İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda niyə erməni Simonyanın “Sputnik”i bağlanmır?

“Sputnik Azərbaycan”ın rəhbəri olmuş Vitali Denisov Moldovadan niyə qovuldu?

Qulu Məhərrəmli: “Hazırda “Sputnik”in başı üzərini “qara buludlar” alıb, çünki...”

Məlum olduğu kimi, “Sputnik Moldova”nın rəhbəri Vitali Denisov Moldovadan deportasiya olunub. Bu barədə Denisovun özü məlumat verib. Onun sözlərinə görə, Moldovadan çıxarılması ilə bağlı qərar qəbul edilib. Onun ölkəyə girişinə 10 il qadağa qoyulub və Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov bu barədə məlumatlandırılıb.

VİTALİ.png (207 KB)

Qeyd edək ki, Moldovadan qovulmuş Vitali Denisov ötən ilin mart ayında “Sputnik Azərbaycan”a rəhbər təyin olunmuşdu. Onun təyinatı Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmamışdı. Əvvəllər qondarma Cənubi Osetiya Respublikasında “Sputnik”in yerli bürosuna başçılıq edən, çalışdığı müddətdə separatçı informasiyalar yaymaqla məşğul olan, üstəlik erməni əsilli, qatı antitürkçü Marqarita Simonyanın yaxın kadrlarından biri olan Vitalinin ölkəmizə təyinat alması təxribat və qərəzli addım kimi qiymətləndirilmişdi. Onun təyinatından bir neçə ay sonra isə “Sputnik Azərbaycan”nın (rus versiyası) 4 azərbaycanlı redaktoru - Gülzar Mustafayeva, Zülfiyə Qurbanova, Cəmilə Əfəndiyeva, Yelena Starostina istefa verdiklərini açıqlamışdılar. Gülzar Mustafayeva mətbuata açıqlamasında bildirmişdi ki, “Sputnik Azərbaycan”da onlardan ölkəmizin mövqeyinə qarşı məlumatın getməsini tələb ediblər:

“Detallar barədə danışmaq istəmirəm. Çünki biz işə qəbul olunanda öhdəliyə imza atmışıq və bunları danışmaq ixtiyarım yoxdur. Sadəcə, onu deyə bilərəm ki, bizdən Azərbaycanın mövqeyinə qarşı məlumatın getməsini tələb etdilər. Biz də 4 redaktor - Zülfiyə Qurbanova, Cəmilə Əfəndiyeva, Yelena Starostina və mən bununla razılaşmayıb istefa verdik”.

Qeyd edək ki, “Sputnik Azərbaycan”nın hazırda baş redaktoru Belousov Yevgeni Vladimiroviçdir.

O ki qaldı Denistovun Moldovadan qovulma səbəbinə, o, “RİA Novosti” agentliyinə açıqlamasında deyib ki, Moldova hakimiyyətindən ona milli təhlükəsizliyə təhdid yaratdığı, buna görə ölkəni tərk etməli olduğu bildirilib.

“Sputnik Moldova”nın “Telegram” kanalında yayılan məlumata görə, Miqrasiya Xidmətinin əməkdaşları Denisovun yanına gələrək əşyalarını yığmağa və ev heyvanlarını özü ilə aparmağa imkan vermədən onu maşına mindirib və ilk reysdə deportasiya olunması qərarı ilə hava limanına aparıblar.

Bu hadisədən dərhal sonra Moldovanın Moskvadakı müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Buna səbəb kimi “Sputnik”in Moldova bürosunun rəhbərinin ölkədən deportasiyası göstərilib.

Bəs niyə Azərbaycanda erməni Simonyanın “Sputnik”i bağlanmır?

qulumeherremli59.jpg (209 KB)

Mövzu ilə bağlı Əməkdar jurnalist, professor Qulu Məhərrəmli Musavat.com-a danışıb:

“Son bir neçə ayın hadisələri onu göstərir ki, “Sputnik” informasiya agentliyinin başı üzərində “qara buludlar” toplaşır. Məsələn, Ermənistanda “Sputnik”in müxbiri döyüldü və deportasiya olundu, ardınca isə Moldovada “Sputnik Moldova”nın rəhbəri Vitali Denisov Moldovadan deportasiya olunub. Ümumiyyətlə, Simonyanın özünün bu dəqiqə isterik halda olan çıxışları onu göstərir ki, “Sputnik”lə bağlı ciddi problem var.

Lakin qeyd edim ki, mən “Sputnik”ə təkcə Simonyanın media qurumu kimi baxmıram. Fikrimcə, “Sputnik” Rusiyanın manipulyativ siyasətindən “su içən” bir qurumdur. Bəli, burada “dirijorluğu” Simonyan edir, amma məsələnin kökləri çox dərindədir.

Azərbaycanda zaman-zaman “Sputnik”dən narazılıqlar var idi və var. Mənə elə gəlir ki, bu etirazlar, təzyiqlər hər halda “Sputnik”in fəaliyyətinə təsir edir. Çünki əsas şərtlərdən biri budur ki, “sən burada fəaliyyət göstərirsənsə, bu ölkənin həyatını obyektiv işıqlandırmalısan. Lakin fikrimcə, bütün hallarda informasiya müharibəsi dövründə ən çox uduzan və zərərçəkənlərdən biri məhz “Sputnik” olacaq. Ümumiyyətlə, Rusiyanın siyasəti ilə bağlı ermənipərəst media strukturları geniş mənada ciddi zərər çəkəcək. Çünki Rusiya informasiya vasitələrində, həmçinin rus ictimaiyyətində Ermənistana qarşı qəzəbli mövqe var və bu mövqedən əlbəttə ki, simonyanlar əziyyət çəkəcək.

O ki qaldı “Sputnik Azərbaycan”ın bağlanmasına, hər zaman bu fikirdəyəm ki, istənilən xarici informasiya agentliyinin bağlanılması məsələnin həlli deyil. Eləcə də “Sputnik Azərbaycan”nı bağlamaqla heç nəyə nail olmayacağıq. Bu bizim üçün də bir media platforması, xəbər xəttidir. Onu bağlamaqdansa normal əməkdaşlıq siyasəti yürütmək lazımdır. Yəni deməliyik ki, “siz doğrudan da Azərbaycanda baş verənləri obyektiv işıqlandırmayacaqsınızsa, Azərbaycana qarşı müsbət mövqedən yanaşamayacaqsınızsa, agentlik bağlanacaq”. Amma fikrimcə, bağlamaq ən axırıncı, son, çıxılmaz variantdır. Önəmli olan onlarla Azərbaycanın, həqiqətin xeyrinə olan informasiya meyarları ilə çalışan bilən əməkdaşlıqdır”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR