İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda Xocalı həftəsi - o canilərin də mühakiməsi zamanı...

Əliqanlı qatillərin bir qismi mühakimə edilir, Köçəryan-Sərkisyan-Ohanyan üçlüyü də cəzalarını alacaq

Sabah erməni vandallarının 1992-ci ilin fevralında Xocalıda törədiyi soyqırımından 33 il ötür. Bəşəriyyət əleyhinə törədilmiş bu vəhşilik nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Onlardan 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi indiyədək məlum deyil. Artıq Xocalı canilərindən bəziləri Azərbaycan qanunları qarşısında cavab verirlər, onların məhkəməsi gedir və öz layiqli cəzalarını alacaqlar. Təəssüf ki, Robert Köçəryan, Serj Sərkisyan, Seyran Ohanyan kimi hərbi cani və qatillər hələ də azadlıqdadır. Onların nə vaxtsa ədalət mühakiməsinə verilməsi mümkün olacaqmı?   

Cingiz-7-foto.jpg (28 KB)

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Xocalıda ermənilər bəşəri cinayətə, müharibə cinayətinə yol veriblər: “Heç bir müqavimət göstərmək imkanı olmayan dinc mülki insanların kütləvi şəkildə qətlə yetirilməsi, girov götürülməsi və ağır işgəncələrə məruz qoyulması insanlıq əleyhinə cinayətdir. Bu cinayəti törədən, təşkil edən qatillərin bir qrupu artıq Azərbaycan tərəfindən həbs edilib və məhkəmə qarşısında cavab verirlər. Azərbaycan onları saxlayan zaman öldürə də bilərdi, ancaq Azərbaycan dövləti bu qatillərin ədalət mühakiməsi qarşısında cavab verməsini təmin etdi. İndi onların məhkəməsi gedir və törətdikləri cinayətlərə görə qanuni cəzalarını alacaqlar. Bu, həm də Xocalı soyqırımı qurbanlarının narahat ruhlarını sevindirəcək. Təəssüf ki, Xocalı soyqırımının dünyada rəsmən tanınmasına bir sıra ermənipərəst beynəlxalq təşkilatlar və dövlətlər illərdir mane olmağa çalışıblar və çalışırlar. Azərbaycanın apardığı işlər nəticəsində bir sıra dövlətlər Xocalı soyqırımını tanısa da, bununla bağlı parlamentlərdə qərarlar qəbul olunsa da Avropa İttifaqı, Avropa Şurası, Avropa Parlamenti kimi təşkilatlar Xocalı soyqırımına hüquqi qiymət vermək istəmədilər. Çünki bu cinayəti törədənlər ermənilər idi. Belə bir insanlıq əleyhinə olan cinayətə göz yumdular. Amma tarix hər şeyi özü öz yerinə qoyur”.

Ç.Qənizadə dedi ki, bu gün Qarabağda 30 ildən artıq separatçı quldur rejimə rəhbərlik eləyən, əli Azərbaycan xalqının qanına bulaşmış bir qrup şəxs  məhkəmə qarşısında cavab verirlər: “Azərbaycan dövləti, Azərbaycan Ordusu, Azərbaycanın Ali Baş Komandanı Xocalıya ədaləti bərpa etdi. Xocalı bu gün azaddır, Xocalıya öz sahibləri qayıdır və Xocalı soyqırımını törədənlərin bir qrupu cinayətlərinə görə məhkəmə qarşısında dayanıblar. Gün gələcək Xocalı soyqırımına birbaşa rəhbərlik etmiş Robert Köçəryan, Serj Sərkisyan, Seyran Ohanyan kimi daha iri qatillər də Azərbaycan qarşısında cavab verməli olacaqlar. Onlar barəsində Azərbaycanın müvafiq orqanları cinayət işi açıb. Hər biri beynəlxalq axtarışa verilib. Təəssüf ki, bu şəxsləri hətta müxtəlif xarici ölkələrdə interpol səviyyəsində saxlasalar da sonradan buraxırlar. Səhv etmirəmsə, Serj Sərkisyan İtaliyada saxlanıldı, lakin 4 saat sonra buraxıldı. Amma biz ümidimizi kəsmirik, bir gün bu vəhşi cinayətlərin təşkilatçıları olan həmin hərbi canilər də ədalət mühakiməsi qarşısına çıxarılacaqlar. Son günlər Xocalı qatilləri Robert Köçəryan və Serj Sərkisyanın aktivləşməsi müşahidə olunur. Onlar təkcə Azərbaycan xalqına, Xocalı sakinlərinə qarşı soyqırımı həyata keçirməyiblər, Errmənistana və erməni xalqına da əslində böyük pisliklər ediblər. Elə buna görə də onların Ermənistan cəmiyyətində nüfuzu yoxdur, onlara kiçik bir klandan başqa hər kəs nifrət edir”.

Hüquq müdafiəçisi vurğuladı ki, indi bu iki qatil yenə də müharibə çağırışları edir, qızışdırıcı bəyanatlar verirlər: “Açıq-aşkar görünür ki, onlar yenidən Ermənistan siyasətində önə çıxmaq, hakimiyyətə sahiblənmək və bölgəni yenidən müharibə meydanına çevirmək, cinayətlərini davam etdirmək istəyirlər.  Ona görə də Ermənistanın hazırkı hakimiyyəti əgər sülh istəyirsə, yenidən müharibə istəmirsə, Ermənistan dövlətinin məhv olmasını istəmirsə, Robert Köçəryan, Serj Sərkisyan, Seyran Ohanyan kimi hərbi caniləri cəzalandırmalıdır”.

Qeyd edək ki, Türkiyənin Azərbaycandakı sabiq səfiri Cahit Bağçı ötən ay verdiyi bir açıqlamada prezident Rəcəb Tayyib Ərdoğan ölkəmizə səfər edəcəyini və Xocalıya da gedəcəyini bildirmişdi. Lakin dəqiq tarix söyləməmişdi. İstisna deyil ki, prezident Ərdoğanın səfəri qəfildən reallaşsın. Türkiyə liderinin Xocalıya səfər etməsi Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Azərbaycanın apardığı işə dəstək baxımından da mühüm əhəmiyyət daşıyacaq.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR