Onlayn ictimai-siyasi qəzet
"Azərbaycan və Suriyanın yeni hökuməti arasında son bir neçə ayda münasibətlərin yeni səhifəsi başlayıb. Tarixən Azərbaycan və Suriya xalqları bir-biri ilə qonşuluqda yaşayıb və müəyyən müddətlərdə vahid geosiyasi məkanın aparıcı aktorları olublar".
Musavat.com xəbər verir ki, bu fikirləri Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov bildirib.
O xatırladıb ki, Bəşər Əsəd dövründə Suriyanın Türkiyə ilə münasibətlərinin soyuqluğu fonunda rəsmi Dəməşq heç bir məntiqi əsası olmayaraq Azərbaycanla münasibətləri korlamış, onlar üçün heç bir önəm daşımayan Ermənistana siyasi dəstək vermişdi:
"Hərçənd Suriyanın son 15 ildə dövlət kimi mövcudluğu sual altında idi. 2024-cü ilin sonunda Bəşər Əsədin ölkədən qaçmasından sonra Dəməşqdə yeni siyasi elitanın hakimiyyətə gəlməsindən sonra iki ölkə arasında əlaqələrin yenidən qurulması və dərinləşdirilməsi gündəmdədir.
Bu günlərdə baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti Suriyada səfərdədir. Bu gün Suriya Ərəb Respublikasının keçid dövrü prezidenti Əhməd Əl Şaraa baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Məlumdur ki, 44 günlük müharibədən sonra regional əməkdaşlıq, qlobal Cənub ölkələri ilə münasibətlərin genişləndirilməsi Azərbaycanın xarici siyasətində prioritetlər sırasında mühüm yer tutur.
Suriya mövzusunda qardaş Türkiyə ilə koordinasiya və panislamist diplomatiyanın gücləndirilməsini də nəzərə alsaq, Azərbaycanın Suriyanın və İraqın yerləşdiyi Yaxın Şərq ilə Avropa arasındakı bu vacib regiona diqqətinin artması təsadüfi deyil. Tərəflər arasında münasibətlərdə bir neçə komponent üzrə işlər aparıla bilər. Səfirliklərin yenidən aktivləşdirilməsi və diplomatik missiyaların genişləndirilməsi. BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq, eləcə də Azərbaycan şirkətləri Suriyanın yenidənqurulmasında iştirak edə bilər. Bura tikinti, infrastruktur və enerji sahələri aiddir. Kənd təsərrüfatı sektorunda da əməkdaşlığın perspektivliyi var. Xüsusilə, dərman və neft-kimya məhsulları.
Bu baxımdan yaxın gələcəkdə birgə biznes forumların təşkili istisna deyil. Bura enerji infrastrukturunun bərpasında yardım, Azərbaycan-Türkiyə-Suriya nəqliyyat dəhlizi, dəniz limanları vasitəsilə yüklərin tranziti (Bakı-Latakiya xətti) və sairə də daxildir".
Politoloq qeyd edib ki, Azərbaycan–Suriya əlaqələri İsrail–Türkiyə və İsrail–İran qarşıdurması fonunda xüsusi siyasi məna daşıyır:
"Bu kontekstdə tərəflərin maraqları, regional qüvvələr balansı, geosiyasi dinamika vacibdir. Azərbaycan–Suriya münasibətləri İsrail–İran və İsrail–Türkiyə qarşıdurması kontekstində qlobal və regional siyasətin mürəkkəb şaxələrini əks etdirir. Bakı bu mürəkkəb geosiyasi mühitdə balanslı və praqmatik siyasət aparmaqla həm öz təhlükəsizlik maraqlarını qoruyur, həm də yeni diplomatik və iqtisadi fürsətlər yaradır.
Unutmaq olmaz ki, bu gün münasibətlərin inkişafı üçün yaranan yeni fürsətin həm də tarixi, mədəni əsasları var. Məsələni siyasiləşdirməmək üçün qədim Azərbaycan dövlətlərinin və hökmdarlarının Suriya ilə bu və ya digər şəkildə bağlılıqları üzərində dayanmasaq, təkcə mədəniyyət və ədəbiyyat sahələrinə toxunmaq kifayətdir ki, iki xalq arasında tarixi bağlılığı başa düşək.
Azərbaycan klassik ədəbiyyatının tanınmış simaları – Nizami Gəncəvi, Xaqani Şirvani, Füzuli və başqaları ərəb-islam dünyasının, o cümlədən Suriyanın intellektual dairələrində tanınırdılar və hazırda da tanınmaqdadırlar. Onların əsərləri Şamda, Bağdadda, Hələb və Qahirədə yayılıb, elmi-fəlsəfi mühitə təsir göstərib. Bu gün də müasir Azərbaycan Suriyanın inkişafında özünəməxsus yer tuta bilər.
Xatırladım ki, Samir Şərifovun səfəri Azərbaycan və Suriya liderləri arasında Antalyada keçirilən görüşdə əldə edilən razılıq əsasında baş tutub. Aprelin 11-də Antalyada keçirilən IV Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa arasında baş tutan görüş Cənubi Qafqaz və Yaxın Şərq regionlarında yeni geosiyasi reallıqlar fonunda mühüm əhəmiyyət kəsb edir.
Beləliklə, Azərbaycan xarici siyasətində son 5 ildə fəaliyyət və təsir arealını daha da genişləndirməyə davam edərək proseslərə təsir etməyi bacaran beynəlxalq aktor kimi tanınır. Suriyada bir çox dövlətlərin proseslərdə sabitsizləşdirici mövqeyi fonunda Azərbaycanın apardığı siyasət vahid və sabit Suriya arealı üçün qiymətlidir”.
Afaq Mirayiq,
Musavat.com
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ