İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda liberal olmağın əsas şərti Türk Dünyasına nifrət etməkdirmi?

Azərbaycanın Türkiyəyə qarşı hər zaman qərəzli mövqeyi ilə seçilən bir çox liberalları dünəndən bəri Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsinə razılıq verməsini İsveç və Finlandiyanın qələbəsi kimi təqdim etmək üçün dəridən-qabıqdan çıxırlar..

Əslində isə bunun Türk diplomatiyasının uğuru olduğu o qədər açıq şəkildə ortadadır ki...

Türkiyə terrora dəstəklə bağlı qayğı və əndişələrinin aradan qalxmayana qədər bu ölkələrin NATO-ya üzvlüklərini veto edəcəyini ilk başdan açıq şəkildə bəyan etmişdi. Dünən NATO baş katibinin də iştirakı ilə 3 ölkə arasında imzalanan memorandumda Türkiyənin bütün tələbləri yer aldı.

Bunlara, həmin ölkələrdə PKK, PYD/YPG, FETÖ və digər terror örgütlərinin fəaliyyətlərinin qadağan edilməsi, onların maliyyə qaynaqlarının qurudulması, Türkiyə tərəfindən tələb edilən terroristlərin Türkiyəyə ekstradisiyası, silah embarqosunun ortadan qaldırılması, terrorla mübarizədə Türkiyəyə birmənalı dəstək verilməsi və sairə daxildir.

Üçlü memorandumda, hətta Amerika Birləşmiş Ştatlarının Suriyada əməkdaşlıq etdiyi və açıq dəstək verdiyi, PKK-nın uzantısı olan PYD/YPG-nin belə terror təşkilatı olaraq yer alması çox böyük diplomatik uğurudur.

Bundan başqa, memorandumdakı ən önəmli xüsuslardan biri də, demək olar ki, hələ heç bir ciddi dövlət tərəfindən terror təşkilatı olaraq qəbul edilməyən FETÖ-nün adının da terror örgütü olaraq yer almasıdır.

Bu qədər uğuru görməzdən gəlib, Türkiyənin diplomatik zəfərini bu iki Avropa ölkəsinin adına yazmağın adı qərəz və qeyri-obyektivlik deyil də, nədir?

"Arqument"ləri budur ki, Erdoğan bu məsələ gündəmə gələndə demişdi ki, biz bu iki ölkənin NATO-ya üzvlüklərini veto edəcəyik, amma sonra Ərdoğanın şəxsində Türkiyə geri addım atdı.

Əslində isə özləri də çox gözəl bilirlər ki, xarici siyasətdə bəzən "blef" olaraq çox şey deyilir. Sözə yox, əmələ baxmaq lazımdır. Anadoluda belə bir deyim var: "Xədicəyə deyil, nəticəyə baxmaq lazımdır".

Nəticə isə budur ki, Türkiyə öz mövqeyindən bir addım yox, bir santimetr belə geri çəkilmədi, əksinə, İsveç və Finlandiya indiyə qədər terrora dəstək verdiklərini etiraf edərək bundan sonra dəstəyi dayandıraraq, terrora qarşı mübarizədə Türkiyə ilə əməkdaşlıq edəcəkləri ilə bağlı yazılı olaraq öhdəlik götürdülər.

Xarici siyasət "Al gülüm, ver gülüm" məsələsidir və Türkiyə əvvəlcə öz istədiyini aldı, ondan sonra onlara lazım olanı verdi.

Son olaraq, mən anlamıram, Azərbaycanda liberal, dinçi və ya solçu olmağın əsas şərti Türkiyəyə və Türk Dünyasına nifrət etməkdirmi?

Zaur Bayramlı, siyasi şərhçi

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR