Onlayn ictimai-siyasi qəzet
ABŞ nəşrinin yalanı tez ifşa olundu, İran mediası isə 150 min(?) erməninin “dərdindən” yazır
Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qarabağa səfəri İran mediasında geniş işıqlandırılıb. Axar.az bildirir ki, İranın bir çox media orqanları Prezidentin səfərindən xəbər, foto və videolar paylaşıblar. Bir sıra xəbərlərdə bundan əvvəl Qarabağda yaşayan ermənilərin sayının 150 min nəfər olduğu iddia edilib.
“Azərbaycan Ordusunun 3 həftə əvvəl sürətli hücumundan sonra ermənilər Ermənistana qaçmağa məcbur oldular. Azərbaycan bayrağının qaldırılmasının rəsmi mərasimi Bakının Qarabağ üzərində tam suverenliyinin bərqərar olması, Qarabağda "müstəqil "artsax" erməni dövləti və ölkəsinin" rəsmi sonu deməkdir", - İran mediası yazıb. Qeyd edək ki, Ermənistan Qarabağda yaşayan ermənilərin sayını şişirdərək 120 min yazdığı halda İran mediasının 150 min rəqəmini haradan alması da maraqlıdır.
Son zamanlar Qərb mətbuatında da Azərbaycanın guya yaxın həftələrdə Ermənistana hücum edərək, onun cənubunu ələ keçirəcəyi barədə iddialar yayılıb. Ötən həftəsonu “Politico” nəşrinin yazdığına görə, ABŞ dövlət katibi Entoni Blinken xəbərdarlıq edib ki, Azərbaycan yaxın həftələrdə Ermənistana hücum edə bilər. Nəşrin yazdığına görə, rəsmi şəxslər bildiriblər ki, Blinken telefonla keçirilən konfrans zamanı Ermənistanın “işğalı” ehtimalını gündəmə gətirib. Blinken Konqres üzvlərinə bildirib ki, Dövlət Departamenti daha ABŞ-ın Azərbaycana hərbi yardımına icazə verən sənədin müddətini uzatmayacaq. Lakin sonradan “Politico”nun bu iddiasının yalan olduğu üzə çıxdı. ABŞ Dövlət Departamenti açıqlama yayaraq, sözügedən xəbərin yalan olduğunu bildirdi. İstənilən halda, bu cür xəbərlərin nüfuzlu nəşrlərdə tirajlanması adi hadisə sayıla bilməz.
Hikmət Babaoğlu
Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlunun fikrincə, bu cür yazılar Azərbaycana qarşı informasiya müharibəsinin tərkib hissəsidir: “Qərb mətbuatı bu cür məlumatları ortaya atmaqla Azərbaycana qarşı informasiya müstəvisində təxribat müharibəsi aparır. Azərbaycan Prezidenti Ermənistanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Azərbaycan işğalçı ölkə olmadığından heç bir ölkənin ərazisinə qarşı təcavüz həyata keçirmək niyyətində deyil. Bu, sadəcə olaraq, Azərbaycanı gündəmdə saxlamaq məqsədi daşıyır. Onlar Yaxın Şərqdə, Şərqi Avropada baş verən hadisələr kontekstində belə Azərbaycana qarşı təxribatları bir an olsun dayandırmamaq üçün daima bu cür variantlara əl atırlar”. Bu cür “fake” hücumlar nəyə hesablanıb?
Fikrət Yusifov
Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov cənub qonşumuzun hər zaman “erməni sevgisi”ni büruzə verdiyini söylədi: “İran özünün Azərbaycan "sevgisini" heç vaxt gizlətməyib. Biz bu sevgini zaman-zaman görməkdəyik. Baxın, 30 illik Qarabağ savaşımızda İran kimin yanında dayandı? Sözdə bizim ərazi bütövlüyümüzü dəstəkləyən İran 30 il ərzində blokada şəraitində yaşayan Ermənistana onun cənub sərhədindən geniş nəfəslik verdi. Bu illər ərzində İran Ermənistanın və o cümlədən Qarabağda yaşayan ermənilərin ərzaq, dərman, yanacaq və digər məhsullarla təminatında misilsiz rolu oynadı. Rəsmi Tehran 30 ildə Qarabağdakı separatçıları yüksək səviyyədə dəstəklədi və zəruri saydığı hallarda ora silah-sursat daxil birbaşa yardımlar göndərdi.
İran mətbuatında Azərbaycan Prezidentinin işğaldan azad olunmuş Qarabağ torpaqlarımıza səfərini bayağı şəkildə işıqlandırılması heç təsadüfi deyil. İran kimi diktator rejimli bir ölkənin mətbuatının Azərbaycan Prezidentinin Qarabağa səfərini, Xankəndində, Ağdərədə, Xocalıda bayraq qaldırmasını bir başqa şəkildə şərh edəcəyini gözləmək düzgün olmazdı. Bu mətbuat rejimin siyasi baxışlarını bölüşür - burada təəccüblü heç nə yoxdur. Görünən budur ki, İranın erməni sevgisi ermənilərin özlərinin müəyyən etdiyi 120 min vahidlə deyil, 150 min vahidlə ölçülür. Deməli, İranın Qarabağda yaşamış ermənilərə olan sevgisi Ermənistanda və dünyanın başqa yerlərində yaşayan ermənilərin Qarabağda yaşamış erməni toplumuna olan sevgisindən daha böyükdür. Buna nə deyəsən - bu reallıqdır. Unutmayaq ki, Qarabağ torpaqlarımız işğal olunduqdan sonrakı illərdə işğal altında qalmış yaşayış məntəqələrimizi söküb talan edən tək ermənilər olmayıb. Bu yağmalamada İranın 200-dən çox şirkəti iştirak edib. Bax budur İranın Azərbaycan sevgisi. Biz İranla münasibətdə heç vaxt bunları unutmamalıyıq. Onlar öz maraqları xatirinə lazım gələndə məmnuniyyətlə ağa qara deməyi bacarırlar. Heç şübhəsiz ki, bütün bu dediklərimizi Azərbaycan hakimiyyəti, onun Prezidenti cənab İlham Əliyev çox yaxşı bilir və İranla münasibətlərdə bu məqamlar heç vaxt unudulmur.
Qərbin Azərbaycanı, onun Qarabağ bölgəsini gündəmdə saxlamaq cəhdləri isə təbiidir. Bu gün Yaxın Şərqdə İsraillə Fələstin arasında baş verən hərbi münaqişə ilə dünya demək olar ki, üçüncü dünya müharibəsinin bir addımlığındadır. Təbii ki, dünyanın diqqətinin bu qədər ciddi bir hərbi toqquşmaya fokuslandığı bir zamanda Qarabağ məsələsinin “unudulmasından” əndişələnənlər də az deyil. Biz bu cür şər-böhtanlara hazır olmalıyıq və beynəlxalq mətbuat vasitəsilə dərhal onların cavabını verməliyik. Əsas olan odur ki, Azərbaycan Prezidenti - Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Azərbaycan xalqının dəstəyi ilə Azərbaycanın bətnində qara yaraya çevrilmiş erməni separatizmini cərrahi əməliyyatla kökündən kəsib atdı. Bu tarixi qələbədən sonra qərbdə də, şərqdə də, cənubda da, şimalda da kim nə danışır danışsın. Biz bizə lazım olanı etdik..."
Asif Nərimanlı
Siyasi analitik Asif Nərimanlı bu cür dezinformasiyaların kökündə dayanan səbəblərdən söz açdı: “Azərbaycanın suverenliyini tam bərpa etməsindən sonra yayılan bu yalanlar Ermənistanın, ümumilikdə beynəlxalq səviyyədə şəbəkələşmiş erməni lobbisinin bizə qarşı kampaniyasının tərkib hissəsidir. Erməni lobbisi ABŞ-da da aktivdir, İranda da. Və məqsəd ABŞ-dan İrana qədər coğrafiyada Azərbaycana qarşı cəbhə qurmaqdır. Erməni lobbisinin Avropada və ABŞ-da siyasi administrasiyalara təsir etdiyini bilirik, bu baxımdan, Qərb cəbhəsinin Azərbaycana qarşı mövqe sərgiləməsi üçün bütün vasitələrə əl atırlar. İran isə Ermənistanın bölgədə sığına biləcəyi yeganə qapı olaraq qəbul edilir. Bu dezinformasiya axınında ABŞ və İrandakı erməni lobbisi ortaq hərəkət edir, o cümlədən hər iki ölkənin Azərbaycana qarşı siyasətinə yön verməyə çalışırlar. Hərçənd bölgədəki son proseslər fonunda Vaşinqton və Tehranın ortaq maraqları da aydın görünür. Çünki Qarabağ məsələsi artıq danışıqların gündəmi deyil, Bakı və İrəvan danışıqlarında əsas həlledici məsələ kommunikasiyaların açılması olacaq, xüsusilə Zəngəzur dəhlizinin açılmasına dair Ermənistanın götürdüyü öhdəlik. Burada Azərbaycan, Türkiyə və Rusiya eyni mövqeyə malikdir və bu, Ermənistanı çıxılmaz vəziyyətə salır. ABŞ kommunikasiyaların Rusiyanın nəzarətində, yaxud vasitəçiliyi ilə açılmasına qarşıdır, İran da Zəngəzur dəhlizi məsələsində Ermənistanın mövqeyini müdafiə edir. Yəni ABŞ və İran nə qədər düşmən kimi görünsə də, Cənubi Qafqazda maraqları uzlaşır. Görünür, ABŞ və İrandakı erməni lobbisi də bundan istifadə edərək, belə dezinformasiyalarla həm Vaşinqtonun, həm də Tehranın siyasətini yönləndirməyə çalışırlar”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ