İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda hepatit A virusuna yoluxma halları artıb? - RƏSMİ

Ötən ilin son aylarından başlayaraq, Azərbaycanın ayrı-ayrı ərazilərində hepatit A virusuna tək-tək yoluxma halları qeydə alınıb.

Musavat.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2024-cü ilin yanvar ayında isə Bakı şəhərinin Suraxanı rayonu üzrə “hepatit A” diaqnozu ilə bir sıra yoluxma hadisələri barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə məlumatlar daxil olub:

“Qeydə alınan xəstəlik hadisələrinin Suraxanı rayonunun Əmircan və Bülbülə qəsəbələri üzrə müxtəlif orta məktəb və məktəbəqədər təhsil müəssisəsində baş verdiyi müəyyən edilib. Nəzərə alsaq ki, hepatit A virusu fekal-oral yoluxma mexanizminə malikdir və adətən çirkli əllər, çirklənmiş su, eləcə də ümumi gigiyenik qaydaların pozulması ilə yayılır, mütəşəkkil kollektivlərdə bu və digər yoluxucu xəstəliklərdən qorunmağın ən effektiv yolu gigiyenik qaydalara və əksepidemik rejimə əməl etməkdir. Bununla yanaşı, təhsil müəssisələrində vaxtlı-vaxtında su-kanalizasiya xətlərinin təftişi, mövcud su anbarlarının, ehtiyat su çənlərinin qeydiyyata alınması, hər il yuyulub-zərərsizləşdirilməsi də vacib şərtlərdəndir”.

Məlumatda həmçinin bildirilib ki, müşahidə edilən epidemioloji vəziyyətlə əlaqədar Səhiyyə Nazirliyinin aidiyyəti mütəxəssisləri tərəfindən ərazilərdə içməli suyun mikrobioloji göstəricilərinin yoxlanılması məqsədilə keçirilən monitorinqlərin sayı artırılıb:

“Aparılan monitorinqlər nəticəsində “Azərsu” ASC tərəfindən əhaliyə verilən içməli suyun mikrobioloji göstəricilərinin ölkədə qüvvədə olan dövlət standart və normalarına cavab verdiyi müəyyən edilib. Hazırda epidemioloji vəziyyət nəzarət altındadır, yoluxma hallarının sayında azalma müşahidə olunur. Eyni zamanda, su xətləri və çənlərin yuyulub-təmizlənməsi və zərərsizləşdirilməsi istiqamətində də işlər davam etdirilir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Noyabr 2024

09 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR