İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-Serbiya əlaqələri: Bakı Avropada əməkdaşlıq arealını genişləndirir

Azərbaycan özünün tranzit ölkə, həmçinin ənənəvi və yaşıl enerji mənbəyi kimi potensialını, Avropanın bu istiqamətlərdəki tələbatının qarşılanmasındakı rolunu artırmaq üçün ciddi addımlar atmaqdadır.

Musavat.com xəbər verir ki, bu sahədə son aylarda həyata keçirilən siyasət dinamikliyi və intensivliyi ilə diqqəti cəlb edir. Bu ilin iyulunda Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığa dair memorandum imzalandıqdan sonra onun reallaşması üçün çox sürətlə və uğurlu addımlar atılmaqdadır.

Dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. İmzalanma mərasimində dörd ölkənin dövlət başçıları ilə yanaşı, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen də iştirak edib.

31jpg-1671619181.jpg (49 KB)

Buxarestdə imzalanan saziş Azərbaycanın Avropa üçün yalnız ənənəvi deyil, alternativ enerjinin də mənbəyinə çevrilməsi yolunda ilk və çox mühüm addımdır.

Sazişlə bağlı danışan Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır: “Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Ölkəmizin strateji investorlarının biri ilə biz 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırırıq. Onların 80 faizi ixrac olunacaq. Biz 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırırıq. Beləliklə, yalnız təkcə bir qlobal enerji şirkəti Azərbaycanda 10 qiqavat yaşıl enerjinin istehsalına yatırımlar etməyi planlaşdırır. İki gün əvvəl Azərbaycanın Energetika Nazirliyi digər qlobal enerji şirkəti ilə çərçivə sazişini imzalayıb. Həmin şirkət Azərbaycanda 12 qiqavata qədər külək və günəş enerjisinin istehsalına sərmayə qoymağı planlaşdırır. Beləliklə, Azərbaycan ixracının birinci mərhələsində ən azı 3 qiqavatlıq əlavə ötürmə gücü yaradılacaqdır”.

Flags_Azerbaijan_Serbia_050512.jpg (16 KB)

Məlumat üçün bildirək ki, Prezidentin haqqında bəhs etdiyi sonuncu memoradum Energetika Nazirliyi və Avstraliyanın Fortescue Future Industries (FFI) şirkəti arasında imzalanıb. Azərbaycanda bərpa olunan enerji layihələri və “yaşıl hidrogen”in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair Çərçivə Müqaviləsi Azərbaycanda bərpa olunan enerji və “yaşıl hidrogen”in istehsalı üzrə ümumi gücü 12 QVt-dək layihələrin araşdırılması və reallaşdırılmasını nəzərdə tutur.

Azərbaycanın Cənub Qaz Dəhlizi ilə Avropaya çatdırdığı təbii qazın müştəriləri getdikcə artır. İtaliya, Bolqarıstan və Yunanıstandan əlavə, yanvardan etibarən Rumıniya da Azərbaycan qazının istisini hiss edəcək. Dekabrda SOCAR-la Rumıniyanın “Romgaz S.A.” şirkəti arasında imzalanmış alqı-satqı müqaviləsinə əsasən şirkət 2023-cü il aprelin 1-dək 300 milyon kubmetrə qədər Azərbaycan qazı tədarük edəcək. 2023-cü il yanvarın 1-dən aprelin 1-dək olan dövrdə gündəlik tədarükün 4,2 milyon kubmetrə qədər olacağı gözlənilir.

Qaz həcmləri Türkiyədən Yunanıstanın Virtual Ticarət Məntəqəsinə (VTP) çatdırılacaq, daha sonra Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə Bolqarıstana və Trans-Balkan dəhlizindəki əlaqə nöqtəsindən yenidən Rumıniyaya göndəriləcək.

Azərbaycan enerji əməkdaşlığı qurduğu ölkələrlə digər sahələrdə də münasibətlərini inkişaf etdirməkdə maraqlıdır. Bu baxımdan, Serbiya prezidenti Aleksandr Vuçiçin Bakıya rəsmi səfəri diqqəti cəlb edir. Belə ki, Serbiya Avropa İttifaqının üzvü olmayan çox az Avropa ölkələrindən biridir. Serbiya ilə münasibətlri dərinləşdirməklə Azərbaycan həm Avropa İttifaqı, həm də ondan kənarda olan Avropa ölkələri ilə əlaqələrini eyni dərəcədə genişləndirmək siyasətini ortaya qoyur.

63a3f3107ac0b.jpg (46 KB)

Serbiya Prezidenti ilə görüşdən sonra mətbuata bəyanatında Azərbaycan Prezidenti ölkələr arasında əlaqələrin bütün istiqamətlər üzrə sürətlə dərinləşdiyini qeyd edib. Bildirib ki, həm Serbiya, həm Azərbaycan öz resurslarına arxalanan ölkələrdir, müstəqil siyasət aparan, bir-biri ilə sıx əlaqədə olan ölkələrdir: “İki ölkə arasındakı əlaqələrin dinamikası çox müsbətdir. Ötən ay Belqradda qəbul edilmiş qərarların tezliklə yerinə yetirilməsini arzulayırıq. Hökumət üzvlərinə bu qərarların icra edilməsi ilə əlaqədar müvafiq göstərişlər verildi. Bundan sonra da ikitərəfli əlaqələr sürətlə inkişaf edəcək və qəbul edilmiş qərarlar vaxt itirmədən icra olunacaqdır”.

Qeyd edək ki, Azərbaycanla Serbiya arasında siyasi əlaqələr yüksək səviyyədədir. İndiyədək iki ölkə arasında 44 sənəd imzalanıb. Bu sənədlər arasında 2013-cü ildə imzalanmış Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə və 2018-ci ildə imzalanmış Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı xüsusi əhəmiyyət daşıyır. Hər iki sənəddə keçmiş Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in qərarlarına uyğun olaraq, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının dəstəkləndiyi qeyd olunub.

1200px-Azerbaijan_Serbia_Locator.png (271 KB)

Azərbaycan da öz növbəsində Serbiyanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, Kosovonun müstəqilliyini tanımır və bütün beynəlxalq müstəvilərdə bu mövqedən çıxış edir.

Azərbaycanla Serbiya arasında iqtisadi sahədə yaxşı əlaqələr mövcuddur. 2021-ci ildə Serbiya Azərbaycanın 71-ci xarici ticarət tərəfdaşı olub. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 9,23 milyon dollar, o cümlədən idxalın həcmi 8,04 milyon, ixracın həcmi isə 1,19 milyon ABŞ dolları təşkil edib. 2020-ci illə müqayisədə ötən il Serbiya ilə ticarət dövriyyəsi 1,9 faiz, o cümlədən idxal 2,27 faiz artıb, ixrac isə 0,53 faiz azalıb.

2022-ci ilin yanvar-oktyabr aylarında Serbiya Azərbaycanın 68-cı xarici ticarət tərəfdaşı olub. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 9,84 milyon dollar, o cümlədən idxalın həcmi 8,10 milyon dollar, ixracın həcmi 1,74 milyon dollar təşkil edib. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-oktyabr aylarında Serbiya ilə ticarət dövriyyəsi 27,51 faiz artıb.

Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya da fəaliyyət göstərir. Komissiyanın sonuncu - 6-cı iclası ötən ilin iyulunda Bakıda keçirilib.

Azərbaycanda tikinti və xidmət sahələrində fəaliyyət göstərən Serbiya investisiyalı 4 şirkət qeydiyyatdan keçib. Azərbaycanın isə “AzVirt” şirkəti Serbiyada yol infrastrukturu layihələri həyata keçirir. Belqradda Serbiya-Azərbaycan Ticarət Palatası fəaliyyət göstərir.

Serbiya Azərbaycanla ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq göstərir. Serbiyanın yüksək səviyyəli rəsmiləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında mütəmadi olaraq iştirak ediblər. Serbiya Baş nazirinin müavini, mədən və energetika naziri Zorana Mixayloviçin ölkəmizə səfəri çərçivəsində 2022-ci il iyunun 1-də Bakı şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Saziş” imzalanıb.

Prezident İlham Əliyev çıxışında xüsusi vurğulayıb ki, beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır: “Beynəlxalq hüquq sahəsində dünyada müşahidə olunan ikili standartların təzahürləri çox narahat edir”.

Hazırda ölkələr arasında əlaqələrin daha bir istiqaməti nəqliyyat-logistika sahəsidir. Azərbaycan Prezidenti bu məsələyə diqqət yetirərək, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizlərinin keçdiyini, bu sahədə uzlaşma və bağlantının yaradılması üçün hər iki ölkənin müvafiq qurumlarının fəal işləməsinin gərəkdiyini vuğulayıb. O, həmçinin energetika sektorunda əməkdaşlıq potensialının olduğunu bildirib: “Energetika sektoru əməkdaşlığımızın bir hissəsidir. Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılmışdır. Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əməli addımlar atılacaqdır. Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanmışdır. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək”.

Hər iki ölkənin prezidentləri müdafiə sənayesini perspektiv əməkdaşlıq istiqamətlərindən biri kimi xüsusi qeyd ediblər.

Serbiya Prezidenti ölkəsinin Azərbaycandan həm qaz, həm elektrik enerjisi almaq, həmçinin müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını deyib: “Biz artıq özümüzün ötürücü sistemlərimizin inşası, inkişafı yollarını müzakirə etdik ki, Rumıniya və Macarıstana sualtı xətlə nəql olunacaq elektrik enerjisini əldə edək və özümüzün necə enerji benefisiarları ola biləcəyimizi nəzərdən keçirək. Biz Bolqarıstan və Şimali Makedoniya ilə birlikdə inşa etməyə hazırlaşdığımız interkonnektorlar vasitəsilə Azərbaycan qazını əldə etməyin yolları barədə müzakirə apardıq. Bütün bunlar bizim üçün vacibdir. Lakin hesab edirəm ki, biz eyni dərəcədə mühüm olan, bəlkə də daha mühüm olan bəzi yeni əməkdaşlıq sahələri açırıq. Söhbət bizim ümumi fəaliyyətimizdən, müdafiə sənayesində texnologiya mübadiləsindən və üçüncü ölkələrin bazarlarına birlikdə çıxara biləcəyimiz bəzi məhsullar üzərində aparılan işdən gedir”.

16692037995634562276_1000x669.jpg (314 KB)

Onu da qeyd edək ki, Azərbaycandan Avropaya elektrik enerjisi ötürəcək sualtı kabel xəttinin çəkilməsi layihəsinin texniki-iqtisadi əsaslandırmasını İtaliya şirkəti hazırlayacaq. Dünya Bankının ayırdığı 2,5 milyon avro hesabına maliyyələşəcək əsaslandırma 2023-cü ilin sonuna hazır olacaq. 2024-cü ildən etibarən layihənin icrasına başlanması və 3-4 ilə yekunlaşdırılması nəzərdə tutulur.

Layihənin strateji əhəmiyyəti, həmçinin səmərəliliyi artıq dünyanın ən böyük investorlarının ona marağının yaranmasına səbəb olub.

Belə ki, bir neçə gün əvvəl Azərbaycanda olan Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, iki ölkə arasında müştərək komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih Bakıda keçirilən Azərbaycan-Səudiyyə Ərəbistanı Müştərək Komissiyanın 7-ci iclasında çıxışı zamanı bildirib ki, ölkəsi bu layihəyə qoşulmaq istəyir: "Bildiyiniz kimi "Acwa Power" şirkəti 240 meqavatlıq enerji layihəsi Azərbaycanda icra edir. Amma bu bizim üçün azdır. İstərdik ki, daha böyük enerji layihələri icra edək və Azərbaycanın bir neçə gün öncə Avropaya elektrik enejisi ixracı ilə bağlı imzaladığı müqaviləyə biz də qoşulaq".

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR