Onlayn ictimai-siyasi qəzet
Dövlət Gömrük Komitəsi yanvar ayı üzrə Azərbaycanın xarici ticarətlə bağlı statistikasını açıqlayıb.
Musavat.com xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayev Komitənin hesabatındakı bir sıra maraqlı məqamlara diqqət yetirib.
İqtisadçı bildirib ki, ötən ay ölkənin idxalı 80 faiz (910 milyon dollar) artıb:
“Bu artım əsasən dövlət idxalı hesabına baş verib. Keçən ilin yanvarı ilə müqayisədə dövlət sektorunun idxalında 700 milyon dollardan çox (təxminən 6 dəfə) artım qeydə alınıb.
Avtomobil idxalında ciddi artım var (25 faiz). Hibrid avtomobillərin idxalı 3 dəfəyə yaxın artıb. Ölkəyə idxal olunan minik avtomobillərin tam yarısı (hər 2 maşından biri) hubridlər və elektromobillər olub.
Ölkəyə ət (əsasən diri heyvan dormasında), süd məhsullarının və dənli bitkilərin idxalında ciddi artım qeydə alınıb. Bu mal mövqeləri üzrə idxalın dəyəri 28 milyon dollar (57 faiz) artaraq 77 milyon dolları ötüb.
Neft ixracının həcmi ilə bağlı rəqəm çox maraqlıdır. Ötən ilin yanvarı ilə müqayisədə xam neft ixracatında 2 dəfədən çox artım var. Bu ilin yanvarında 3,5 milyon ton neft ixracı görsənir (ötən il 1,5 milyon ton). Azərbaycanın öz istehsalı hesabına aylıq ixrac potensialı maksimum 1,8 milyon tondur. Bu halda ixracın həcmindəki artımın mənbəyi maraqlıdır. Neft ixracının həcmində belə kəskin artım ixracın dəyərində də əks olunub: ümumi ixrac məbləği 65 faizdən çox (1,2 milyard dollar) artaraq 3 milyard dolları ötüb.
Ticarətin coğrafiyası ilə bağlı əsas maraqlı məqamlar bunlardır:
Rusiyaya ixracımızın 6,5 faiz (6 milyon dollar) artması müqabilində bu ölkədən idxal 75 faiz (142 milyon dollar) artıb. Bu ölkəyə aylıq ixracımızın dəyəri 81 milyon, idxalın məbləği 331 milyon dollar olub.
Avropa İttifaqına ixrac 3 dəfədən çox artaraq 2,4 milyard dolları ötüb. Bu, yəqin ki, neft-qaz ixracındakı kəskin genişlənmənin hesabınadır. Ötən ilin yanvarı ilə müqayisədə neft-qaz ixracının dəyəri 1,2 milyard dollardan çox genişlənərək 2,8 milyard dollara çatıb.
Çindən idxal 75 faiz artımla 378 milyon dollara, Böyük Britaniyadan idxal 8 dəfəyə yaxın artaraq 120 milyon dollara, Meksikadan idxal 40 dəfədən çox artaraq 180 milyon dollara çatıb.
Türkiyəyə xarici ticarətin dəyərində ciddi dəyişiklik olmayıb. Həm ixrac (300 milyon dollara yaxın), həm də idxal (170 milyon dollar) demək olar eyni səviyyədə qalıb”.
Musavat.com
21 Fevral 2025
20 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ