İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Ermənistan arasında eskalasiya proqnozu - təxribat, yoxsa...

“Moody’s” hər iki tərəfin silahlanmasını nəzərdə tutaraq yeni hərbi toqquşmalar gözləyir; ekspert: “İrəvan Qərbin əlində alətə çevrilərək regionda yeni hərbi münaqişə yaranmasına səbəb olacaqsa, bunun cəzasını özü çəkəcək”

Beynəlxalq reytinq agentliyi “Moody’s” Azərbaycan hökumətinin kredit reytinqini Ba 1 səviyyəsində təsdiqləyərək, proqnozu sabitdən müsbətə dəyişib. Maraqlıdır ki, maliyyə üzrə proqnozlar verən agentlik siyasi şərh də verib. İddia olunub ki, sülh danışıqlarının davam etməsinə baxmayaraq, Ermənistanla münasibətlərin çətin qalacağını gözləyirlər. 

“Moody’s” iki ölkə arasında iqtisadi inteqrasiya və ya ortaq geosiyasi maraqlar olmadığı təqdirdə geosiyasi gərginliyin yüksək səviyyədə qalacağını bildirib. “Moody’s”a görə, münaqişənin yeni eskalasiyası riskləri qalmaqdadır. “Hər iki tərəf öz hərbi imkanlarını artırmağa davam edir, eyni zamanda sərhəddə vaxtaşırı atışmalar davam edir, bu da hərbi münaqişənin yeni alovlanma ehtimalının qalması deməkdir”, - deyə agentlik qeyd edir. Agentlik nəyə əsaslanır? Ermənistanın təxribat planlarından xəbərdardırlarmı, yoxsa ortada başqa amillər var? 

“Qarşıda hədəflərimiz çoxdur. Ölkəmizin suverenliyinə qarşı təhdidlərin aradan qaldırılması əsas prioritetdir”. Bunu iyulun 8-də xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə bildirib. Onun sözlərinə görə, həm ikitərəfli, həm də çoxtərəfli platformalarda Azərbaycanın milli maraqlarına cavab verən siyasət təmin edilir. XİN rəhbəri Ermənistanla münasibətlərin normallaşması prosesinin hazırkı vəziyyəti barədə də danışıb: “Mütəmadi olaraq Ermənistanla sülh gündəliyinin prioritetləri barədə ictimaiyyətə məlumat verilir. Dünya ictimaiyyəti bilir ki, işğal faktı aradan qaldırılıb. 2021-ci ilin yanvarında Prezident İlham Əliyev açıq çıxış edərək sülh gündəliyini Ermənistana təklif etdi. Sülh müqaviləsinin müzakirəsi üzrə açıq sualların sayı xeyli azalıb. Təəssüf ki, Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddiası qalmaqdadır. Sülhə tam nail olunması üçün bu amil aradan qaldırılmalıdır”.

“Sülh müqaviləsi yoxdursa, eskalasiya riski hər zaman qalır. Ola bilsin ki, agentlik də buna söykənir. Eyni zamanda silahlanma nəzərdə tutulur. Ermənistan yeni hücum silahları ilə təchiz olunur. Prezident İlham Əliyev də xəbərdar edib ki, yeni hücum silahlarının Ermənistana verilməsi gərginliyi artıra bilər və İrəvan sülh gündəliyindən çıxmağa başlasa, ağır nəticələri olacaq”.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC

 Ramil Məmmədli 

Bu fikirləri “Yeni Müsavat”a hərbi ekspert Ramil Məmmədli açıqladı. Hərbi analitik qeyd etdi ki, Azərbaycan eskalasiyada maraqlı deyil və bu il toqquşmalar gözlənilmir: “Əvvəla, payızda ölkəmizdə mötəbər bir toplantı keçiriləcək. Dünyanın diqqəti Bakıda olacaq və belə ərəfədə sərhəddə erməni təxribatları baş verərsə, layiqli cavab alacaqlar, amma irimiqyaslı qarşıdurma gözləmirəm. İkincisi, sərhədin delimitasiyası işi aparılır, Paşinyan tikanlı məftillərə də baxdı, İrəvan davamlı olaraq sülh bəyanatları səsləndirir, o zaman hər hansı təxribata yol versələr, sülh prosesini də özləri pozmuş olacaqlar. Ermənistan Qərbin əlində alətə çevrilərək regionda yeni hərbi münaqişə yaranmasına səbəb olacaqsa, bunun cəzasını özü çəkəcək. Ona görə seçim Ermənistanındır”. Hərbi ekspert xatırlatdı ki, bu yaxınlarda Kəlbəcər və Naxçıvan atəşə tutuldu, sonra sakitlik yarandı: “Bu da vəziyyətin gərginləşməsində istəkli olan qüvvələrin işi idi. Hiss olunur ki, erməni ordusuna nəzarət ya tam təmin olunmayıb, ya da Paşinyan verilən təlimatlar əsasında belə hərəkət edir. Bütün hallarda beynəlxalq agentliyin yaydığı proqnoz nəzəri olaraq doğrudur - sülh müqaviləsi yoxdursa, münaqişəli vəziyyət davam edir. Amma sülh mətni razılaşdırılır, Bakı konkret tələblər qoyub, İrəvan çıxış yolu qalmadığını anlayır, hətta erməni baş nazir etiraf edir ki, qanunvericiliyə dəyişiklik olunmalıdır. İndi Mirzoyan bizi sülh prosesini ləngitməkdə ittiham edir, amma öz həyasızlıqlarını yada salmaq istəmir. Necə ola bilər ki, sülh sənədi imzalansın, amma Ermənistan qanunvericilik aktlarında Qarabağın bu ölkəyə birləşdirilməsi iddiası saxlanılsın?! Təbii ki, bu iddia sənədlərdə yer aldıqca, hərbi eskalasiya riski həmişə olacaq”.

R.Məmmədli istisna etmir ki, Ermənistan Qərbin təkidi ilə bölgədə yeni gərginlik ocağı yarada bilər: “Ermənistan ABŞ-la birgə hərbi təlimlər keçirir, müdafiə naziri Papikyan Fransaya tez-tez gedir, bu da İrəvanı ürəkləndirir ki, revanş ola bilər. Lakin bunu ağıllarından belə keçirməsinlər. Azərbaycan Ordusu heç də yerində saymır. Digər tərəfdən, mümkün eskalasiya strateji rəqabət güclənəndə baş verir. Hazırda Cənubi Qafqazda Rusiya ilə Qərbin yarışması getməkdədir. Bu da müəyyən fəsadlar törədir. Azərbaycan irəliyə baxır və Ermənistanla ikitərəfli qaydada davam edən danışıqlar modelinin inkişafının tərəfdarıdır. Biz qəti şəkildə o həvəsdə deyilik ki, növbəti hərbi qarşıdurmalar baş versin. Postmünaqişə dövrünün çağırışı hərtərəfli işlənmiş sülh sənədinə liderlərin imza atmasıdır. Regionu işıqlı gələcəyə və daimi təhlükəsizliyə barışıq apara bilər. Hər halda, Paşinyan başa düşür ki, hər sərhəd toqquşma onlarla erməni gəncinin ölümü deməkdir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR