdırmağı planlaşdırır. Azərbaycan qaz hasilatını artırdıqca Avropaya nəql də artacaq. Bundan başqa, Azərbaycan yaxın illərdə Avropaya yaşıl enerji də nəql etməyə başlayacaq ki, bu Bakı ilə Brüssel arasında əməkdaşlığı üst səviyyəyə qaldıracaq. Slovakiyanın baş naziri Azərbaycan Prezidentinə qazın Rusiya və Ukrayna üzərindən Slovakiyaya nəqlini də təklif edib. Ancaq Rusiya-Ukrayna müharibəsi fonunda bu təklifi reallaşdırmaq çətindir. Azərbaycan üçün hazırkı nəql yolları və interkonnektorlar kifayətdir.
Üçüncüsü, Slovakiya şirkəti Ağdamın Qərvənd kəndinin yenidən qurulmasında iştirak edəcək. Bu amil də Azərbaycan üçün vacibdir. Özbəkistan Füzulidə məktəb, Qazaxıstan mədəniyyət binası inşa etdi. Qırğızıstan Ağdamın Xıdırlı kəndində məktəb tikəcək. Türkiyə ilə yanaşı Böyük Britaniya və Macarıstan şirkətləri Qarabağın yenidən qurulmasında iştirak edirlər. Bu sıraya Slovakiyanın qoşulması digər Avropa dövlətlərinin şirkətlərini də Qarabağa cəlb edəcək".
Politoloq bildirir ki, Avropada Robert Fitsonu Macarıstanın baş naziri Viktor Orbana bənzədirlər: “Hər ikisi Ukraynaya hərbi yardımın əleyhinədir və hər ikisi Avropa İttifaqının diqtəsini qəbul etmir, o cümlədən müstəqil xarici və təhlükəsizlik siyasətinə üstünlük verir. Digər tərəfdən, Viktor Orbandan sonra Robert Fitso da Azərbaycanla tərəfdaşlığı gücləndirməyə qərar verib. Robert Fitso Bakı ilə Brüssel arasında siyasi mövzularda fikir ayrılığından xəbərdardır. Buna görə də Slovakiyanın baş naziri Bakıda birgə mətbuat konfransında çıxış edərkən ölkəsinin Azərbaycanla Avropa İttifaqı arasında körpü rolunu oynaya biləcəyini söylədi. Azərbaycanın Ermənistanla dialoq məsələsində vasitəçiyə ehtiyacı olmadığı kimi Avropa İttifaqı ilə dialoqunda da vasitəçiyə ehtiyacı yoxdur, birbaşa danışıqlar formatı mövcuddur. Buna baxmayaraq, Avropa İttifaqının üzvü olan Slovakiya və bu ölkənin rəsmilərinin Avropa İttifaqı çərçivəsində Azərbaycanın mövqelərini müdafiə etməsi ölkəmiz üçün faydalı olacaq. Slovakiya Azərbaycanla tərəfdaşlığını gücləndirmək istəyərkən, iki ölkə arasında ticarət dövriyyəsinin cəmi 70 milyon avro təşkil etməsi kiçik rəqəmdir. Bu mənada ticarəti artırmağa və ortaq iqtisadi layihələrin reallaşdırılmasına ehtiyac var”.
Dünya SAKİT,
“Yeni Müsavat”
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ