Onlayn ictimai-siyasi qəzet
Tovuz rayonunda saxta sürücülük vəsiqəsi ilə avtomobil idarə edən şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Şəmkirin Dəllər-Daşbulaq kəndinin sakini olan və baytar kimi çalışan 1998-ci il təvəllüdlü Səbuhi Bayramovun sürücülük vəsiqəsinin saxta olduğu üzə çıxıb. Belə ki, o, Tovuzdakı regional ASAN Xidmət mərkəzində vəsiqəni dəyişdirərkən sənəd şübhə doğurub. Bundan sonra vəsiqə ekspertizaya təqdim edilib və onun saxta olması müəyyən edilib. Səbuhi barəsində isə Cinayət Məcəlləsinin 320-ci, yəni sənədlərin saxtalaşdırılması maddəsi ilə cinayət işi açılıb.
Səbuhi ifadəsində deyib ki, saxta sürücülük vəsiqəsini əsgərlik yoldaşı olan İxtiyar vasitəsilə 750 manata alıb:
“Əsgərlikdən sonra İxtiyarla aramda münasibət qalmışdı. 2023-cü ilin avqust ayında onunla telefonda danışarkən məndən sürücülük vəsiqəsi alıb-almadığımı maraqlandı. Dedim ki, işlərim çoxdu deyə sürücülük imtahanına hazırlaşa bilmirəm. İxtiyar dedi ki, çox özümü yormayım, onun Rüfət adlı qohumunun tanışları var və həmin şəxslər Rusiya Federasiyasında asan yolla sürücülük vəsiqəsi hazırlayırlar. Həmin sürücülük vəsiqəsini Azərbaycanda ASAN Xidmətə təqdim etməklə rahat şəkildə Azərbaycana məxsus sürücülük vəsiqəsi əldə etmək mümkün olur. Bu fikir maraqlı gəldi və İxtiyardan xahiş etdim ki, bu məsələ ilə bağlı daha geniş maraqlansın. Bir müddət sonra İxtiyar zəng edərək dedi ki, məsələni həll etmək mümkündür. Bunun üçün fotolarımı və 750 manat pulun lazım olduğunu dedi. İxtiyar bildirdi ki, sürücülük vəsiqəsi Rusiyada hazırlanır və sentyabr ayının əvvəlində göndəriləcək. Şəkilləri İxtiyara "WhatsApp" vasitəsilə göndərdim, pulu isə kartına yüklədim. 15 sentyabr 2023-cü ildə dedi ki, vəsiqə hazırdır, Rusiyadan göndəriblər və Şəmkirə gələn taksi ilə vəsiqəni mənə çatdırdı. Üzərində “RUS” yazılı sürücülük vəsiqəsinin verilmə tarixi 2020 kimi qeyd olunmuşdu. Mən də 18 sentyabr 2023-cü il tarixdə Tovuz rayonunda yerləşən ASAN xidmət mərkəzinə müraciət etdim. Çünki bizə ən yaxın ASAN xidmət mərkəzi Tovuzdadır. Vəsiqəni oradakı əməkdaşa təqdim edib dedim ki, bu vəsiqəni Rusiya Federasiyasından özüm almışam və indi Azərbaycan Respublikasında olacağım üçün Azərbaycana məxsus sürücülük vəsiqəsi ilə dəyişmək istəyirəm. Həmin əməkdaş sürücülük vəsiqəsinə baxanda dedi ki, bu sənəddə nəsə problem var, saxtaya oxşayır. Amma mən dedim ki, heç bir problem yoxdur. Bundan sonra ASAN Xidmətdəki əməkdaş dedi ki, mənə bir illik sürücülük vəsiqəsi verilir, amma Rusiyaya məxsus sürücülük vəsiqəsini yoxlamaq üçün götürdülər. Daha sonra məni polisə çağırdılar. Əməlimdən çox peşmanam”.
Tovuz rayon Məhkəməsinin ötən həftə çıxardığı hökmlə Səbuhiyə 300 saat ictimai işlər cəzası təyin edilib və üzərinə elektron qolbaq taxılıb.
Həmçinin saxta vəsiqə müsadirə edilib, ona verilmiş 1 illik vəsiqənin etibarlılığı da ləğv edilib.//publika.az
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ