Onlayn ictimai-siyasi qəzet
2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 1,1 milyard dollar təşkil edib.
Musavat.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”na istinadən xəbər verir ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz artım deməkdir.
İlk dörd ayda yeyinti məhsullarının ixracı 12,1 faiz artaraq 300.1 milyon ABŞ dollarına bərabər olub.
Bundan əlavə, qeyri-neft-qaz sahəsi üzrə ixrac olunan mallar arasında kimya sənayesi məhsulları ötən ilin müvafiq dövrünə nəzərən 35 milyon ABŞ dolları və ya 42,5 faiz, şəkər 1,9 milyon ABŞ dolları və ya 25,8 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 4,1 milyon ABŞ dolları və ya 16,7 faiz, meyvə-tərəvəz 26,8 ABŞ dolları və ya 14,8 faiz, alüminium və ondan hazırlanan məmulatlar 6,1 milyon ABŞ dolları və ya 9,8 faiz, pambıq iplik 360,9 min ABŞ dolları və ya 5,3 faiz artıb.
2025-ci ilin yanvar-aprel aylarında ixrac olunan aqrar məhsullar 14 faiz artaraq 232,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları 7,9 faiz artaraq 90,8 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 12,2 faiz artaraq 323,57 milyon ABŞ dolları təşkil edib.
Musavat.com
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ