İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan şəhidlərini torpağa tapşırdı - xalq axın etdi

Ermənistan silahlı bölmələri tərəfindən sentyabrın 12-də və 13-də gecə saatlarında törədilən təxribat nəticəsində şəhid olan Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu dəfn olunub.

Onların bəziləri doğma el-obasında, bəziləri isə II Fəxri Xiyabanda torpağa tapşırılıb. Bütün şəhid dəfnlərində kütləvilik olub, xalq Fəxri Xiyabana axın edib.

“Yeni Müsavat”ın əməkdaşı II Fəxri Xiyabanda Səbuhi Əhmədovun dəfn mərasimində iştirak edib. Mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri, Yasamal Rayon İcra Hakimiyyəti rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin qardaşı Sənan Əhmədov mediaya açıqlamasında qeyd etdi ki, valideynləri onların iki yaşı olanda vəfat ediblər və qardaşlar SOS kəndində böyüyüblər: “Səhər qardaşıma zəng etdim, telefonu başqası açdı. Bir kəlmə dedi ki, qardaşının qisasını almışıq. Hərbiyə gedəndə həmişə deyirdi ki, mənimlə fəxr edəcəksən. Gizir idi. Hər zaman dediyini edərdi. Üç gün olardı zəng etmişdi ki, düşmən tərəfdə atışma var. Elə həmin günün səhəri zəng elədi, danışdıq. 13-ü zəng elədim, artıq qardaşım şəhid olmuşdu. 25 yaşı var idi. Qardaşımla fəxr edirəm, amma onsuz mənə çox çətin olacaq”.

Şəhid olan hərbi qulluqçularımızdan bəziləri doğulub-böyüdükləri bölgələrdə dəfn olunub. Azərbaycan Ordusunun hərbi qulluqçusu, MAXE Ümid İlqar oğlu Həsənov Quba rayonunun İsnovqışlaq kəndində torpağa tapşırılıb. Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) giziri, 1991-ci il təvəllüdlü Nəzər Əzizov Kürdəmir rayonunun Dəyirmanlı kəndindəki Şəhidlər Xiyabanında dəfn olunub.

Ötən gün ictimaiyyət şəhid xəbərləri ilə yanaşı, təəssüf ki, şəhid yaxınlarının vəfatı ilə də sarsıldı. Düşmən təxribatı nəticəsində şəhid olan xüsusi təyinatlı hərbi qulluqçumuz Vadim Qocayevin atası Alik Qocayev ürəktutmadan dünyasını dəyişib. Şəhid oğlunun nəşini gətirmək üçün Gəncəyə yollanan ata oğlunun cənazəsini təhvil almazdan öncə infarkt keçirərək dünyasını dəyişib. Ata və oğul Qobustan rayonunun Sündü kəndində birgə dəfn olunub. Vətən müharibəsi iştirakçısı olan Vadimin bir yaşlı qızı var, bugünlərdə onun ikinci övladı dünyaya gələcək.

Kapitan Saleh Möhübbət oğlu Qurbanov Xızıda, doğulub boya-başa çatdığı Giləzi qəsəbəsində dəfn olunub.

Gizir Kərimov Azad Zahid oğlu sentyabrın 13-ü gecə saatlarında ermənilərin törətdiyi təxribatlar nəticəsində Kəlbəcər istiqamətində şəhidlik zirvəsinə yüksəlib. Baş gizir Rüstəmov Elnur Faid oğlu sentyabrın 14-də Xaçmazda, doğulub boya-başa çatdığı Əbilyatağı kəndində dəfn olunub.

Baş leytenant Əli Əliyev son mənzilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonuna yola salınıb. O, əslən Şərur rayonunun Yengicə kəndindən idi.

Erməni silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olmuş Dövlət Sərhəd Xidmətinə məxsus “N” saylı hərbi hissədə müddətdən artıq xidmət keçən hərbi qulluqçu, baş çavuş, 1990-cı il təvəllüdlü Rəhimov Təbriz Rəhim oğlu Gülövşə kəndində torpağa tapşırılıb. Şəhid əsgər Qasımov Rəşad Ənvər oğlu bu gün isə Cəlilabadda dəfn olunub.

İsmayıllı rayonunda şəhid Bədəlov Cavidan Zaur oğlunun, Tovuzda baş gizir Əhmədov Firuz Məzahir oğlunun da dəfn mərasimləri təntənəli şəkildə keçirilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin rəsmi məlumatında bildirilib ki, düşmən təxribatının qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla, ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat” 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR