İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycanda vəhdət namazı qılırlar” - Dünyanın ən böyük həbsxanasına SENSASİON cavablar

“ABŞ və Azərbaycan strateji tərəfdaşdır. Bu o deməkdir ki, fundamental məsələlərdə Azərbaycanla ABŞ-ın mövqeyi üst-üstə düşür. Bu, enerji təhlükəsizliyi məsələsidir, beynəlxalq sülh və təhlükəsizliyin təminatında birgə səylərdir, beynəlxalq terrorizmə qarşı mübarizə məsələləri və digər məsələlərdir”.

Bu fikirləri Musavat.com-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

elman.jpg (79 KB)

Millət vəkilinin sözlərinə əsasən, ABŞ-ın siyasi sistemi elədir ki, bir çox hallarda onların manipulyasiya etmək imkanları geniş olur:

“Birləşmiş Ştatlarda anti-Azərbaycan mövqeyi ilə çıxış edən əsas qurum Konqresdir. Orada 200-dən artıq ermənipərəst senator əyləşib. Onlar da gecə-gündüz anti-Azərbaycan prosesləri ilə məşğuldurlar. Amma Azərbaycan tərəfi məsələ qaldıranda ki, bu, bizim strateji tərəfdaşlıq münasibətlərimizə uyğun gəlmir, onların ənənəvi cavabı belə olur – bizdə hakimiyyətin bölgüsü var, bu, konqresmen və senatorların mövqeyidir. “Ancaq bu, heç bir halda ABŞ-ın rəsmi mövqeyi deyil” kimi cavabları biz çox eşitmişik.

Son zamanlar Birləşmiş Ştatların təkcə ali qanunverici orqanı deyil, ali icra orqanı səviyyəsində də anti-Azərbaycan davranışa, bəyanata və ayrı-ayrı addımlara şahidlik edirik. Bunlardan biri də Dövlət Departamentidir.

Bilirsiniz ki, ABŞ Dövlət Departamenti hər il ayrı-ayrı ölkələrdə insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı hesabatlar hazırlayır. Eyni zamanda ayrı-ayrı ölkələrdə dini azadlıqlar məsələsini qabardır. Bununla bağlı öz hesabatında müəyyən mövqe ortaya qoyur. Bu dəfə də Dövlət Departamenti dini məsələlər kontekstində Azərbaycana qarşı hədyan, yalanla dolu məlumatlar sərgiləməyə başlayıb”.

Elman Nəsirov bildirib ki, özünü demokratiyanın beşiyi sayan ABŞ ayrı-ayrı ölkələrdə demokratiyanın səviyyəsi ilə bağlı öz bildiyi qərarları qəbul edir:

“Bununla bağlı Çinin çox orijinal bir davranışı var. Onlar da Birləşmiş Ştatlarda insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı hər il hesabat dərc edirlər. Qeyd edirlər ki, ABŞ-da bu gün də rasizm var. Birləşmiş Ştatlar dünyanın ən böyük həbsxanasıdır, çünki məhbusların, həbsxanaların sayına görə Amerika dünyada birinci yerdədir. Baxmayaraq ki, irqi ayrıseçkilik guya 60-cı illərin əvvəllərində tamamilə ləğv olunub, amma bu gün də qorunub saxlanmaqdadır.

İndi də dini məsələləri qabardıb Azərbaycana təzyiq göstərmək istəyirlər. Əslində, Azərbaycan multikultural dövlətdir. Azərbaycanda bütün etnoslar bir ailə kimi yaşayırlar. Bu nöqteyi-nəzərdən Azərbaycanda dini zəmində heç bir zaman toqquşma, fikir ayrılığı olmayıb. Azərbaycanda şiələr və sünnilər məsciddə vəhdət namazı qılırlar. Biz dünyaya təkcə neft-qaz ixrac etmirik, həm də multikultural dəyərlər, birgəyaşayış mədəniyyəti ixrac edirik. Bu baxımdan multikulturalizmin əsas mərkəzlərindən birinə çevrilən Azərbaycanı dini azadlığın olmamasında ittiham etmək gülüncdür.

Bu cür davranışlarla Azərbaycana təzyiq göstərmək olmaz. Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi zəfər, öz ərazi bütövlüyünü tam təmin etməsi görünür, Dövlət Departamentinə qədər olan dairələri narahat edir. Bu cür hədyanlarla, yalanla dolu bəyanatlar verirlər”.

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR