Onlayn ictimai-siyasi qəzet
Noyabrın 8-i Azərbaycan tarixinə şanlı Qələbə günü kimi həkk olundu. Həmin il sentyabrın 27- də Ermənistan silahlı qüvvələrinin sərhədboyu ərazilərimizdə başlatdığı təxribatları müharibəyə çevirdi. Vətən müharibəsi adlandırdığımız İkinci Qarabağ müharibəsi cəmi 44 gün davam etdi və Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi tarixə qızıl hərflərlə yazılıb. Bu gün, xalqımız ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, uzaqgörən siyasəti, ordu quruculuğuna yetirdiyi xüsusi diqqət və qayğı, eləcə də “Prezident-Xalq-Ordu” birliyi sayəsində qazanılan zəfər sevincini yaşayır. Bu şanlı Qələbədən 3 il keçir. Bu müddət ərzində Azərbaycanın dünya birliyindəki nüfuzu daha da artdı, mövqeyi möhkəmləndi. Son üç ildə ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı xeyli artıb. İndi Azərbaycan dünyada Qalib ölkə kimi tanınır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Hüquq müdafiəçisi deyib ki, tarix boyu Azərbaycanın ictimai-siyasi həyatında çox şərəfli anlar, unudulmaz günlər, sevinc, fərəh, qürurla dolu hadisələr baş verib. Bu hadisələr Azərbaycanın beynəlxalq aləmdəki reytinqinin daha da yüksəlməsində mühüm rol oynayıb. Ancaq 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat tariximizin ən şanlı səhifəsidir. Məhz həmin gün ermənilərin 200 illik düşmənçiliyinə, Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyuldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuzun gücü sayəsində torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tarixində xüsusi əhəmiyyət kəsb edir. Hər bir Azərbaycan vətəndaşı bu tarixi şərəfli məqamların şahidi olmağın, unudulmaz günlərin qürurunu yaşayır. Azərbaycan xalqı 30 ildə səbirlə, inamla dövlətini möhkəmləndirərək bu möhtəşəm Qələbə xəbərini gözləyirdi. Məhz xalq-dövlət-ordu birliyi sayəsində Azərbaycanın işğal altında olan torpaqları azad olundu. Prezident İlham Əliyevin mükəmməl diplomatik bacarıqları, praqmatik düşüncələri, müdrikliyi, dövlət maraqlarının təmin olunmasına istiqamətlənmiş xarici siyasət kursu xalqımıza Qələbə sevinci bəxş etdi.
Ç.Qənizadə Azərbaycanın dünya birliyinə inteqrasiyasının, tarixi Qələbəyə zəmin yaradan siyasi kursun əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladaraq deyib ki, müdrik şəxsiyyət doğma yurdlarından didərgin salınmış keçmiş məcburi köçkün soydaşlarımızla görüşərkən qətiyyətlə deyirdi:” İnanın ki, biz mütləq Şuşaya, Laçına, Kəlbəcərə, Füzuliyə, Cəbrayıla, Qubadlıya, Ağdama qayıdacağıq. Biz bunlarsız yaşaya bilmərik”. Bu qətiyyət torpaqlarımızın işğaldan azad olunacağına inamı daha da möhkəmləndirirdi.
Ulu Öndərin yarımçıq qalmış işlərini onun ən layiqli varisi tamamlaya bilərdi. Heydər Əliyev 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində bununla əlaqədar xalqa müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
2003-cü ildə keçirilən prezident seçkilərində xalqın etimadını qazanan İlham Əliyevin qarşısına qoyduğu prioritet vəzifələrdən biri işğal altında olan torpaqlarımızın azad edilməsi oldu. Son 20 ildə həyata keçirilən islahatlar, ordu quruculuğuna xüsusi önəm verilməsi Ermənistanın işğalçılıq siyasətinə son qoydu. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli Bəyanat Ermənistanın məğlubiyyətini rəsmən təsdiqlədi. Bu il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Oktyabrın 15-də Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı.
“İyirmi il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Bu gün xalqımız böyük sevinc və fərəh hissi ilə tarixi Qələbəmizin 3 illiyini qeyd edir”, - deyə Ç.Qənizadə bildirib.
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ