İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Xankəndidə Şarl Aznavurun büstünü saxlamalıdır?

“Le Figaro”nun növbəti qərəzi

Fransanın “Le Figaro” nəşri Avropa Hüquq və Ədalət Mərkəzinin (ECLJ) qərəzli hesabatının nəticələrinə istinadən növbəti yalanlarla dolu məqalə dərc edib.

ECLJ-in hesabatına istinadən qeyd olunur ki, guya Azərbaycan erməni mədəni və tarixi irsini məqsədyönlü şəkildə məhv edir. Məqalədə qeyd olunur ki, 2023-cü ilin sentyabrında Qarabağın bütün ərazisi Azərbaycanın nəzarətinə keçdikdən sonra Ermənistan və beynəlxalq təşkilatların çoxsaylı müraciətlərinə baxmayaraq, Bakı xarici müşahidəçilərin mədəniyyət obyektlərinə girişinə icazə vermir. Bu əlbəttə ki, “sübuta ehtiyacı” olmayan yalandır. Çünki Azərbaycan tərəfi xarici KİV nümayəndələri üçün işğaldan azad edilmiş ərazilərə çoxsaylı turlar təşkil edib, burada onlar tarixi və mədəni irsinə qarşı erməni vandalizmini öz gözləri ilə görüblər. 2020-ci ilin noyabr ayının sonunda, 44 günlük müharibə başa çatdıqdan sonra UNESCO Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mədəniyyət obyektlərinin ilkin inventarlaşdırılmasının aparılması üçün ekspert missiyasının göndərilməsini təklif edib. Buna cavab olaraq Azərbaycan tərəfi UNESCO-ya Qarabağın xristian abidələri ilə yanaşı müsəlman irsi obyektlərinə də baxış keçirməyi təklif edib.

UNESCO uzun tərəddüddən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərə səfər etmək və erməni vandalizminin dəhşətli mənzərəsini görmək dəvətini qəbul etdi. Amma indiyədək də UNESCO Ermənistanın etirazı ilə Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərinə səfər etmək niyyətini bildirməyib. Səbəb aydındır: UNESCO-nun missiyası yer üzündən silinmiş yaşayış məntəqələrini, donuzxanaya çevrilən məscidlər, Azərbaycan xalqının tarixi-mədəni irsinin murdarlanmış abidələrini görəcək... "Le Figaro"nun məqaləsində bu mühüm məqam öz əksini tapmayıb, əvəzində Fransa qəzeti Xankəndidə “Ermənistan tarixini xatırladan çoxlu abidə və heykəllərin söküldüyündən” təəssüflənir. Məsələn, 2021-ci il mayın 22-də bu müğənninin adını daşıyan mədəniyyət mərkəzinin qarşısında qoyulmuş Şarl Aznavurun büstü. Azərbaycan hansı səbəbdən 2009-cu ildə o vaxt hələ də Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş Aznavurun büstünü saxlamalıdır?

Bu büst, eləcə də Birinci Qarabağ müharibəsindən sonra ucaldılan digər qondarma abidələr azərbaycanlılar üçün işğal rəmzidir. Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edərək Qarabağın Ermənistan tərəfindən işğalına həsr olunmuş abidələri qoruyub saxlamalı olsaydı, bu, tamamilə absurd olardı. Ermənilər eynilə xristian abidələrini də dağıdıblar. Xocalı rayonunun Ulubab kəndi yaxınlığında yerləşən 13-cü əsrə aid monastırı necə zibilliyə çevirdikləri də bunun bir sübutudur. 

Xatırladaq ki, ötən il UNESCO missiyası Azərbaycanın işğaldan azad olunan Qarabağ bölgəsinə səfər etmək üçün müraciət etmişdi. Rəsmi Bakı buna razılıq vermiş, lakin Ağdamdan keçməklə Xankəndinə getməyi və səfər zamanı Ağdamdakı dağıntıları da qeydə almağı təklif etmişdi. Qarşı tərəf isə bununla razılaşmayıb və birbaşa Xankəndinə getmək, oradakı erməni abidələrinin vəziyyətini görmək istədiklərini bildirib.

Bu ilin mart ayında isə UNESCO İcraiyyə Şurasının 219-cu sessiyası çərçivəsində ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev Azərbaycanın milli bəyanatını təqdim edib. 

Daimi nümayəndə Ermənistan tərəfindən ölkəmizə qarşı 30 ildən artıq davam edən təcavüz və işğal müddətində Azərbaycanın mədəni irsinin tamamilə dağıdıldığı, arxeoloji abidələrin, muzeylərin və kitabxanaların talanaraq tamamilə dağıdıldığı, bu vandallıq aktlarının 1954-cü il Haaqa Konvensiyası və onun İki Protokoluna, eləcə də 1970-ci il Konvensiyası da daxil olmaqla, beynəlxalq hüququn prinsiplərinə zidd olduğunu və onların kobud şəkildə pozulduğunu qeyd edib. E.Abdullayev Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində Azərbaycanın təhsil infrastrukturuna vurulmuş ciddi ziyandan söz açıb, 2000-dən artıq təhsil müəssisəsinin dağıdıldığını vurğulayıb. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərdə ölkəmiz tərəfindən genişmiqyaslı yenidənqurma və bərpa işlərinə başlanıldığını deyən daimi nümayəndə Ermənistan tərəfindən bu ölkədə Azərbaycan xalqına məxsus mədəni irs nümunələrinin tamamilə dağıdılması prosesinin davam etdiyini bildirib. Qeyd edilib ki, Ermənistanda bütün Azərbaycan toponimləri dəyişdirilib, ölkəmizin tarixi-mədəni irsi, məscidləri və qəbiristanlıqları qəsdən məhv edilib. Bu vandalizmin əsas məqsədi əsrlər boyu həmin torpaqlarda yaşamış azərbaycanlıların izlərini o ərazilərdən tamamilə silməkdir. İrəvanın Təpəbaşı məhəlləsinin də eyni aqibətlə üzləşdiyi vurğulanıb, Ermənistan hökuməti tərəfindən həmin ərazinin tamamilə məhv edildiyi sessiya iştirakçılarının diqqətinə çatdırılıb.

Fazil Mustafa güllələndi — Yenilənib

Fazil Mustafa

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa “Yeni Müsavat”a mövzunu belə şərh etdi: “Əlbəttə, UNESCO belə bir səfərə razılıq versə, özünü ifşa etmiş olacaq. Çünki bu qurum ermənilərin maraqlarını təmsil etmək üçün canfəşanlıq edir. İndiyə qədərki fəaliyyətində də bunu göstərib.  Halbuki qurum nümayəndələri işğaldan azad edilmiş ərazilərə səfər etsələr, Şuşada da, Xankəndidə də kilsələrin qorunub saxlandığını öz gözləri ilə görərlər. Azərbaycanın abidələrə yanaşmasını hər kəs bilir. Azərbaycan tolerant, mədəni ölkə kimi bütün dinlərin mövcudluğunu qəbul edir. Erməni xislətinə uyğun olaraq hər şeyi vəhşicəsinə dağıtmaq zehniyyəti azərbaycanlılara yaddır.  Azərbaycanlılar həm də tolerantlığına görə ermənilərdən fərqlənir. Buna görə də UNESCO-nun Azərbaycana səfəri gecikdirilir. Onlar həqiqəti etiraf etməkdə maraqlı deyillər. UNESCO-nun Azərbaycana səfəri faktlarla tanışlıq olacaq. Ağdamın və digər şəhər,  rayonların dağıdıldığını, məscidlərin vəziyyətini, kilsələrə heç bir xələl gəlmədiyini görəcəklər. Bizə də bu lazımdır. Bu faktları görəndən sonra məncə, bir çox məsələ öz mahiyyətinə qayıdacaq. Azərbaycan beynəlxalq ictimai rəyi bu məsələyə yönəltmək üçün çağırışları davam etdirməlidir”. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR