İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Sement İstehsalçıları Assosiasiyası COP 29-a hazırlıq çərçivəsində “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünü həyata keçirir

Bu yaxınlarda ölkənin sement sənayesinin aparıcı şirkətləri “Norm” ASC, Holcim Azərbaycan ASC, Arkoz Sement və Reges Sement bir araya gələrək Azərbaycan Sement İstehsalçıları Assosiasiyasını (ASİA) təsis ediblər.


6-7 may tarixlərində assosiasiyanın “Xalis Sıfır Sürətləndirici” (Net Zero Accelerator) təşəbbüsü ilə bağlı ilk tədbiri baş tutub. İkigünlük tədbir seminarlar şəklində təşkil olunub və CO2 emissiyalarının azaldılmasının bütün dəyər zənciri boyunca aparılması, eləcə də bu sahədə qanunvericilik və tənzimləmələrin müzakirəsi üçün ayrı-ayrı sessiyalara beton istehsalçıları, inşaat şirkətləri, müxtəlif dövlət qurumları və qeyri-hökümət təşkilatlarından nümayəndələr dəvət olunublar. Tədbir boyunca geniş müzakirələr aparılıb, sual-cavab sessiyaları təşkil olunub və təkliflər nəzərdən keçirilib.

Tədbirin ilk günündə assosiasiya üzvləri ilə Avropanın nüfuzlu sement tədqiqatı üzrə qurumu olan ECRA (European Cement Research Academy) arasında Anlaşma Memorandumu imzalanıb.

Əməkdaşlıq çərçivəsində Azərbaycan sement sənayesi üçün “Xalis Sıfır Yol Xəritəsi”nin hazırlanması, iqlim dəyişmələrinin təsirinin azaldılması (mitiqasiya), həmçinin dayanıqlı inkişaf və emissiyaların azaldılması strategiyaları ilə bağlı biliklərin, mövcud resursların və ən yaxşı təcrübələrin mübadiləsi nəzərdə tutulur. Yol xəritəsinin hazırlanması, hədəflərin təyin olunması və strategiyaların müəyyən edilməsi üçün yerli sənayenin mütəxəssisləri iqlim dəyişikliyi üzrə beynəlxalq ekspertlərlə və müvafiq dövlət qurumları ilə birlikdə işləyəcəklər. Bu yolda dövlət siyasəti rəhbər tutulmaqla, Avropa Sement Tədqiqatı Akademiyasının və Qlobal Sement və Beton Assosiasiyasının elmi-praktiki təcrübələrindən istifadə olunacaq.

Təşəbbüs çərçivəsində şirkətlər sement və beton sektorunda CO2 emissiyalarının azaldılmasına imkan verən irəli texnologiyaları tətbiq edəcək, eləcə də sənayenin karbonsuzlaşdırılması cəhdlərinin həyata keçirilməsi üçün lazımi dəstəyin təmin olunmasına çalışacaqlar.

“Xalis Sıfır Sürətləndirici” təşəbbüsü Azərbaycanın sement sənayesi iştirakçılarının dayanıqlı inkişafa sadiqliyini və onların ekoloji cəhətdən məsuliyyətli təcrübələrin sınaqdan keçirilməsinə verdiyi yüksək əhəmiyyəti nümayiş etdirir. Qlobal Sement və Beton Assosiasiyasının rəhbərlik etdiyi təşəbbüsə qoşulmaqla, ASİA üzvləri Azərbaycanın qlobal iqlim öhdəliklərinin yerinə yetirilməsinə töhfə vermiş olacaqlar.

Qeyd edək ki, ölkənin aparıcı sement şirkətləri bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-u da əlverişli fürsət kimi dəyərləndirirlər və davamlı əməkdaşlıq etməklə, mühüm ekoloji hədəflər üzrə strateji planlaşdırmaları həyata keçirmək niyyətindədirlər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR