İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda məmurların sosial mediaya inteqrasiyası artacaq- SƏBƏB




"Prezidentin sosial media və ənənəvi media ilə bağlı açıqlaması ciddi keyfiyyət  dəyişikliklərinə səbəb olacaq".

Musavat.com bildirir bu sözləri Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz ötən gün Prezidentin Şuşa Qlobal Media Forumunda səsləndirdiyi açıqlamalara münasibət bildirərkən deyib. Osman Gündüz qeyd edib ki, Prezidentin sosial və ənənəvi media ilə bağlı açıqlamasından sonra Azərbaycanın sosial media və ənənəvi media sektorunda, bütövlükdə cəmiyyətdə ciddi keyfiyyət dəyişiklikləri baş verəcək :

"1. Cəmiyyətimizdə sosial medianın ictimai əhəmiyyəti, ictimai platforma olaraq rolu xeyli yüksələcək.
İctimai rəyin formalaşmasında, ictimai nəzarətin gerçəkləşməsində, ictimai müzakirələrin təşkilində Facebook -un rolu xeyli artacaq.
Ayrı-ayrı vətəndaşlar tərəfindən, sosial media istifadəçiləri tərəfindən ictimai-faydalı resursların, ictimai əhəmiyyət kəsb edən kontentin yaradılmasına daha çox əhəmiyyət veriləcək.
Hətta gözləmək olar ki, TikTok, İnstagram, Twitter kimi resursların da ictimai-faydalı çəkisi xeyli yüksəlsin.

2. Məmurların və dövlət qurumlarının ənənəvi mediaya və sosial mediaya diqqəti və inteqrasiyası artacaq.
Media sektorunda PR işləri və real vaxtda aparılan media  monitorinq işləri güclənəcək.
Bu sahədə  peşəkarlara daha çox üstünlük veriləcək və bu sahəyə, ictimai-faydalı kontentin istehsalına  daha çox resurslar ayrılacaq.

3. Gözləmək olar ki, bundan sonra vətəndaşlarla mərkəzi icra orqanları rəhbərlərinin, artıq çoxdan öz əhəmiyyətini itirmiş, xeyli səmərəsiz olan  oflayn, ənənəvi görüşləri ləğv edilsin və bu görüşlər sosial media üzərindən reallaşsın".

Xatırladaq ki, Prezident İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında ölkənin həyatı ilə bağlı bir çox mühüm məsələləri sosial mediadan öyrəndiyini deyib. 

“Fəaliyyətin miqyası o qədər böyükdür ki, bəzən cəmiyyətin nəbzini hiss etmək olmur. Cəmiyyətin nəbzini hər zaman hiss etmək lazımdır. Mən ölkədə səyahət edirəm, insanlarla görüşürəm və təbii ki, sosial mediadan istifadə edirəm. Azərbaycanda baş verən bir çox hadisələr və mənə məruzə edilməmiş bəzi hadisələr, istər bürokratik maneələr və ya bilərəkdən mənə məruzə edilməyən müəyyən məsələlər olub və ya mən digər məsələlərlə məşğul olmuşam, hətta mənim nəvələrim mənə müəyyən məlumatlar verirlər. Övladlarım sosial mediada gördüklərini mənə deyirlər və mən özüm də sosial medianı izləyirəm. O, mənə çox yardımçı olur”,- deyə Prezident qeyd edib.

Xalidə Gəray
Musaavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR