İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın Xəzər hədəfləri-Türkmən Zirvəsindən Türk qapısına doğru

Bir həftə əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanda səfərdəydi və hamılıqla Türk rüzgarına şahidlik etdik, möhtəşəm qarşılanma, yüksək səviyyədə görüşlər, vacib mesajlar, ürəkdolusu ifadə olunan səmimiyyət hər birimizi qürurlandırdı...

İyunun 29-da isə dövlət başçımız Xəzərin o tayında - Türkmənistanda səfərdə oldu. Gözəl ardıcıllıqdır. Ötən aylarda Türkiyə və Azərbaycan liderlərinin qarşılıqlı səfərlərini xatırladanda daha gözəl tablo alınır...

Aşqabadda isə Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilirdi. Təsadüfi deyildi ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşdə Azərbaycan Prezidenti Zirvə Toplantısının əhəmiyyətinə xüsusi toxundu. Bildirdi ki, 20 il əvvəl Xəzəryanı dövlətlərin sammitinin keçirilməsinin təşəbbüskarı Türkmənistan olub. Dövlət başçımız həmin sammitin Xəzərdə geniş və çoxtərəfli əməkdaşlığın əsasını qoyduğunu, Konvensiyanın imzalanmasının önəmindan danışdı. Bəli, uzun illərdir həll olunmayan məsələ ilə bağlı anlaşma əldə etmək mümkün oldu. Hansı ki, 5 Xəzəryanı dövlət - Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiya dənizin hüquqi statusunu müəyyən edə bilmirdilər. Çünki dənizin milli sektorlara bölünmə prinsipini razılaşdırmaq mümkün olmurdu. Narahatlıq doğuran bu idi ki, daha çox Azərbaycan və Türkmənistan öz aralarında “dil tapa bilmirdi”, baxmayaraq ki, qardaş ölkələrdir, eyni soy-kökə malikdirlər. Amma şükürlər olsun, bu məsələ artıq keçmişdə qalır, Xəzərin ortasındakı zəngin neft və qaz yataqları, o cümlədən “Kəpəz” və “Azəri-çıraq” yataqları ilə bağlı maraqlar qardaşlığı önə keçə bilmədi. Xəzəryanı digər ölkələrin də pay bölgüsündə daha üstün mövqe əldə etmək cəhdləri alınmadı, proseslər Azərbaycanın maraqları tanınmaqla bitdi.

dwg-platform-at-sunset4.jpg (699 KB)

Əslində Azərbaycan ərazi bütövlüyünün bərpası prosesinə elə məhz Xəzər sularından başlayaraq nail oldu, hələ onda Qarabağda Zəfər qazanmamışdıq. Tarixi hadisə 2018-ci ilin 12 avqustunda baş verdi. Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzəryanı ölkələrin V sammitin yekununda Xəzəryanı ölkələrin prezidentləri — İlham Əliyev (Azərbaycan), Vladimir Putin (Rusiya), Nursultan Nazarbayev (Qazaxıstan), Həsən Ruhani (İran) və Qurbanqulı Berdıməhəmmədov (Türkmənistan) Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzaladılar.

8f5ossyxz1_001.jpg (150 KB)

Xəzəryanı ölkələrin bir Konvensiya ətrafında birləşməsi həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq üçün əlavə imkanlar yaratdı. Elə cənab Əliyev də türkmənistanlı həmkarı ilə görüşdə vacib məqamlara toxundu. Türkmənistanın Xəzər dənizində və Xəzəryanı dövlətlər arasında əməkdaşlığa töhfəsini yüksək qiymətləndirən Azərbaycan Prezidenti keçirilən Zirvə Toplantısının təhlükəsizlik, ekologiya, su ehtiyatları istiqamətləri üzrə əməkdaşlığın möhkəmlənməsi işində daha bir addım olacağına əminliyini bildirdi. Heç şübhəsiz sadalananlar çox vacib, əhəmiyyətli istiqamətlərdir. Öndə isə təhlükəsizlik gəlir. Azərbaycanın nəinki regionda, ümumiyyətlə, qlobal məkanda sülhə, təhlükəsizliyə töhfə vermək istiqamətində faydalı əməkdaşlığı, səyləri, atdığı addımlar göz qabağındadır, bunu dəyərləndirənlər, dilə gətirənlər də az deyil. Bu mənada dövlət başçımızın Xəzəryanı ölkələrlə bu mövzularda əməkdaşlıq etməsi əlavə üstünlüklər vəd edir. Xəzərin əsrlər boyu qonşu kimi yaşamış xalqlarımızı birləşdirən dəniz olduğunu deyən Azərbaycan Prezidenti regionumuzda gələcək təhlükəsiz inkişafın təmin ediləcəyinə əminliyini bildirib, bu işdə Xəzəryanı dövlətlərin böyük rolunu vurğulayıb. Eyni zamanda Türkmənistan-Azərbaycan əlaqələrindən bəhs edərkən ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı bildirib ki, bu əlaqələri yüksək qiymətləndirir. Prezident İlham Əliyev gələcəkdə dövlətlərarası əlaqələrimizin səviyyəsini daha yüksəyə qaldırmaq üçün Prezident Sərdar Berdiməhəmmədov ilə ikitərəfli formatda da fəal işin aparılacağına əminliyini ifadə edib. Niyə də olmasın, əgər imkanlar varsa, əlaqələrimizi daha yüksək səviyyəyə qaldırmaq həm də iki qardaş ölkə və xalqların bir-birinə daha sıx sarılması üçün mühüm əhəmiyyət kəsb edir.

756b695b-f735-32c7-bcd8-5ea65f559c76.jpg (345 KB)

Azərbaycan Prezidenti səfər zamanı digər Xəzəryanı ölkələrin liderləri ilə də ikitərəfli görüşlər keçirdi. Kadrlara diqqət edən tamaşaçılar özləri bu sammitin gerçək liderinin kim olduğunu asanlıqla təxmin edə bilər. Qürurvericidir! Azərbaycanın qalib olması dövlətimizin və onun liderinin reytinqinə ciddi şəkildə təsirini artırmaqdadır. Azərbaycan öz sərhədləri xaricində də mövqelərini diqtə etməkdə, bunun qarşılığında sayğı və diqqət görməkdədir. Prezident İlham Əliyev Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışında da prioritet məsələlərə diqqət yönəltdi, Azərbaycanın dörd il öncə əldə olunan razılaşmadakı mühüm rolunu xatırlatmaqla həmişə olduğu kimi haqlı olduğumuzu diplomatik dillə nəzərə çatdırmış oldu. Ölkə rəhbəri qeyd etdi ki, Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. “Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq”, fikirləri uğurlu siyasətin əminliklə təsdiqi və perspektivlə bağlı təminatın anonsudur.

63a5a394-a434-3061-975c-ec04a94d67c0.jpg (117 KB)

Dövlət başçımızın qeyd etdiyi kimi, Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir. Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib ki, bütün bunlar da daha geniş areialda əməkdaşlığa imkan yaradır. Xəzəryanı dövlətlər arasında dayanıqlı münasibətləri təmin edən amillər də kifayət qədərdir. Özü də bu münasibətlərin möhkəm təməllər üzərində qurulmasından ötrü dənizin ən dərin sektorunda belə “estakadalar” qurulub. Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlərin bağlanmasını nəzərdə tuturuq. Eyni zamanda bu əməkdaşlıq beynəlxaql hüquqa istinad edir, muxtar xarakterli deyil. Belə ki, Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir. Yenə də sabitlik və təhlükəsizlik! Azərbaycan Prezidentinin dəfələrlə bu amillərə istinad etməsi dövlətimizin və dövlət başçımızın sülhə və təhlükəsizliyə nə qədər böyük önəm verdiyini bir daha nümayiş etdirir.

İran Xəzər dənizinin adını dəyişir –

Heç şübhəsiz ki, ikitərəfli və çoxtərəfli əməkdaşlığın - o cümlədən dəniz üzərindən - əsas şərti həm də yuxarıda sadalanan iki şərtdir. Əks təqdirdə əməkdaşlıq mümkünsüz hala gələr. Eyni zamanda dövlət başçımızın ustalıqla ifadə etdiyi qırmızı xətti var: “Qarşılıqlı fəaliyyətin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir”. Bəli, Azərbaycanın “başı” az çəkməyib, odur ki, dəfələrlə xatırlatmaqda fayda var, kimsə nələrsə düşünməsin. “Qardaşıq, kisəmiz (oxu:sərhədimiz-E.P.) ayrı”.

Dövlət başçısının Xəzərin strateji əhəmiyyətinə toxunması, dənizin region xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsi olduğunu xüsusi qeyd etməsi də olduqca vacib istiqamət idi. Sitat: “Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır”. Yetər ki, prioritetlərə hamı eyni şəkildə əməl etsin, heç nə unudulmasın...O halda mənfəət də olacaq, hüzur da, gələcək də...

Azərbaycan Prezidenti Xəzəryanı ölkələrin digər vacib əməkdaşlığından da bəhs etdi: Xəzərin həm də beynəlxalq nəqliyyat qovşağına çevrilməsindən, qarşıda sahilyanı ölkələri gözləyən daha möhtəşəm perspektivdən. Qeyd olunduğu kimi, nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılmasıəməkdaşlığın mühüm istiqamətidir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır. Bu istiqamətdə ölkəmizin böyük imkanları var. İpək Yolunun üzərində yerləşən Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Prezident də qeyd etdi ki, ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır.

Sitat: “Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərir. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq... Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasını müşahidə edirik. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi artır. Bu limanın tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsi olub”. Bu yerdə qeyd edək ki, Milli Məclis Ələt Azad İqtisadi Zonası haqqında qanunu uzun müzakirələrdən sonra təsdiqlədi və bu hüquqi baza perspektiv üçün böyük imkanlar vəd edir. Gələcəkdə 850 hektarlıq İqtisadi Zonaya yaxın ərazilərdə hava limanının açılması kimi növbəti nəhəng layihələr də müzakirə mövzusudur. Azərbaycan logistika üçün əlavə imkanlar vəd edir və bu mənada Xəzəryanı ölkələr üçün qapılarımız taybatay açıqdır. Təsadüfi deyil ki, elə Ələt Azad İqtisadi Zonanın “yaşı” da Xəzəryanı ölkələrin imzaladığı Konvensiya ilə eynidir. Paralel və planlı şəkildə aparılır işlər...Səngəçalda 300 meqavat gücündə elektrik stansiyası qurulub, həmçinin burada Beynəlxalq Dəniz Limanı mövcuddur. Logistika, nəqliyyat imkanları üçün münbit şərait var və daha geniş perspektivlər üçün işlər görülür. Azərbaycanın Dünya Bankının “Doung Business” hesabatında 190 ölkə arasında 28-ci yerə layiq görülməsi ölkəmizin investisiya sahəsindəki cəlbediciliyini də artırıb və bu, Xəzəryanı ölkələrə də əlavə imkanlar açır...Bundan əlavə, Azərbaycanın Xəzər gəmiçiliyi gəmiçilik xidmətlərinə görə 25-ci yerdədir, bu da sahilyanı qonşularımız üçün “yaşıl işıq”dır...

transxezer-xezer.jpg (37 KB)

Amma görüləsi işlər də az deyil, o cümlədən Xəzərin mühafizəsi, canlı aləminin, dəniz suyunun “yad” ünsürlərdən qorunması ilə bağlı...İlham Əliyev bu sahə ilə bağlı da konkret çağırışını etdi: “Azərbaycan ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərikdir. Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir”. Yəni söhbət təkcə Xəzərin hərbisizləşdirilməsindən, təhlükəsiz, rifah dənizinə çevrilməsindən getmir, həm də Allahın bəxş etdiyi bu nemətin qədir-qiymətini bilməkdən getməlidir. Diqqətimizi Xəzərin karbohidrogen ehtiyatlarına yönəldib, dünyada adla deyilən Xəzər nərəsinin və kürüsünün nəslinin kəsilməsinə rəvac verən addımlar atmamalıyıq, qızıldan qiymətli Xəzər qumunun, Xəzər suyunun, hətta xəzrinin də qiymətini bilməliyik...

Aşqabaddakı zirvə toplantısı həm də Türk qapısı Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin finiş xəttinə yaxınlaşması fonunda daha böyük perspektivlər vəd edir və tam məzamındadır. Ermənistanda da artıq Zəngəzurla bağlı reallığa yaxın mövqeləri paylaşmağa başlayıblar. Eyni zamanda Rusiya mənbələri də artıq 46 km-lik Zəngəzur dəhlizinin cəmi 6 km-lik hissəsinin tam razılaşdırılmadığı, bu istiqamətdə söhbətlərin getdiyi haqda məlumatları tirajlayıb. Yenə də eyni vaxtda. Təsadüfə bənzəmir. Xüsusilə də Rusiya və İran üçün bu dəhliz Azərbaycandan az əhəmiyyət kəsb eləmir. O cümlədən də Lars yolundan sözün bütün mənalarında asılı qalan Ermənistan üçün...

Prezidentin əminliyi heç şübhəsiz konkret faktlara əsaslanır.

eddbb0a555b95e8e447d7ab456687794.jpg (214 KB)

Sitat: “Zəngəzur dəhlizi artıq reallığa çevrilir.Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb”. Və bütün bu fikirlər iştirakçı dövlətlərin məmnunluğu ilə qarşılanır...Qarşımızı kim kəsə bilər?.. “Dənizdən-dənizə” ölkə xsülyası ilə yaşayanlar əgər anlasalar ki, onların düşüncələri puç və əfsanəymiş, o halda Azərbaycanın icrasında mühüm rol oynadığı nəhəng layihələrdən pay ala bilərlər. Əks halda, məğlubiyyət və iflas qaçılmazdır!

 Elşad Paşasoy: “Bəlkə də mən yaxşı müəllim, ticarətçi, ya da əkinçi ola  bilərdim” -MÜSAHİBƏ

Elşad Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR