Onlayn ictimai-siyasi qəzet
Yaxın Şərqdə İran-İsrail müharibəsinin beşinci günündə gərginlik səngimək bilmir.
Musavat.com xəbər verir ki, CNN Türk-ün xüsusi xəbərlər şefi, Azərbaycanın sevimlisi Fulya Öztürk canlı yayımda regiondakı vəziyyəti və İsrailin Tehrana yönəlik mümkün planlarını təhlil edib.
Fulya Öztürkün sözlərinə görə, İsrailin həyata keçirdiyi hava hücumları nəticəsində İranın bir çox bölgəsi – o cümlədən Tehran, İsfahan, Kirmanşah, Həmədan, Şiraz və Məşhəd şəhərləri intensiv raket atəşinə tutulub. O qeyd edib ki, İran da cavab olaraq Tel-Əviv və digər İsrail şəhərlərini hədəfə almaqdadır.
“Bu, tam anlamı ilə havadan-havaya müharibədir. İki ölkənin sərhədi yoxdur, lakin bir-birinin şəhərlərini uzaqmənzilli raketlər və dronlarla vururlar”, – deyə Fulya Öztürk bildirib.
Fulya Öztürk vəziyyətin Qəzza ilə paralellərini də çəkib:
“İsrail Qəzzədə necə sivil infrastrukturu vururduysa, indi də İranın daxilində – xüsusilə tələbə yataqxanası, televiziya binası və xəstəxanaları hədəfə alır. Kirmanşahda Farabi Xəstəxanası, Tehranda televiziya binası, Tələbə yataqxanası artıq dağıdılıb.”
O əlavə edib ki, İran əhalisinin bir hissəsi artıq kəndlərə və şəhərkənarı ərazilərə çəkilib, Tehranda isə qeyri-adi bir sükut hökm sürür.
Jurnalist İsrailin əsas hədəfinin İran rejimini zəiflətmək və Ali Lider Ayətullah Əli Xameneini fiziki olaraq aradan qaldırmaq olduğunu deyib:
“İsrailin məqsədi rejimi devirmək, Xameneinin öldürülməsidir. Amma bu, yalnız hava hücumları ilə mümkün deyil. Əgər yerüstü hərbi nəzarət qurulmasa, bu məqsədə çatmaq çətin olacaq.”
Fulya Öztürk İranın raket imkanlarına da toxunub:
“İran hələ öz potensialının hamısını nümayiş etdirməyib. Fettah və Hürremşəhr tipli raketlərin bəziləri hələ döyüşə cəlb olunmayıb. Bu da o deməkdir ki, vəziyyət daha da gərginləşə bilər”.
Hazırda regionda internet əlaqələrində problemlər davam edir. İsfahan və Natanzda yerləşən nüvə obyektlərinin də ilk hücumlarda hədəf alındığı bildirilir. Təzə xəbərlərə görə, bu səhər saatlarında Təbrizdə yenidən partlayış səsləri eşidilib.
İran isə BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq öz hərəkətlərini “qanuni müdafiə haqqı” kimi əsaslandırır.
Gözlər indi Təl-Əvivin növbəti addımında və Tehranın cavab gücündədir. Hər iki tərəf geri çəkilmək əvəzinə, daha sərt ritorika və strateji zərbələrlə müharibəni uzatmağa meyllidir.
Musavat.com
17 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ