İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana qarşı məkr - erməni lobbisi Trampa “xod” axtarır

Konqresdəki “erməni qrupu” Rubioya məktub göndərərək Bakıya sanksiyaların tətbiqinə çağırıblar; ekspert baş nazirin Vaşinqton səfərini və bu cəhdləri növbəti fiasko sayır

Ermənistanın baş naziri Nikol Paşinyanın ötən həftə ABŞ-a etdiyi səfər güddüyü hədəflər baxımından fiasko sayıla bilər. Əsas da o səbəbə ki, Nikol Bayden hökumətinin ermənipərəst kursunu davam etdirə biləcəyi ilə bağlı Tramp administrasiyasından heç bir zəmanət ala bilmədi. Rəsmi şəxslərdən isə yalnız vitse-prezident Ceyms Vens Paşinyanla 5-6 dəqiqəliyinə görüşüb. Bu müddətdə də ciddi mövzuların müzakirəsi istisnadır.

Məsələ ondadır ki, ABŞ-da vitse-prezident postu siyasi iyerarxiyada o qədər də nüfuzlu sayılmır. Ermənistanın baş naziri isə ABŞ-ın qərar qəbul edən şəxslərdən heç biri ilə - prezident Tramp,  müdafiə naziri və prezidentin milli təhlükəsizlik müşaviri ilə görüşməyib. ABŞ-ın xarici siyasətini isə məhz bu rəsmilər müəyyən edir.

Bu arada ABŞ Konqresində “erməni qrupu”un həmsədrləri - Nümayəndələr Palatasının üzvləri Frenk Pallon, Qus Bilirakis, Bred Şerman və Devid Valladao dövlət katibi Marko Rubioya məktub göndərərək Azərbaycana qarşı iqtisadi sanksiyaların tətbiqinə çağırıblar. Məktubda Tramp administrasiyasından Ermənistana dəstəyi davam etdirmək, hərbi və müdafiə yardımını artırmaq və İrəvanı pilotsuz döyüş maşınları ilə mübarizə aparmaq üçün avadanlıqla təmin etmək xahiş olunur.

Bundan əvvəl də həmin lobbistlər dəfələrlə Ağ Evə və Dövlət Departamentinə məktublar göndərərək, Bakıya qarşı sanksiyaların tətbiqini tələb edib və müxtəlif qanunvericilik təşəbbüsləri irəli sürüblər. Ancaq hazırkı müraciət Trampın ikinci prezidentliyi dönəmində Azərbaycanı gözdən salmaq üçün ilk rəsmi müraciətidir. Təsiri olacaqmı?

“Ermənistan davası” təşkilatının Vaşinqtondakı ofisinin mətbuat katibi Yeqhisabet Çuljiyan isə deyib ki, ABŞ prezidentinin xarici yardımın dondurulması ilə bağlı fərmanını Azərbaycana münasibətdə çox müsbət qiymətləndirirlər: “Belə ki, həmin ölkənin hökuməti həmişə ABŞ yardımından öz iradəsinin əksinə istifadə edib”.

Erməni diasporu rəsmisinin sözlərinə görə, Azərbaycana yardıma yenidən baxılacağına sevinsələr də, bəzi məsələlərdən əmin deyillər. “Lakin əmin olmaq istərdik ki, bu, həm də Azərbaycana hərbi yardımın dayandırılmasına səbəb olacaq”.

Çuljiyan bildirib ki, Amerikadakı erməni diasporu Azərbaycana qarşı sanksiyaların tətbiqi istiqamətində də iş görür. “Biz həmçinin Qarabağda həyata keçirilən soyqırım hərəkətlərinə görə Azərbaycana qarşı sanksiyaların tətbiqi üzərində işləyirik. Lakin bunun nəticələrinin olub-olmayacağı barədə indidən nəsə demək mümkün deyil. Tramp hələ yeni dövlət başına keçib”, - erməni fəalı sayıqlayıb.

Rəsmi Bakı isə Ağ Evin yeni rəhbərliyi ilə münasibətlərə ümidlə baxır. Prezident yeni hakimiyyət dövründə əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə qalxacağını gözləyir. Tramp erməni diasporunu və satqın konqresmenləri eşidərmi, əgər Paşinyanın son ABŞ səfərinə o, faktiki “sıfır” diqqət ayırıbsa?

Xatırladaq ki, hətta Bayden kimi ermənipərəst prezident dövründə belə bu çağırışlar Konqresdə nəticə verməyib. Elə isə erməni diasporu niyə Trampa ümidlidir?

WhatsApp Image 2025-02-10 at 14.00.08.jpeg (34 KB)

Mütəllim Rəhimli

Ədalət Partiyasının sədr müavini, siyasi şərhçi Mütəllim Rəhimli “Yeni Müsavat”a bildirdi ki,  hazırda prezident Trampın hərəkətlərini dəyərləndirmək çətindir: “Qeyri-standart gedişləri, anlaşılmaz qərarları ilə müəmmalı məqamları coxaldır. Bununla belə, ermənilərin ənənəvi xislətlərindən, ölkəmizə və xalqımıza qarşı təxribatlardan əl çəkmədikləri görünür. Halbuki baş nazir Nikol Paşinyan bütün dünyanı inandırmağa calışır ki, Ermənistan sülh müqaviləsi imzalamağa hazırdır, lakin Azərbaycan buna adekvat reaksiya vermir. Göründüyü kimi, ermənilər üzdə bir cür, altda isə tamamilə fərqli siyasət aparırlar”.

M.Rəhimli söylədi ki, hazırda ABŞ Nümayəndələr Palatasının üzvlərinin müraciətini iki səbəbə görə də heçə saymaq doğru olmazdı: “Birincisi, Azərbaycanın bu aralar Qərblə münasibətlərində gərginlik yaşanır. Xüsusilə Avropa ilə ortada anlaşılmazlıq var. Bu da Nümayəndələr Palatasının üzvlərinin müraciətinin təsirini artırar. İkincisi, ABŞ-ın yeni hakimiyyətinin mövqeyi kifayət qədər anlaşılmazdı və əlimizdə qarantiya olacaq bir tutarlı səbəb yoxdur. Üstəlik, Paşinyan səfəri cərcivəsində ABŞ vitse-prezidenti və dövlət katibi ilə görüşlər keçirib. Yəqin ki, Ermənistan haqqında müəyyən yanlış təsəvvürləri formalaşdıra bilib. Onu da nəzərdən qacırmaq olmaz ki, bu müraciət məhz Paşinyanın səfərindən və gorüslərindən sonra meydana çıxıb. Bu da bizə ehtiyatlı olmağın vacibliyini  göstərir. Bütün bunlara rəğmən müraciətdə yer alan tələblərin yerinə yetiriləcəyi ehtimalı azdır. Lakin ən azı bizim ləğv ediləcəyinə ümid etdiyimiz 907-ci düzəliş qüvvəsində saxlanılacaq. Ola bilər ki, Birləşmiş Ştatların Ermənistanla müqayisədə ölkəmizə qarşı daha soyuq münasibəti ayrı-ayrı epizodlarda üzə çıxsın. Ölkəmizə qarşı bir təzyiq alətinin işlək vəziyyətə gətirildiyini də unutmamalıyıq. Ona görə də rəsmi səviyyədə bu prosesin diqqətdə saxlanılmasına və mümkün qədər neytrallaşdırılmasına yönəlik addımlara ehtiyac var”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR