İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Rusiya prezidentlərin Aşqabad görüşündən gözləntilər - rəy

Partiya sədri: “Azərbaycandakı bəzi ”siyasətçilərin" Rusiya ilə danışıqlardan imtina etmək çağırışlarının kökündə məlumatsızlıq dayanır"

İyunun 29-da Türkmənistanda Xəzəryanı ölkələrin dövlət başçılarının Zirvə görüşü baş tutub. Tədbir çərçivəsində ən maraqlı məqamlardan biri Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin görüşüdür.

Artıq iki gündür bu haqda ən müxtəlif rəylər, şərhlər verilirdi. Putin-Əliyev görüşünü maraqlı edən, heç şübhəsiz, Ukrayna müharibəsidir. Bu, müharibədən sonra iki ölkə prezidentinin üzbəüz ilk görüşü olacaq. Müxalifət iddia edir ki, Ukraynanı ələ keçirməyə çalışan, bir hissəsini artıq ələ keçirmiş Rusiya ilə Azərbaycan münasibətləri yaxınlaşdırmamalıdır. Hətta çağırışlar var ki, İlham Əliyev Putinlə görüşdən yayınsın. Amma bu, peşəkar və obyektiv yanaşma deyil. Hətta müharibə edən iki ölkənin prezidentləri, rəhbərləri görüşüb, müzakirələr aparırlarsa, o zaman Azərbaycan nədən Rusiya ilə münasibətləri pisləşdirməlidir?

Bəs bu görüşdən nə kimi gözləntilər var? Sıradan, protokol görüş olacaq, yoxsa bölgədəki proseslərin gedişatına təsiri olacaq? Bizim Rusiya ilə əsas yaxınlığımız, əməkdaşlığımız daha çox Qarabağ məsələsinə görədir. Azərbaycan Rusiya ilə münasibətləri yaxşı tutmasaydı, 44 günlük müharibədə hazırkı nəticəni almaqda çətinlik çəkərdi. Bu faktdır.

Yeri gələndə "biz erməniləri düşünürük" deməliyik"-ABUTALIB SƏMƏDOV |  Analoq.az

Abutalıb Səmədov

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan və Rusiya prezidentlərinin görüşləri həmişə mühüm əhəmiyyətə malik olub və Türkmənistanda baş tutan görüş də maraqla izlənilir. Hər şeydən əvvəl, Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanmasında, sərhədlərin delimitasiyasında və Zəngəzur dəhlizinin açılmasında Rusiyanın aktiv iştirakı bizim maraqlarımıza cavab verir: “Yəqin xatırlayırsınız, ötən ilin sonlarında Soçidə keçirilən görüşdə Paşinyan qəti şəkildə sülh sazişinin hazırlanmasında Rusiyanın vasitəçiliyini istəmədiyini bildirdi. ”Bu danışıqlar Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılmalıdır" dedi. Azərbaycan Prezidenti bu  vasitəçiliyə tərəfdar olduğu halda, Ermənistan baş nazirinin Rusiyaya qarşı açıq “de-marşı” çoxlarını təəccübləndirdi. Bir tərəfdən Rusiyanı “əzəli, əbədi müttəfiq” adlandırırsan, rus sülhməramlıları regionda əbədi qalsın deyirsən, digər tərəfdən, strateji müttəfiqinin vasitəçiliyindən imtina edirsən. Bugünlərdə “Vaşinqton Post” qəzeti bu məsələyə aydınlıq gətirərək yazdı ki, Ermənistanın Rusiyanın vasitəçiliyindən imtina etməsinin kökündə qorxu dayanır. Paşinyan bu məsələdə Rusiyanın mövqeyini bilir və böyük qonşunun Ermənistana təzyiq edərək sülh sazişini imzalamağa məcbur edəcəyindən çəkinir".

A.Səmədov hesab edir ki, Azərbaycandakı bəzi “siyasətçilərin” Rusiya ilə danışıqlardan imtina etmək çağırışlarının kökündə məlumatsızlıq dayanır: “Onlar anlamaq istəmirlər ki, həm ABŞ, həm də Avropa İttifaqı Ermənistana daha yaxın mövqe tutur və Qarabağa ”status" verilməsini istəyir. Bunu Paşinyan  Brüssel görüşündən sonra açıq şəkildə söylədi. “Qərbdəki dostlarımız status məsələsində plankanı endirməyi məsləhət görürlər” dedi. Yəni həm ABŞ, həm Avropa İttifaqı Qarabağa müstəqillik tələb etməməyi, ən yüksək status istəməyi təklif edirlər. Bu, onların mövqeyidir və bu yanaşma bizi qətiyyən razı sala bilməz.

Bəs bu məsələdə Rusiyanın mövqeyi necədir? Dəqiq məlum deyil. Bu barədə 2020-ci ilin 17 noyabrından sonra heç bir aydın bəyanat verilməyib. Ancaq prezident Putinin mövqeyi danışıqlarda iştirak edən Azərbaycan və Ermənistan liderlərinə məlumdur və onların bəyanatları əsasında müəyyən nəticələrə gəlmək olar. Məlumdur ki, ötən ilin iyulunda Azərbaycan Prezidenti dövlət televiziyasına müsahibə verərkən “Qarabağ münaqişəsinə münasibətdə Azərbaycanla Rusiya arasında fikir ayrılığı yoxdur” dedi. Həmin ilin noyabrında Soçidə sülh sazişinin Rusiyanın vasitəçiliyi ilə imzalanmasını istədiyini bildirdi. Prezidentimizin bu bəyanatına Paşinyan qəti şəkildə etiraz etdi və Minsk Qrupu həmsədrlərindən başqa heç kimin vasitəçiliyini istəmədiklərini bəyan etdi".

Həmsöhbətimiz qeyd etdi ki, bu gün də Ermənistan Minsk qrupunu “diriltmək” üçün “dəridən-qabıqdan çıxır: ”Bunun səbəbləri barədə hamımız ciddi-ciddi düşünməliyik. Bir şey də nəzərə alınmalıdır. Ermənistana təzyiq göstərilməsə, nə Paşinyan, nə də başqa birisi sülh sazişinə qol çəkməyə cəsarət etməyəcək. Ermənistana və Qarabağ ermənilərinə təzyiq göstərmək imkanına isə yalnız Rusiya malikdir. Bunu da unutmamalıyıq.

Təbii ki, Rusiyanın başının Ukrayna müharibəsinə qarışdığını nəzərə alsaq yaxın günlərdə  onun Azərbaycan-Ermənistan münasibətləri ilə ciddi  məşğul olacağını gözləmək mümkün deyil. Rusiya eyni zamanda bu prosesdən tamamilə kənara çəkilə, təşəbbüsü ABŞ-a, yaxud Avropa İttifaqına verə  bilməz. Ona görə Türkmənistan danışıqlarında elan olunmasa da, müəyyən nəticələrin olacağı gözləniləndir".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR