Onlayn ictimai-siyasi qəzet
İranı bombalayırlar, bizimkilər də şəhər qırağından baxıb “Həsən, qırağa dur!”, “Ya Əbəlfəz, ya Hüseyn!” deyir. Bircə Pezeşkianın şeir deməyi çatmır. Bölgənin bəxti şeir deyən rəhbərlər sarıdan gətirmir.
Hərçənd, Təbrizin, Məşhədin, Tehranın bombalanmağına baxan azərbaycanlılar (yenə o əski paradoksa ilişmişik, çünki əslində onlar haqda türk yazmalıyıq, di gəl yaza bilmirik, kiminsə xətrinə dəyir) bəzi günləri yadımıza salmışdılar. Eynilə o cür durub bombalara baxırdılar. Yəqin hamınız xatırladınız: Azərbaycan Respublikası ordusu Araz boyunca erməni işğalçıların mövqelərini dağıdaraq Cəbrayıl, Zəngilan istiqamətində irəliləyirdilər. 2020-ci ilin payızı idi.
Tək o deyildi ki. 1993-ün yayında da işğala, soydaşlarının dərbədər düşməsinə o cür tamaşa eləmişdilər. Kimsə deyər ki, əllərindən nə gəlirdi, orda zülüm altındadırlar. Əlbəttə. Bunu inkar edən yoxdur. Ancaq niyə indi bəzi adamlar Azərbaycanı bu davaya qarışdırmaq istəyir? Bunun da bizə dəxli yoxdur. Biz İrandan artıq iranlı olmağa borclu deyilik. Onlar baxır, biz də baxırıq. Lazım olsa “Ya Əbülfəz” qışqırarıq, hərçənd, bu şüarın içindən rəhmətlik Elçibəyin rəhmətlik Bütöv Azərbaycan Birliyinin (BAB) sorağı gəlir, pis başa düşərlər, elə zənn edərlər biz də fürsətdən yararlanıb bir tərəfdən İranı dağıtmağa girişmişik. Biz isə, Allah şahiddi, heç vaxt pis fürsətçilərdən olmamışıq. Hətta Ermənistanda zəlzələ olanda ora yardım göndərmişdik, axıra qədər xalqlar dostluğundan dəm vuran şairlərimiz qalırdı.
İranın faciələri bir xəbərdə də özünü göstərirdi. Yazmışdılar ki, İranda qalan bir çox ölkələrin vətəndaşları Azərbaycan yolu ilə ərazidən çıxmağa çalışırlar. Portuqaliya, Filippin, Qazaxıstan, Finlandiya, Rusiya, Qazaxıstan vətəndaşları... Yadıma düşənlər budur. İndi gəlin İranın hansı ölkələrlə sərhədi olduğunu yada salaq: Türkiyə, İraq, Pakistan, Türkmənistan, Əfqanıstan, Ermənistan və Azərbaycan. Bunlardan bəziləri ilə müharibə ediblər, bəziləri ilə indi də vaxtaşırı toqquşurlar. Yeganə normal yer kimi Azərbaycan tapılıb – sərhədi keçməyə... Bu, İranın bədbəxtliyinin ən bariz nümunəsi deyilmi?
Ən tragikomik xəbərlərdən biri elə davanın qızğın vaxtında, 14 iyunda Astara gömrüyündən gəlmişdi. Orda qarpızın altında gizlədilib, İrandan Rusiyaya aparılan 207 kiloqram narkotik – marixuana aşkara çıxarılmışdı. Təsəvvür elə, ölkəyə bombalar yağır, dünyanın diqqəti bunların faciəsinə yönəlib, ancaq narkotik daşımaq əməlindən əl çəkmirlər. Əslində bunu “malın” reklamı kimi istifadə etmək olar. Gör necə “kayfda” olmuşlar... Həqiqətən güclü “şey” imiş. Maşallah. Özü də qarpız dolu maşında. Lap klassikin yazdığı vəziyyətdir: “Dom Feyzulla, bomba rabatay”.
Sonda bir siyasi xəbər. Əlbəttə, biz dünyadakı prosesləri izləməliyik, lakin öz ərazimizdəki geopolitik maqma qatlarını titrədən, tarixin axarını dəyişdirəcək cahanşümul hadisələri də diqqətdən kənarda qoya bilmərik. Bugünlərdə məhz belə hadisələrdən biri baş vermişdir: Vəhdət Partiyasının sədri Tahir Kərimlinin yerinə başqa sədr seçilmişdir.
Nə yaza bilərik? Deməli həmin o qanlı əjdaha Tahir müəllimə qalib gəldi, neçə illər çalışdı, axır onu uddu. Artıq biz Tahir Kərimlinin Milli Məclisdəki emosional hayqırtılarını, psixososial üsyanlarını, fiziosomatik çıxışlarını dinləyə bilməyəcəyik. Bir epoxa da beləcə qapandı. Məncə bu haqda Netanyahuya xəbər vermək lazım deyil. Ürəklənə bilər. Hazırda bölgəyə ən az lazım olan da budur.
17 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ