İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Türkiyə liderləri Naxçıvanda görüşdü - SENSASİON MESAJLAR

Qars-Naxçıvan dəmir yoluna dair niyyət protokolu imzalandı; Fazil Mustafa: “Qarabağda olmayan problemləri dünya gündəminə daşıyanlara da bu səfər bir ismarış oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 25-də Naxçıvana tarixi səfəri baş tutdu. Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilib.

Ərdoğanın Naxçıvan şəhərində rəsmi qarşılanma mərasimi olub.

Daha sonra prezidentlər arasında təkbətək görüş keçirilib. Görüşdən sonra İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimi keçirilib. Bunun ardınca dövlət başçıları Qars-Naxçıvan dəmir yoluna dair niyyət protokolunu imzalayıblar. Prezidentlər Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak ediblər.

İki qardaş ölkənin liderləri mətbuata bəyanatla çıxış ediblər.

APA xəbər verir ki, İlham Əliyev Ərdoğanla mətbuata birgə bəyanatı zamanı deyib: “Səfər zamanı imzalanmış sənədlər Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcək. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və bizim əlaqələrimizə yeni təkan verəcək. Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək”.

Ərdoğan: “İğdır-Naxçıvan qaz kəməri layihəsi Avropanın da enerji  təhlükəsizliyinə töhfə verəcək” - AzTime.Az

Ali Baş Komandan bu fikirləri də səsləndirib: “Naxçıvan Azərbaycanın qədim diyarıdır, əfsuslar olsun ki, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzur Azərbaycandan ayrılmışdır və beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında coğrafi bağlantı kəsilmişdir. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini aparmağa başlayanda Naxçıvana qarşı da onların ərazi iddiaları var idi. Burada da şiddətli döyüşlər gedirdi. Məhz o vaxt Azərbaycanın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə - o zaman o Naxçıvanın başçısı idi - Naxçıvan düşməni yerinə oturtdu və öz ərazisini qoruya bildi. O vaxt Naxçıvanın enerji təminatı Azərbaycanın əsas hissəsindən olduğu üçün Ermənistan bütün elektrik və qaz xətlərini kəsmişdi və Naxçıvan faktiki olaraq, mühasirədə idi: işıq yox, qaz yox, qışlar da çox soyuq keçirdi və 15 il Naxçıvan qazsız yaşamışdı. Ancaq 2005-ci ildə İran İslam Respublikası ilə imzalanmış anlaşmaya görə, mübadilə yolu ilə İrandan Naxçıvana qazın verilməsi təmin edilib. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi isə ikinci xətt vasitəsilə Naxçıvana təbii qazın verilməsinə şərait yaradacaq”.

Ölkə rəhbəri onu da açıqlayıb ki, üç gün sonra Naxçıvanda Türkiyə və Azərbaycan vəzifəli şəxslərinin və beynəlxalq təşkilatların iştirakı ilə Türkiyə-Azərbaycan 3-cü Enerji Forumu keçiriləcək: “Əminəm ki, bu forumun nəticələri uğurlu olacaq. Naxçıvanın qazı, petrolu, nefti olmasa da, günəşi var. Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı bizim böyük planlarımız var. Bu planlar gerçəkləşərsə, Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər. Çünki burada həm günəş, həm külək, eyni zamanda, su elektrik stansiyalarının inşası üçün böyük potensial var. Gələcəkdə Naxçıvandan, ən azı, 1000 meqavat həcmində Türkiyəyə yaşıl enerji ixracı mümkün olacaq”.

Azərbaycan və Türkiyə liderləri Naxçıvanda hərbi kompleksin açılışında  iştirak ediblər

“Əgər 3 il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu ilin aprelin 23-də ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə - Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd buraxılış məntəqəsini qoymaqla - 5 gün əvvəl biz suverenliyimizi tam təmin etdik, bərpa etdik. 24 saatdan da az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, bizim şərtlərimizi qəbul etdi və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Əziz qardaşım, bu hadisə baş verəndə siz Amerikada, Nyu-Yorkda idiniz, BMT-nin Baş Assambleyasında iştirak edirdiniz və orada dünyanın ən ali kürsüsündən Azərbaycan dövlətinin maraqlarını ifadə edən ədalətli bəyanatlar vermişdiniz. Tamamilə beynəlxalq hüquqa əsaslanmış bəyanatlar vermişdiniz: Qarabağ Azərbaycan torpağıdır. Bu həm həqiqətdir, eyni zamanda beynəlxalq hüquqa tam uyğundur və Türkiyə tərəfindən göstərilən növbəti qardaşlıq addımıdır. İkinci Qarabağ müharibəsi zamanı siz və bütün Türkiyə xalqı bizim yanımızda idi. Müharibənin ilk saatlarında "Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır" deməyiniz bir çoxları üçün ciddi siqnal idi, mesaj idi. Azərbaycan xalqı bu siyasi və mənəvi dəstəyi heç vaxt unutmur və unutmayacaq", - dövlət başçısı deyib.

“Beş gün keçməsinə baxmayaraq, artıq Azərbaycandan onun Qarabağa bölgəsinə, orada yaşayan erməni əhalisinə insani, humanitar yardımlar göndərilməyə başlayıb: yanacaq, dizel, benzin, ərzaq məhsulları, dərman preparatları və digər insani yardımlar edilir və bu bir daha onu göstərir ki, Qarabağ bölgəsində yaşayan insanlar milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan vətəndaşlarıdır, onların təhlükəsizliyi, hüquqları Azərbaycan dövləti tərəfindən təmin ediləcəkdir”, - deyə İ.Əliyev qeyd edib.

Ali Baş Komandan deyib: “İki il bundan əvvəl uzun zaman davam edən işğaldan azad olunmuş Şuşa şəhərində Şuşa Bəyannaməsi - müttəfiqlik bəyannaməsi bizim münasibətlərimizi yeni müstəviyə qaldırdı, bu gün bu əlaqələr ən yüksək zirvədədir. Bütün istiqamətlər üzrə biz indi əlaqələrimizin çox fəal dövrünü yaşayırıq. Bu gün təməlini qoyduğumuz İğdır-Naxçıvan qaz xətti, vaxtilə biz sizinlə TANAP projesinin təməlini qoymuşduq, o xəttin açılışını bərabər etmişdik, bu gün isə Türkiyədən Azərbaycanın parçası olan Naxçıvana qaz kəmərinin inşası ilə bağlı işlərə start veririk, Qars-Naxçıvan dəmir yolunun inşasına dair niyyət protokolunun imzalanması da tarixi hadisədir. Əminəm ki, bu proje də uğurla həyata keçiriləcək və beləliklə, Orta koridorun bir qolu kimi həm Azərbaycana, həm də Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcək”.

“Bütün bu tarixi layihələr bir də onu göstərir ki, bizim dövlətlərimiz nə qədər bir-birinə bağlıdır, bir-birinə yaxındır. Bir-birimizə dəstək verməklə eyni zamanda bölgəsəl məsələləri də düz istiqamətə yönəldirik. Yəni bizim müştərək maraqlarımız, çıxarlarımız ondan ibarətdir ki, bölgədə sülh, barış, əmin-amanlıq olsun. Müharibələr olmasın, ölkələrin ərazi bütövlüyü təmin edilsin və Azərbaycana göstərdiyiniz dəstək - həm İkinci Qarabağ müharibəsi zamanı, həm ondan əvvəl, həm ondan sonra - məhz bu məqsədə çatmaq üçün önəmli amildir, önəmli faktordur. Biz Azərbaycanda, həqiqətən, tarixi anlar, günlər, illər yaşayırıq. İkinci Qarabağ müharibəsi tarixi zəfərimiz, beş gün bundan əvvəl uğurlu əməliyyat nəticəsində suverenliyimizin bərpası tarixi hadisələrdir və haqlı olaraq, bununla qürur duyuruq”, - Prezident vurğulayıb.

“Türkiyədə prezident seçkilərindən sonra ilk səfərimi Şimali Kiprlə bərabər Bakıya gerçəkləşdirmişdim. İndi Naxçıvanda olmaqdan böyük məmnunluq duyuram”.

Bunu isə Ərdoğan mətbuata bəyanatında bildirib.

Türkiyə Prezidenti deyib ki, Naxçıvanda inkişafı qürurla müşahidə edib: “Naxçıvanın inkişafında böyük xidməti olan Heydər Əliyevi bir daha rəhmətlə yad edirəm”.

Şuşa Bəyannaməsinin ölkələrarası münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldiyini söyləyən Ərdoğan deyib ki, Naxçıvan iqtisadiyyat, enerji xətləri baxımından böyük potensiala malikdir: “Xəzərdən keçən Orta dəhlizin önəmi koronavirus pandemiyası və bölgəmizdəki savaşlar baxımından daha da üzə çıxıb. İğdır-Naxçıvan kəməri bölgənin də enerji təhlükəsizliyinə böyük töhfə verəcək”.

Ərdoğan Azərbaycanın son antiterror tədbirlərindən də danışıb: “Azərbaycan öz torpaqlarında bir antiterror tədbirləri həyata keçirmək məcburiyyətində qaldı. Əməliyyatın qısa müddətdə tamamlanması bizim üçün iftixar mənbəyidir. Şəhidlərə rəhmət, yaralılara şəfa diləyirəm. Müzəffər Azərbaycan Ordusunu ürəkdən təbrik edirəm. Son Zəfərlə birlikdə bölgədə normallaşma üçün yeni fürsət pəncərələri açılıb. Bu fürsətin dəyərləndiriləcəyinə ümid edirəm. Artıq Ermənistanın Azərbaycanın sülh əlini tutmasına və səmimi addımlar atmasına ümid edirəm. Hər zaman dediyimiz kimi, sülhün alternativi yoxdur. Bölgədə sülhün bərqərar olması üçün Ermənistandan müvafiq addımların atılmasını gözləyirik".

Türkiyə Prezidenti deyib ki, Türkiyə-Azərbaycan əlaqələri dünyada bənzəri olmayan müstəsna bir mövqedədir: “Bir millət, iki dövlət olaraq əlaqələrimizi və əməkdaşlığımızı hər sahədə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk. Azərbaycanlı qardaşlarımıza 6 fevral zəlzələsinin nəticələrinin aradan qaldırılmasına verdikləri güclü dəstək üçün bir daha şəxsim və millətim adına təşəkkür edirəm. Varını, yoxunu avtomobilinin üzərinə yükləyib millətimizə yardım üçün yola çıxan qardaşlarımızın səmimiyyətini heç bir zaman unutmayacağıq”...

***

Düşmənlər də bu səfərlə bağlı qorxu və təlaş içərisində idilər.

“Ərdoğan məhz Zəngəzur dəhlizi ilə bağlı əməliyyatı hazırlamaq üçün Naxçıvana səfər edib".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, belə bir iddia Ermənistanın Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri, Polşadakı keçmiş səfiri Edqar Kazaryan tərəfindən səslənib.

Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinənlər haqqında həbs qətimkan  tədbiri seçilib - 04.04.2023, Sputnik Azərbaycan

Fazil Mustafa

Əslən Naxçıvandan olan, Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında səfərin böyük tarixi əhəmiyyətinə xüsusi yer ayırdı: “Ərdoğanın Naxçıvana gəlişinə təbii ki, öncədən, həm də yaxın zamanların razılaşdırılması kimi baxmaq lazımdır. Çünki burada ciddi şəkildə ölkədə situasiyanın dəyişməsi Naxçıvan məsələsini xeyli aktuallaşdırdı. Bu səfər Naxçıvana kommunikasiya xətlərinin çəkilməsi, Naxçıvanın bölgədə xüsusi əhəmiyyətinin daha da diqqət mərkəzinə çatdırılması və dünyanın diqqətinin bu bölgəyə yönəlməsi baxımından olduqca vacib idi. Çox güman ki, Ərdoğan da bu istiqamətdə Naxçıvanın blokada məsələsini gündəmə gətirəcək. Blokadada olan bir ərazidə müəyyən kommunikasiya xətlərinin açılması yönündə mesajlar verəcək. Çünki biz bir az Qarabağ məsələsi fonunda Naxçıvan məsələsini dünya ictimaiyyətinin tam da menyusuna, onun müzakirəsinə çıxara bilməmişdik. Amma indi bu görüş hər bir diqqəti bura yönəldəcək. Azərbaycan Prezidentinin də Naxçıvana səfər etməsi, burada görüşlər keçirməsi çox böyük əhəmiyyət daşıyır. Bu ərazidə birlikdə bir sıra infrastrukturun qurulması, Türkiyə ilə əlaqələrin daha da genişlənməsi baxımından faydalı müzakirələrin olacağı gözlənilən idi. Türkiyə Cümhurbaşqanı bir sıra açılış tədbirlərində də iştirak etdi. Burada əsas olan Naxçıvanın əhəmiyyətini bir daha diqqətə çatdırmaq idi. Blokada şəraitinin nə qədər acınacaqlı olduğunu göstərmək, eyni zamanda xırda məsələlərə görə Qarabağa böyük diqqət ayıran dünya güclərinə mövcud vəziyyəti çatdırmaq baxımından da bu səfərin xüsusi əhəmiyyəti var. Naxçıvanı görməməzlikdən gəlib, Qarabağda olmayan problemləri dünya gündəminə daşıyanlara da bu səfər bir mesaj oldu. Zəngəzur dəhlizi ilə bağlı məsələnin çıxışlarda diqqətə çatdırılması, Ermənistana verilən mesajlar da gözlənilən idi”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR