İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın ŞƏT-ə və BRİKS-ə üzvlüyü - nə vaxt və niyə?

Rəsmi Bakı siyasi təcrübəsi fonunda geosiyasi rəqabətə qoşulmadan bütün tərəflərlə əməkdaşlıq edəcək

Prezidenti İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatına və BRİKC-ə üzvlük perspektivi ilə bağlı da danışıb.

“Şanxay Əməkdaşlıq Təşkilatında ölkəmizin statusu müşahidəçi deyil, dialoq üzrə tərəfdaşdır. Bu, həmin beynəlxalq təşkilatla daha da yaxın olmaq üçün güclü qarşılıqlı iradənin nümayişidir. Şanxay Əməkdaşlıq Təşkilatının və BRİCS-in bütün üzv dövlətlərinin Azərbaycanla çox yaxşı və dost münasibətləri var. Bundan başqa, bizim coğrafi mövqeyimiz, Cənubi Qafqaz və Xəzər regionunda vahid məqsədlərə töhfəmiz nöqteyi-nəzərindən əhəmiyyətli olacaq. Əlbəttə ki, Çin və Mərkəzi Asiya ölkələri ilə üzərində fəal iş apardığımız məsələlər, həmçinin bağlılıq layihələridir. Çünki Azərbaycan artıq müasir nəqliyyat infrastrukturu ilə Şərqdən Qərbə gedən yol üzərində yerləşir. Beləliklə, biz praktiki nəticələr nöqteyi-nəzərindən çox töhfələr verə bilərik”, - deyə dövlət başçısı vurğulayıb.

Prezident əlavə edib ki, istənilən təşkilata qoşulmaq siyasi addımdır, lakin iqtisadiyyat ölkələri daha da birləşdirən praktiki infrastruktur layihələri ilə dəstəklənməlidir.

Yada salaq ki, Azərbaycan BRİKC-ə daxil olmaq üçün rəsmi müraciət edib. BRİKC 2006-cı ildə yaradılıb, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma hökumətləri 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib.

ŞƏT isə 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 9 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran) var. Bundan əlavə, təşkilatın 3 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan, Belarus) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var.

Təşkilatın əsas məqsədi üzv dövlətlər arasında siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, təhsil, enerji, nəqliyyat və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsidir. Artıq ikinci dəfədir ki, İlham Əliyev ŞƏT-ə üzv ölkələrin zirvə toplantısına dəvət olunur. Təbii ki, bu da səbəbsiz deyil. Çünki Azərbaycan yerləşdiyi coğrafi mövqe baxımından ŞƏT üçün mühüm əhəmiyyətə malikdir. Xüsusilə də nəqliyyat və kommunikasiya xətlərinin qovşağında yerləşməsi, eləcə də enerji resursları ilə zənginliyi səbəbindən Azərbaycan ŞƏT üçün ideal tərəfdaş hesab olunur.

DEPUTAT VÜQAR İSGƏNDƏROV SEKİÇİLƏRİNİN ETİMADINI DOĞRULDUR- AMMA NECƏ? »  IFADETV.COM - İfadə İnformasiya Agentliyi

 Vüqar İsgəndərov

Deputat Vüqar İsgəndərov beynəlxalq təşkilatlara münasibətdə Azərbaycanın daim düşünülmüş addımlar atdığını diqqətə çatdırdı: “Beynəlxalq təşkilatlarla münasibətdə Azərbaycan  həm düşünülmüş addımlar atır, həmçinin də həmin təşkilatların fəaliyyətinə töhfə vermiş olur. Biz bunu Qoşulmama Hərəkatı, COP29 kimi beynəlxalq tədbirlər və s. məsələlərdə görə bilərik. Gələn ildən İslam Əməkdaşlıq Təşkilatına sədrlik etməyimiz də bizə yeni imkanlar açmaqla yanaşı bu qurumun da fəaliyyətində özünəməxsus yol çizməyimizə dəstək olacaq. Prezidentin Şanxay Əməkdaşlıq Təşkilatına və BRİKC-ə üzvlük perspektivi ilə bağlı fikirlər söyləyərkən toxunduğu məsələlər bunu deməyə əsas verir ki, bu təşkilatın üzv dövlətləri ilə bizim çox yaxşı münasibətlərimiz var. Azərbaycanın coğrafi mövqeyi də imkan verir ki, Cənubi Qafqaz və Xəzər regionunda vahid məqsədlərə əhəmiyyətli dərəcədə töhfə verək. Çünki Azərbaycan artıq müasir nəqliyyat infrastrukturu ilə Şərqdən Qərbə gedən yol üzərində yerləşir. ABŞ prezidenti Trampın açıqlamaları, yaxud da Rusiyanın dəyişən münasibəti bizi məqsədlərimizdən döndərə bilməz. Çünki biz nəyi xalqımız, dövlətimiz üçün uygun biliriksə, o istiqamətdə də hərəkət edirik. Dünyada baş verən hadisələrə, Azərbaycanın mövqeyinə və yürütdüyü siyasətə baxsaq, gün kimi aydındır ki, biz addımlarımızı doğru və düzgün atmışıq”.

Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini  öyrənməyə həvəsli görünürlər” Pravda.az

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva qeyd etdi ki, Azərbaycan hər zaman bütün iqtisadi təşkilatlarla bərabərhüquqlu əməkdaşlıqda maraqlı olub: “Bu, indi də belədir. Rusiya-Ukrayna savaşı fonunda Şərq-Qərb nəqliyyat dəhlizinin ümumişləkliyinin daha da artırılması fonunda Azərbaycanın geostrateji önəmi daha da artmaqdadır. Rəsmi Bakı ilə yanaşı, ŞƏT ölkələri, o cümlədən Pekin də bunun fərqindədir. Hətta Ukrayna-Rusiya savaşında atəşkəs əldə olunsa da sülh sazişi onillikləri əhatə edəcək. Bu baxımdan, Ukrayna-Rusiya cəbhəsində vəziyyətin necə dəyişməsinin, Trampla Putin arasındakı münasibətlərin yumşalan xəttə keçməsinin heç bir əhəmiyyəti yoxdur. Bəli, Rusiya indiki prosesdə Azərbaycanın bu təşkilatda aktivliyinin tərəfdarı deyil. Yəni Bakının ŞƏT-lə münasibətlərdə aktiv rol almasına isti baxmayacaq. Amma Azərbaycanın da əlində Rusiyanı razı sala biləcək müəyyən iqtisadi rıçaqlar mövcuddur. Bu o deməkdir ki, Moskva Qərb bazarına alternativ olaraq Azərbaycan üzərindən çıxış əldə edə bilər. Üstəlik, Avrasiya Gömrük İttifaqının alternativ nəqliyyat marşrutu missiyasını Azərbaycan öz üzərinə götürə bilər. Düşünürəm ki, Azərbaycan yox, ŞƏT bizimlə əməkdaşlıqda maraqlı olmalıdır. Çünki qlobal miqyasda baş verən hadisələr fonunda əsas təhlükəsiz və etibarlı alternativ marşrutlardan birincisi elə ölkəmizdir”.

Asif Nərimanlı yazır...

Asif Nərimanlı

Siyasi analitik Asif Nərimanlının sözlərinə görə, yeni dünya siyasəti Avrasiyanın nəqliyyat şəbəkələri üzərində qurulur və ölkəmiz istər Qərbdən Şərqə, istərsə Cənubdan Şimala uzanan bütün dəhlizlərin kəsişdiyi nöqtədə yerləşir: “Bu o deməkdir ki, BRİKS-də iştirakçılıq Azərbaycana lazım olduğu kimi, Azərbaycanın təmsilçiliyi bu təşkilata - Qlobal Cənub ittifaqına gərəklidir. Bu baxımdan, belə bir qlobal dəyişiklik perspektivinin qarşısını daha lokal görünən proseslərin, misal üçün, Bakı-Moskva xəttində yaranmış soyuqluqların alacağını demək çətindir. Burada əsas məsələ Tramp Amerikasının izləyəcəyi siyasi xətt və bunun Qlobal Cənuba, bu cəbhədə yer alan ölkələrə necə təsir edəcəyidir. Fikrimcə, Tramp Administrasiyası Qlobal Cənub cəbhəsini qarşısına almayacaq, əksinə, bu cəbhə ilə əməkdaşlıq xəttini əsas tutaraq, qlobal mübarizəni, xüsusilə Çinlə rəqabəti cəbhədaxili müstəvidə aparacaq. Trampın Ağ Evə gəlişindən sonra daha çox Qlobal Cənub cəbhəsində yer alan ölkələrlə təmaslar qurması bu kontekstdə təsadüfi deyil. Bu mənzərə Qlobal Cənub cəbhəsi ilə əməkdaşlıq edən Azərbaycan kimi ölkələrə ABŞ-la qarşıdurma yox, yeni əməkdaşlıq perspektivləri aça bilər. Rəsmi Bakının siyasi təcrübəsi fonunda "qızıl orta" siyasətinə davam edəcəyi, geosiyasi rəqabətə qoşulmadan, bütün tərəflərlə, o cümlədən həm ABŞ, həm Çin, həm Avropa İttifaqı, həm də BRİKS-lə əməkdaşlıq edəcəyi gözləntisi daha çoxdur".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Mart 2025

BÜTÜN XƏBƏRLƏR