Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Turizm Bürosu Vyana Ticarət Palatası tərəfindən Avstriyanın paytaxtı Vyanada təşkil olunmuş 13-cü səyahət agentlikləri gününündə ilin seçilmiş destinasiyası qismində təmsil olunub.
Dövlət Agentliyindən Musavat.com-a verilən xəbərə görə, tədbirdə Azərbaycan Turizm Bürosu ilə yanaşı, “Azərbaycan Hava Yolları” (AZAL) QSC-ni təmsil edən "AVIAREPS" aviaşirkəti və Avstriyanın "Elite Tours" şirkəti Azərbaycanı önəmli destinasiya kimi tanıdan xüsusi turizm təklifləri ilə çıxış ediblər.
180-dək turizm sənayesi nümayəndəsini bir araya gətirən tədbirdə Azərbaycanın zəngin mədəni irsi və unikal turizm təcrübəsi haqqında məlumat verilib.
Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid tədbirdəki çıxışında Vyanadan Bakıya birbaşa uçuşların həyata keçirilməsinin strateji məqsədlərdən biri olduğunu, uçuşların yalnız Avstriya ilə deyil, regionda digər hədəf ölkələrlə də turizm əlaqələrinin genişləndirilməsinə müsbət təsir edəcəyini bildirib.
O, Avstriyada mütəmadi olaraq keçirilən, turistlərin sayının artırılmasına yönəlmiş tanıtım və təbliğat tədbirlərinin intensivləşdiriləcəyini qeyd edib.
Tədbirin sonunda Azərbaycanın caz ifaçısı İsfar Sarabskinin musiqiləri dinlənilib.
Qeyd edək ki, Avstriya Respublikasının vətəndaşları üçün sadələşdirilmiş viza rejimi çərçivəsində “ASAN Viza" elektron sistemi tətbiq olunur.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ