İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan NATO tipli ordunun bir addımlığında - yolun sonuna bir şey qalmadı

Hərbi ekspert: “Türkiyə ordusu modelinə keçid çox da uzaq olmayan zamanda uğurla yekunlaşacaq”

“Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir”. Bunu Prezidenti İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında deyib.

Dövlət başçısının sözlərinə görə, bundan sonrakı illərdə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlər plan üzrə gedir. “İkinci Qarabağ müharibəsindən sonra Silahlı Qüvvələrimizdə aparılan islahatlar hələ başa çatmayıb, o cümlədən struktur islahatları. Biz öz Silahlı Qüvvələrimizi ən qabaqcıl orduların səviyyəsinə çatdırmalıyıq. Struktur islahatları, idarəetmə və özünü müdafiəetmə qabiliyyəti nöqteyi-nəzərindən biz elə güc yaradırıq ki, yerləşdiyimiz coğrafiyada özümüzü tam əmin hiss edə bilək”, - Prezident vurğulayıb.

Prezident İlham Əliyev sərəncam imzalayıb - 10.05.2022, Sputnik Azərbaycan

Dövlət başçısı müşavirədə belə bir məqama da diqqət çəkib ki, artıq dünyada davranış qaydaları tamamilə pozulub, beynəlxalq hüquqa əməl edilmir, böyük dövlətlər bu hüququ pozurlar və sonra da onu əsaslandırırlar. “Ona görə də özümüzü, öz müstəqilliyimizi, seçimimizi, həyat tərzimizi, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz dayanmadan bu istiqamətdə çox ciddi addımlar atmışıq... Bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha da güclü olacağıq”.

“Ən qabaqcıl ordular” deyəndə isə təbii ki, Prezident qardaş Türkiyənin ordusu timsalında NATO tipli silahlı qüvvələr nəzərdə tutulur. Məlumdur ki, illər öncə İlham Əliyev Türkiyə modelli ordu quruculuğuna keçidlə bağlı konkret qərar və göstərişlər verib. Bu yöndə işlər intensiv davam etdirilir. İki qardaş ölkənin birgə keçirdiyi və hər il sayı artan hərbi təlimlər bunun başqa bariz sübutudur. Bütün bunların ilk ciddi nəticəsini isə 44 günlük müharibədə hamı gördü.

105 yaşlı Azərbaycan Ordusu

Sözsüz ki, arxayınlığa da əsas yox. Çünki düşmən və onun havadarları yatmayıb. Erməni revanşistlər vaxtaşırı baş qaldırır və fürsət gözləyirlər. Üstəgəl, Qarabağa qaytarılan əhalimizin təhlükəsizliyi məsələsi var. Odur ki, hərbi qüdrətimizi daima yüksək səviyyədə saxlamalı, Türkiyə tipli ordu quruculuğunu maksimum qısa zamanda başa çatdırmalyıq. 

Bəs hazırda yolun harasındayıq?

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Ordusunun Türkiyə ordu modeli əsasında inkişaf etdiyini əyani şəkildə görürük: “Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra demişdi ki, Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək. Müharibədən keçə müddətdə biz bunu əyani şəkildə görürük. Bu gün eyni zamanda müdafiə sahəsində və müdafiə sənayesi sahəsində də Azərbaycanla Türkiyə Müdafiə Nazirliyi arasında sıx əməkdaşlıq mövcuddur. Təkcə bu il 16 birgə hərbi təlim keçirilməsi öncədən nəzərdə tutulub. Onların bir neçəsi artıq keçirilib. İkinci Qarabağ savaşından sonra Azərbaycan Silahlı Qüvvələrinin tərkibində dağ komando birləşmələri yaradılıb, Türkiyə modeli ilə bağlı digər bir çox işlər görülüb.

Bəllidir ki, həm taktiki, həm silahlanma, həm döyüş qabiliyyətinə görə, ümumiyyətlə, bütün parametrlər üzrə Türkiyə ordusu dünyanın ən mükəmməl ordularından sayılır. Türk ordusu NATO-da güc baxımdan ikinci ən güclü ordudur. Son illərdə isə Türkiyənin hərbi-sənayesinin sürətlə inkişafı Türk ordusunu daha da gücləndirib. Azərbaycan Ordusunun Türk ordusu modelinə keçidi üçün artıq bir sıra addımlar atılıb və proses davam edir. Təşkilati-ştat strukturu təkmilləşdirilərək Quru Qoşunları Komandanlığı və yeni hərbi birliklər, komando briqadaları yaradılıb. Azad edilmiş ərazilərdə dislokasiya olunmuş bölmələrin əməliyyat və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, həmçinin xüsusi şəraitdə döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə əməliyyat (komando) hərbi hissələri yaradılıb. Komandoların Türkiyədə müvafiq hazırlıq kurslarını keçməsi təmin edilib.

Vətən müharibəsində əldə edilən təcrübələrin təhlili əsasında Türkiyə Silahlı Qüvvələrinin də modeli nəzərə alınaraq yeni döyüş təlimatları hazırlanıb. Türkiyə Silahlı Qüvvələri zabitlərinin iştirakı ilə təşkil edilən bir çox kurslara xeyli sayda hərbi qulluqçunun cəlb edilməsi mütəxəssis hazırlığını da yeni səviyyəyə yüksəldib. Azərbaycan Ordusunda bir sıra istiqamətlər üzrə tədbirlər icra edilib. Əsas diqqət daim döyüşə hazırolma və silahlı qarşıdurma kəskinləşdiyi zaman yarana biləcək vəziyyətdə adekvat cavab tədbirlərinin görülməsinə yönəldilib. Azərbaycan Ordusunda bir neçə yeni qurum - əməliyyat komando qurumları, briqadaları yaradılıb. Komandolar, təchizat göndərilməsə belə, tapşırıqlarını yerinə yetirən hərbi qulluqçulardır. Onlar istənilən vaxt və hər yerdə - quruda, dənizdə və havada döyüşmək üçün təlim görürlər.

Onu da qeyd edək ki, Türkiyə modelinə keçmək üçün qarşıda duran başlıca vəzifələrdən biri Azərbaycan Ordusunun silah-sursatının yenilənməsidir. Bu məsələdə də Türkiyə hərbi müdafiə sənayesinin məhsullarını əldə etməyimiz və birgə istehsal mühüm əhəmiyyət daşıyır. Qarşıdakı dönəmdə yeni tələblərə, NATO tələblərinə cavab verən 5-ci nəsil hərbi texnika, təyyarələr alınmalıdır. Bunun üçün Azərbaycan ilk növbədə Türkiyə ilə hərbi-texniki əməkdaşlığı da dərinləşdirir".

Ekspert qeyd etdi ki, Azərbaycan Ordusunun Türkiyə ordusu standartlarına uyğunlaşması prosesi yaxın zamanlarda daha sürətli xarakter alacaq: “Bunun üçün qanunvericilik bazası artıq xeyli vaxtdır mövcuddur. Biz artıq Türkiyə ordusu modelindən döyüş əməliyyatlarında uğurla istifadə etdik, onun üstün tərəflərindən yararlandıq. Azərbaycan ordu quruculuğunda üstünlüyü Türkiyə, dolayısı ilə NATO modelinə verir. Ordunun  silahlanmasında daha çox təmassız müharibə vasitələrinin və idarəolunan sursatların tətbiqi genişləndirilir. Türkiyə müdafiə sənayesinin aparıcı şirkətləri ilə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlığı dərinləşir, birgə istehsal sahələrinin fəaliyyəti də həmçinin. Son bir-iki ildə Türkiyə müdafiə sənayesinin istehsal etdiyi elə silahlar var ki, xüsusilə PUA-lar dünyada ən modern silahlar kateqoriyasına aid edilir. Bu yaxınlarda Türkiyənin ən böyük hərbi gəmisi və dünyanın ilk hərbi PUA gəmisi - "TCG Anadolu" xidmətə başlayıb. Bu gəminin dünyada analoqu yoxdur. Bu faktın özü Türkiyə müdafiə sənayesinin inkişafının səviyyəsinin göstəricisidir. Belə bir yüksək göstəricisi olan ordu modelinə tamamilə keçid Azərbaycan üçün çox böyük həyati əhəmiyyətə malikdir. Azərbaycan Ordusunun Türkiyə ordusu modelinə keçidi davam edir və çox da uzaq olmayan zamanda bu proses uğurla yekunlaşacaq. Bu məsələdə dəqiq tarix göstərmək isə yanlış olar".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR