Onlayn ictimai-siyasi qəzet
Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin Ermənistan baş nazirinin birgə imzaladıqları 10 noyabr 2020 - ci il tarixli Bəyanatın maddələrini kobud şəkildə pozan erməni hərbçiləri işğaldan azad edilmiş ərazilərimizdə atəşkəs rejiminə riayət etmir, təxribatlar törədirlər. Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin növbəti təxribatı zamanı Azərbaycan Ordusunun hərbçisi şəhid oldu.
Üç dövlət başçısının birgə imzaladıqları Bəyanatın maddələrini kobud şəkildə pozan qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri bir neçə gün əvvəl Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstəriblər. Separatçılar Azərbaycan ərazisində silahlanmaqda davam edirlər. Təəssüf ki, Bəyanatın 4- cü bəndinə hələ də əməl olunmur– Ermənistan hərbçiləri işğaldan azad edilmiş ərazilərimizdən bugünədək çıxarılmayıb. Nə vaxta qədər erməni separatçıları həmin ərazilərdədir, oralar bizim üçün təhlükə mənbəyi olacaq.
Dünyanın bütün ərazilərində separatçılara qarşı əməliyyatlar keçirilir və onlar məhv edilir. Xatırladım ki, Azərbaycanla Rusiya Federasiyası arasında imzalanmış Müttəfiqlik sazişinin 18- ci bəndində qeyd edilir ki, Rusiya ilə Azərbaycan terrorizmə və separatizmə qarşı birgə mübarizə aparacaqlar. Əslində, bu ərazidə yerləşdirilmiş sülhməramlı kontingent belə təxribatların qarşısını almalı idi. Ancaq etmədilər. Azərbaycan Ordusu sülhməramlı kontingentin vəzifəsini özü icra etdi və erməni separatçılarının yerləşdiyi ərazilər darmadağın olundu.
Azərbaycan Prezidenti dəfələrlə bildirmişdir ki, üçtərəfli bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür. Lakin separatçılara layiqli cavab verilmirdi. Nəhayət, yenilməz ordumuz düşmənin cavabını verdi.
Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli yüksəkliklər nəzarətə götürüb. Hazırda bölmələrimiz tərəfindən əlverişli mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.
Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru
23 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ