İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda meyiti belə “diriltdilər”

Transplantoloq Bəhruz Səlimov: “Ölümdən sonra orqan bağışlanmasının ölkədə geniş yayılması vacibdir”

Azərbaycanda ilk dəfə meyit donorun orqanları transplantasiya edilib. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin tabeliyindəki Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə Kliniki Tibbi Mərkəzdə müalicə alan pasiyentə beyin ölümü diaqnozunun qoyulmasına dair məlumat daxil olub. Beyin ölümü diaqnozu qoyulmuş vətəndaşın orqanlarının transplantasiyasına ailəsi razılıq verib.

Meyit donordan götürülmüş qaraciyər Mərkəzi Gömrük Hospitalında, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazıminin rəhbərlik etdiyi peşəkar tibbi heyət tərəfindən hepatit B və hepatit D-yə görə qaraciyər sirrozundan əziyyət çəkən 2002-ci il təvəllüdlü Mənzər Şərifovaya köçürülüb.

Gözün buynuz qişası isə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində iki resipiyentə köçürülüb. Onlardan biri Zaqatala, digəri isə Füzuli rayon sakinidir. “Bu əməliyyatlar yalnız ölkəmizdə deyil, həmçinin Qafqaz regionunda ilk dəfə meyit donordan alınan orqan transplantasiyası əməliyyatlarıdır”, - nazirlikdən bildirilib.

BƏHRUZ RÖVŞƏN OĞLU SƏLİMOV ÜMUMİ CƏRRAH, TRANSPLANTOLOQ | Azərbaycan Tibb  Ensiklopediyası

Bəhruz Səlimov

Ümumi cərrah, transplantoloq Bəhruz Səlimov “Yeni Müsavat”ın mövzu ilə bağlı suallarını cavablayıb.  B.Səlimov deyib ki, Azərbaycanda transplantasiya cərrahiyyəsi ilə məşğul olan mütəxəssislər uzun müddətdir ki, bu hadisəni gözləyirdi: “Bu hadisə nəinki Azərbaycanda, hətta bütün Qafqaz regionunda əlamətdar bir hadisədir. Regionda ilk olaraq məhz ölkəmizdə həyata keçirilməsi bizim üçün böyük xoşbəxtlikdir. O ki qaldı gələcəkdə bunun orqan transplantasiyası sahəsində yeni imkanlara səbəb ola biləcəyinə, uyğun şərtlər yarandıqda insanların orqanlarını bağışlaması təşviq edilməlidir. Ölümdən sonra orqan bağışlanması Azərbaycanda geniş yayılması vacibdir. Bir insan orqanlarını bağışlamaqla neçə insanın həyatını xilas edə bilər. Bu cür xeyirxahlıq ənənəsinin cəmiyyətdə yayılması olduqca vacibdir. Bundan əlavə, bu cür hadisələr artdıqca, Azərbaycanda fəaliyyət göstərən məhdud sayda transplantasiya mərkəzlərinin sayı da artacaq və bu sahənin inkişafına təkan verəcək. Hüquqi məsələlər həll olunduqdan sonra gələcəkdə xaricdən də xəstələri qəbul etmək iqtidarındayıq. Bu cür əməliyyatların sayı artdıqca, mövcud kadrlarımızla yanaşı, yeni mütəxəssislər də yetişəcək və səhiyyəmizin daha yüksək səviyyəyə çatmasına töhfə verəcək”.

Müsahibimiz orqan transplantasiyası üçün meyit donorluğu ilə canlı donor arasındakı fərqi belə izah edib: “Meyit donorluğu deyilir, tibbi terminlə isə bu, "kadaverik donorluq" adlanır. Canlı donorla kadaverik donor arasındakı əsas fərq ondadır ki, canlı donorda bir gündə iki əməliyyat aparılır. Biri tam sağlam və həyat fəaliyyətini davam etdirən bir insanın üzərində olur - o, öz orqanını bağışlayaraq başqa bir xəstənin yaşamasına kömək edir. Digəri isə həmin orqanı alan xəstənin üzərində aparılan transplantasiya əməliyyatıdır. Bu, adətən ən çox yayılmış qaraciyər və böyrək transplantasiyalarına aiddir. Bununla yanaşı, gözün buynuz qişası, ağciyər, ürək, damarlar və digər orqanların da donorları ola bilərlər. Nəzərə alsaq ki, canlı donorlardan, yəni sağ insanlardan biz ürək və böyük damarları götürə bilmərik, çünki bu, onların həyat fəaliyyətini tamamilə dayandırar və həmin donoru itirmiş olarıq. Kadaverik donorluqda isə həyati vacib orqanları tam şəkildə çıxarmaq mümkündür. Məsələn, qara ciyər tam şəkildə götürülə bilər, ağciyər, ürək isə ayrı-ayrılıqda və ya kompleks şəkildə transplantasiya edilə bilər. Böyük damarlar isə beyin ölümü keçirmiş, lakin digər orqanları işlək vəziyyətdə olan xəstələrdən götürülə bilər. Belə xəstələrdən, yəni kadavralardan biz bu orqanları çıxarıb ehtiyacı olan insanlara köçürə bilirik. Bir kadaverik donor ən azı 4-5 insanın həyatını xilas edə bilər. Canlı donorda isə biz orqanı həm də hissəvi şəkildə çıxarmalıyıq. Bunun əsas şərti odur ki, həm donor sağlam şəkildə həyatına davam etməlidir, həm də çıxarılan orqan xəstə şəxsin orqanizmində funksiyasını yerinə yetirə bilməli və onun həyat funksiyaları davam etdirməli və ölümdən qurtarmalıdır. Əməliyyatın uğurlu keçməsi üçün həm canlı, həm də kadaverik transplantasiyaya aid olan müəyyən prosedurlar mövcuddur. Donor və resipiyent, yəni xəstənin orqanlarının toxuma və qan antigenlərinin uyğunluğu olmalıdır. Bu uyğunluq təsdiqləndikdən sonra transplantasiya əməliyyatının icrası mümkün olur. Lakin son zamanlar xüsusi dərman vasitələri hazırlanıb ki, çarpaz uyğunluğu olmayan orqanların belə köçürülməsi mümkün olsun. Bu proses yekunlaşmasa da, müəyyən zaman alacaq, gələcəkdə bu prosedurların daha geniş tətbiqi mümkün olacaq. Canlı donorlarla bağlı xüsusi psixoloji hazırlıq prosesi aparılmalıdır. Bu, həm resipiyentin, həm də donorun yaxınları üçün vacibdir ki, onlar ağır əməliyyatdan sonrakı vəziyyətə mənəvi və emosional baxımdan hazır olsunlar. Postoperativ dövrdə isə əsasən immunosupressiv terapiya aparılır. Bəs bu nə üçün aparılır? Əsas məqsəd orqanın bədən tərəfindən rədd edilməsinin (orqan qopma reaksiyasının) qarşısını almaqdır ki, yeni orqan insan orqanizmində fəaliyyətini davam edə bilsin. Bundan əlavə, xəstə müəyyən müddət ərzində ciddi həkim nəzarəti altında qalmalıdır. Bu dövr bəzən bir həftə, bəzən isə daha uzun müddət davam edir və reanimasiya şəraitində və ya stasionar tibbi nəzarət altında aparılır. Bu proseslər uğurla başa çatdıqdan sonra reabilitasiya müddəti başlayır və ondan sonra da xəstənin daimi tibbi nəzarətdə olması vacibdir. Transplantasiya olunmuş şəxs digər sağlam insanlardan fərqli olaraq, ömür boyu immunosupressiv terapiya almalıdır. Bu isə immun sisteminin zəifləməsinə və infeksiyalara qarşı həssaslığın artmasına səbəb ola bilər. Belə hallarda mütəmadi həkim nəzarəti və xüsusi müalicə tədbirləri tələb olunur".

“Orqan transplantasiyasından sonra xəstələrin uzun müddət yaşamaq ehtimalı nə qədərdir” sualına transplantoloq belə cavab verib: “Orqan transplantasiyası keçirmiş xəstələrin sağalma ehtimalı bir çox faktordan asılıdır. Məsələn, transplantasiya edilən orqanın növü, resipiyentin (orqan alan şəxsin) ümumi sağlamlıq vəziyyəti, immunosupressiv müalicəyə nə dərəcədə uyğunlaşması və düzgün təşkil olunmuş mütəmadi tibbi nəzarət bu amillər sırasına daxildir. Lakin ən vacib məsələlərdən biri xəstənin bu prosesləri nə dərəcədə düzgün başa düşməsi və öz sağlamlığına necə nəzarət etməsidir. Tibbi praktikada və ədəbiyyatda rast gəlinən hallardan biri budur ki, bəzi xəstələr həkim tərəfindən təyin olunan immunosupressiv müalicəni özbaşına dəyişdirirlər. Bu isə ciddi fəsadlara-infeksion proseslərin ağırlaşması, autoimmun proseslərin güclənməsi, hətta orqanın qopmasına səbəb ola bilər. Buna görə də xəstə həkimin nəzarətində olduğu müddət ərzində deyil, həm də müalicə prosesini düzgün yerinə yetirdiyi müddətcə daha uzun yaşamaq ehtimalına sahib olur. Amma elə xəstələr də var ki, onlar həkim təyinatına səthi yanaşır, müalicəni düzgün aparmır və öz sağlamlıqlarına kifayət qədər diqqət göstərmirlər. Bu cür hallarda transplantasiya sonrası fəsadların yaranma riski daha yüksək olur və uzun yaşamaq ehtimalı azalır”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR