İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda qızmar on günlük - kimlər risk altındadır?

Həkim: “Uşaqlar, kök insanlar, ürək-damar və endokrin xəstəliklərindən əziyyət çəkənlər daha diqqətli olmalıdır”

Avqustun 15-dən 10 gün ərzində ölkə ərazisində qızmar istilərin olacağı, havanın hərarətinin hətta 42-45 dərəcəyə qalxacağı gözlənilir. Bu da təbii ki, günvurma hallarının artması ilə nəticələnə bilər.

TƏBİB-dən “Yeni Müsavat”a bildirilib ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edən 27 nəfər hospitalizasiya edilib, 27 nəfərə yerində yardım göstərilib. Onlardan 40-ı böyük, 14-ü uşaqdır. Hospitalizasiya edilənlərdən isə 20 nəfəri böyük, 7-si uşaqdır.

Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Famil Qaflanov “Yeni Müsavat” əməkdaşının günvurmanın əlamətləri, qorunma yolları və s. ilə bağlı suallarını cavablandırıb, tövsiyələr verib.

- Növbəti günlərdə ölkə ərazisində havanın hərarətinin 45 dərəcəyə qalxacağı gözlənilir. Hansı qrup insanlar üçün belə istilərdə çölə çıxmaq böyük riskdir?

- Gün və isti vurma halları insan orqanizminin həddindən artıq qızması nəticəsində baş verir. Günvurma başın birbaşa gün şüalarının təsiri altında həddindən artıq qızması nəticəsində kəskin ağır vəziyyətin yaranmasıdır. Həddindən artıq qızma nəticəsində istilik mübadiləsi prosesinin güclənməsi ilə istilikvermə (istiliyin bir cisimdən başqasına keçməsi) azalır və yaxud çətinləşir, bu da həyat fəaliyyəti funksiyasının pozulmasına gətirib çıxarır. Bu zaman beynin qan damarları genişlənir və beyinə güclü qan axını baş verir. Bəzən xırda beyin qan damarlarının qırılması baş verir, bu isə mərkəzi və periferik əsəb sisteminin pozulmasına gətirib çıxarır. Günvurmanın əsas səbəbləri - başın örtüksüz, bədənin açıq və qorumasız halda günəş şüası qəbul etməsidir. Həmçinin gün vurmaya bürkü və küləksiz hava, çimərliklərdə spirtli içkilərin qəbul edilməsi, həddindən artıq yemək, gün şüası qəbul edən zaman yatmaq səbəb olur. Günəş ildən-ilə daha çox ultrabənövşəyi şüalar saçdığına görə gün və isti vurma faktları geniş vüsət alıb. Bu cür hallara ən çox uşaqlar, kök insanlar, ürək-damar və endokrin (daxili ifrazat) xəstəliklərindən əziyyət çəkənlər məruz qalır.

- Günvurmanın ilk əlamətləri nələrdir?

- Günvurmanın əsas əlamətləri - qızarmış sifət, dəhşətli baş ağrısı və başgicəllənməsidir. Bu əlamətlərdən sonra gözlərin qaralması, ürəkbulanması və müəyyən hallarda isə qusma baş verir. Bəzən burundan qanın axması və görmə qabiliyyətinin pozulması da olur. Yardım göstərilmədikdə, xəsarət alan huşunu itirir, təngnəfəs olur, nəbzi sürətlənir, ürək fəaliyyəti pozulur. Günvurma dəri yanması ilə də müşahidə olunur: buna misal olaraq qızartı, suluq və s. göstərmək olar.

- Həkim müdaxiləsinə qədər ilkin yardım necə olmalıdır?

- İlk yardım hər iki vəziyyətdə eynidir. Xəsarət alanı dərhal təmiz havaya, kölgəyə, sərin və normal ventilyasiya olan yerə çıxartmaq, paltarının yaxasını açmaq, yaxşısı isə belə qədər soyundurmaq və başı azca qaldırılmış vəziyyətdə kürəyi üstə uzatmaq lazımdır. Başının üstünə soyuq kompress (müalicə məqsədilə ağrıyan yerə qoyulan yaş sarğı) qoymaq, bədənini yaş mələfəyə bükmək və yaxud soyuq su vurmaq (çiləmək), çoxlu sərin su vermək lazımdır. Əgər bədən temperaturu 38,5 C-dən aşağı olarsa, fiziki soyutma dayandırılır. Əgər qıcolma baş verərsə, venadaxili relanium və ya natrioksibutirat köçürülür. Həmçinin infuzion terapiya (duz məhlulları) aparılır. Hemodinamikanı bərpa etmək məqsədilə qlükokortikoidlərdən (120-150 mq prednizalon) istifadə edilir. Əgər xəstədə qan dövranı və tənəffüs bərpa olunmursa, traxeya intubasiyası aparılır və xəstə süni tənəffüs aparatına qoşulur.

İlin həkimi » Sehiyye.info

- Günvurmadan qorunmaq üçün hansı tövsiyələriniz var?

- Şəhər əhalisinə məsləhət görürük ki, Günəş şüasının intensiv vaxtlarında, yəni 12:00-dan 18:00-dək gün altına çıxmasınlar, yüngül geyimlərdən istifadə etsinlər, bol meyvə-tərəvəz, sərin şirələr və maye qəbul etsinlər.

- Bəs çimərliyə gedənlərə nə məsləhət görürsünüz?

- Yay mövsümündə havanın və xüsusilə də dəniz suyunun hərarətinin yüksək olması çimərliklərə gedən insanların sayının artmasına gətirib çıxarır. Vətəndaşlar günün qızmar vaxtında günəş altında olmaqdan çəkinsələr, yaxşı olar. Ümumiyyətlə, günün çox hissəsini qızmar günəş altında fasiləsiz işlə məşğul olma, yürüşlər etmə insanları gün və isti vurma kimi real təhlükələrlə üzləşdirir. Əhalinin belə təhlükələrdən müdafiəsi məqsədilə həkim tövsiyəsi ilə yanaşı, məlumatlandırma işinin genişləndirilməsi də mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Əmək Məcəlləsində havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün işəgötürənlərin qarşısında zəruri tədbirlərin görülməsi üçün tələblər qoyulub. Belə ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu +41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Qeyd olunan hallarda işçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti  işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.

Məcəlləyə əsasən, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir.

İşçilərin həyat və sağlamlığının qorunması məqsədilə əməyin mühafizəsi tədbirlərinin görülməsi, o cümlədən havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda bu məqsədlə zəruri işlərin aparılması qanunvericiliklə işəgötürənlərin əsas vəzifələrindən biridir.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR