Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda aqrar sektorda kartof istehsalının payı hər zaman böyük olub. Bu da ölkədə kartof istehlakının yüksək həddi ilə bağlıdır. Azərbaycan xalqının mətbəxində kartofun mühüm payı var: yeməklərimizin çox böyük hissəsi kartofla bişirilir. Təsadüfi deyil ki, kartofu ölkəmizdə “ikinci çörək” adlandırırlar. Buna görə də ölkə üzrə istehlak olunan kartofun 90 faizə yaxını məhz əhalinin şəxsi istehlakıdır. Halbuki dünyada kartofun təzə halda istehlakı ümumi istehsalın heç yarısı qədər deyil. Kartof xüsusilə inkişaf etmiş ölkələrdə əsasən emal sənayesində, heyvandarlıq və quşçuluqda daha çox istehlak edilir.
Rəsmi statistika Azərbaycanın kartofla özünü tam təmin edə bilmədiyini göstərir. Bu göstərici 88 faiz təşkil edir. Maraqlıdır ki, ölkədə istehsal olunan kartofun rəsmi statistikanın qeydə aldığı həcmi mövcud tələbatdan xeyli yüksək olsa da, nədənsə özünütəminat səviyyəsində bu, əksini tapmır. Belə ki, rəsmi ərzaq balansında ölkə əhalisinin illik kartof istehlakı 840-845 min ton civarında göstərilir. Daha 6,5-7 min ton qida məhsullarının istehsalına sərf edilir. Mal-qara və quş yemi üçün kartof istehlakı sürətlə artaraq 2021-ci ildə 55,5 min tona çatıb. İllik itkilər 70 min ton ətrafında dəyişir. Yəni faktiki istehlak itkilərlə birlikdə 1 milyon tona çatmır. Ölkədə kartof istehsalı isə son illərdə 1 milyon tondan aşağı olmayıb. Belə ki, son illərdə ölkədə kartof əkini sahələrində azalma olsa da, rəsmi statistikada ümumi istehsalın artması müşahidə edilir: 2019-cu ildə 56 921 hektar sahədən 1 milyon 4172 ton, 2021-ci ildə 56 104 hektar sahədən 1 milyon 61 958 ton, 2022-ci ildə 54,7 min hektar sahədən 1 milyon 74,3 min ton kartof yığılıb. Bu halda, maraqlı mənzərə yaranır: ölkədə daxili istehlakdan 200 min tona yaxın çox məhsul istehsal olunur, amma bu, daxili tələbatı tam təmin etməyə çatmır. Nəticədə, hər il xaricdən 100-150 min ton civarında kartof idxal edirik.
Azərbaycanda ildə 70-80 min ton arası faraş kartof ixracı qeydə alınır. 2022-ci ildə kartof ixracı 78 301,42 ton (35 milyon 121,66 min dollar), idxalı isə 159 725,97 ton (41 milyon 788,31 min dollar) təşkil edib. Kartofu əsasən Belarus(6355,98 ton), Rusiya (45274,57 ton), Ukrayna (2931,7 ton), Gürcüstan (7882,8 ton), İran (41647,78 ton), Pakistan (24580,43 ton), Türkiyədən (31005,17 ton) idxal etmişik. Bu məhsulun ixracında Rusiya (73677,01 ton), Belarus (1886,25 ton) və Ukrayna (1413,85 ton) əsas yerləri tutub.
Ötən il kartof ixracı və idxalı 2021-ci illə müqayisədə xeyli azalıb. 2021-ci ildə 92 350 ton ixrac, 226 906 ton idxal olmuşdu. Bu ilin altı ayında da kartof idxalı və ixracında 2022-ci illə müqayisədə azalma var. Belə ki, bu ilin yanvar-iyun aylarında 83 167,52 ton (23 milyon 61,61 min dollar) kartof idxal edilib, 71 028,06 ton (30 milyon 983,58 min dollar) isə ixraca yönəldilib. Ötən ilin eyni dövründə kartof idxalı 26 milyon 308,94 min dollarlıq 100 051,01 ton, ixracı isə 35 milyon 59,15 min dollarlıq 78 156,41 ton olmuşdu. Bu, kartof idxalının dəyər ifadəsində 12,4 faiz, həcmcə 17 faiz, ixracının isə müvafiq olaraq11,6 faiz və 9 faiz azalması deməkdir.
Bu il Azərbaycanda kartof istehsalında azalma qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 32 min 665 hektar sahədən 664 min 921.7 ton kartof yığılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.8 faiz və ya 12 min ton azdır. 2022-ci ilin yanvar-iyul aylarında 34 min 762 hektar sahədən 676 min 984 ton məhsul yığılmışdı.
Qeyd edək ki, hesabat dövründə ən çox kartof Cəlilabad (161500 ton), Şəmkir (143750 ton) və Tovuz (136055 ton) rayonlarından yığılıb.
Cari ildə kartofun əkin sahələrində də azalma var. Belə ki, rəsmi statistikaya əsasən, 2023-cü ilin yanvar-may aylarında ölkə üzrə 341,8 min hektar sahədə və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz az yazlıq bitkilərin səpini aparılıb. Bu zaman ölkə əhalisinin qida rasionunda mühüm yer tutan kartof əkinləri 10,4 faiz və ya 5691 hektar azalmaqla 48 min 990 hektar təşkil edib. O cümlıdən Qazax-Tovuz iqtisadi rayonunda 21 min 737.6 hektar, Lənkəran-Astara iqtisadi rayonunda 10 min 122.5 hektar, Quba-Xaçmaz iqtisadi rayonunda 4 min 46 hektar, Şəki-Zaqatala iqtisadi rayonunda isə 3 min 916.5 hektar kartof əkilib.
Rəsmi statistika avqustun 1-dək olan dövrü əhatə edir və kartof əkilən sahələrin 16 min hektardan yuxarısından toplanan məhsul orada əksini tapmayıb. Bu baxımdan, yekunda kartof istehsalında azalma olmayacağı da mümkündür. Lakin bu il kartof səpini, daha sonra becərilmə müddətində hava şəraitinin uyğun olmaması, yağıntılı və soyuq keçməsinin məhsuldarlığa mənfi təsir edəcəyi gözləniləndir. Yağıntılı hava şəraitinin kartofa mənfi təsiri artıq ortadadır. Müxtəlif rayonlardan aldığımız məlumata əsasən xüsusilə cənub və qərb bölgələrində yağıntılı hava üzündən kartof torpaqda xarab olub, üstəlik, yağışların dərmanlamaya mənfi təsiri nəticəsində qurd və digər zərərvericilər məhsula böyük ziyan vurub. Bu halların istehsal həcmlərini azaltması realdır.
Qeyri-sabit hava şəraitinin Azərbaycanda əkinlərə zərər vurduğunu rəsmi statistikadan da görmək olur. Bildirilir ki, cari il iyulun 1-i vəziyyətinə keçirilmiş əkin sahələrinin qəti uçotunun nəticələrinə əsasən 2023-cü ilin məhsulu üçün əvvəlki illərdə əkilmiş çoxillik otların əkin sahələri də daxil olmaqla, payızlıq və yazlıq bitkilərin ümumi əkin sahəsi 1546,7 min hektar olub və əvvəlki illə müqayisədə 77,3 min hektar və yaxud 4,8 faiz azalıb. Ümumi əkin sahəsi kənd təsərrüfatı müəssisələri üzrə 21,5 faiz, fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatları üzrə 2,1 faiz azalıb.
Kartof istehsalına yağıntıların nə qədər zərər vurduğunu rəsmi statistikanın yekun göstəricilərindən və sığorta üçün edilən müraciətlərdən müəyyən etmək mümkün olacaq. Hava şəraitinə görə əkinlərini sığortaladan fermerlərə dəyən zərərin ödənməsi Aqrar Sığorta Fondu tərəfindən həyata keçirilir. Fondun idarə heyətinin sədri Fuad Sadıqovun verdiyi məlumata əsasən 2023-cü ildə respublika üzrə 420 min hektara yaxın əkin ərazisi sığortalanıb. İlin əvvəlindən iyulun 15-dək əkin sahələrinə dəyən zərərlərlə bağlı Fonda müraciətlərin sayı 7 minə çatıb. Təkcə sel-subasma və yağışlar nəticəsində sığortalı fermerlərdən 1000-ə yaxın müraciət daxil olub: “Bəzi fermerlərimizin əkin sahələri mövsüm ərzində bir neçə dəfə müxtəlif formada zərərə məruz qalıb - sahəyə dolu düşüb, güclü külək-fırtına olub və sair”.
Ümumilikdə sığortalanan əkin sahələrinin 125-130 min hektarı müxtəlif dərəcədə zərərə məruz qalıb: “Sığortalanan ərazilərin 125-130 min hektarına müxtəlif dərəcədə - tam və yaxud qismən ziyan dəyib. Həmin ərazilərdə təqribən 135 milyon manatlıq istehsal həcmi var ki, onlar tərəfimizdən sığortalanıb”.
Fond sədri qeyd edib ki, əkin sahələrinə dəyən zərər qiymətləndirilir, sığorta hadisələrinin araşdırılmasına və zərərin hesablanmasına yerli və Türkiyədən gəlmiş ekspertlər də cəlb olunub, proses tamamlandıqdan sonra təzminat ödənişlərinə başlanılacaq: “Fermerlərimizə bildirmək istəyirik ki, narahat olmasınlar, bütün sığorta hadisələri üzrə dəymiş ziyan qanuna uyğun olaraq dövlət tərəfindən qarşılanacaq. Bu əlbəttə ki, yalnız sığortalanmış əkin ərazilərinə şamil olunacaq”.
Xatırladaq ki, hazırda aqrar sığorta 41 bitki üzrə 29 riskdən təminat verir. Buraya təbiət hadisələri - fırtına, qasırğa, sel, su basmaları, daşqınlar, eləcə də üçüncü şəxslərin hərəkətləri, bitki xəstəlikləri, zərərvericilər və insan faktorundan asılı olmayan müxtəlif hadisələr aiddir.
Fermerlərə dəstək məqsədilə sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir.
Aydın məsələdir ki, aqrar sığortadan iri istehsalçılar yararlanır. Fərdi ev təsərrüfatları bu alətdən, ümumiyyətlə, istifadə etmirlər desək, yanılmarıq. Azərbaycanda kartofun çox mühüm hissəsi məhz ailə təsərrüfatlarında istehsal olunur. Bu isə o deməkdir ki, yağıntıların onlara vurduğu zərərin sığorta ilə qarşılanması mümkün olmayacaq.
Nəhayət, istehsalın azalması idxalın çoxalması deməkdir. İdxalın yüksək dərəcədə inhisarlaşdığını nəzərə alsaq, qarşıdan gələn qış-yaz mövsümündə Azərbaycanda kartofun qiymətinin bahalaşacağını bəri başdan söyləyə bilərik.
Dünya SAKİT,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ