Onlayn ictimai-siyasi qəzet
Azərbaycan NATO-nun xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda keçiriləcək sammitinə dəvət olunub. Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen iyunun 28-də Azərbaycanda səfərdə olarkən deyib. Onun sözlərinə görə, tədbirdə ümumilikdə 30 tərəfdaş ölkə iştirak edəcək: "ABŞ dövlət katibi Antoni Blinken bu tədbiri Azərbaycan və Ermənistan daxil olmaqla, Şimali Atlantika Alyansının bütün tərəfdaş ölkələri üçün təşkil edir".
Ermənistan artıq tədbirdə iştirakı ilə bağlı razılıq verib. Azərbaycan isə, hələlik, rəsmi cavab verməyib.
İyulun 2-də Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev Bakıda NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının qərargah rəisinin müavini Stefan Fiks ilə görüşüb. K.Vəliyev Azərbaycan-NATO əməkdaşlığının bundan sonra da hər iki tərəf üçün faydalı olacağını, səmərəli görüşlərin davam etdiriləcəyini deyib.
"İştirak öhdəlik deyil"
Bəzi ekspertlər isə düşünür ki, Azərbaycanın NATO-nun Vaşinqtondakı sammitində iştirakı regionun digər oyunçuları – Rusiya və İranı qıcıqlandıra bilər.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov "Turan"a bildirib ki, bu iştirak Azərbaycan üçün hər hansı əlavə öhdəlik yaratmır: "Düşünürəm ki, iştirak edə bilər və iştirak etməlidir".
O vurğulayır ki, Azərbaycan NATO-nun üzvü deyil və həmin sammitdə qərarların verilməsində iştirak etməyəcək: "Bəlkə, kimsə özünü təşkilata namizəd kimi görür, Azərbaycan isə əvvəlcədən deyib ki, bizim belə iddiamız yoxdur".
R.Musabəyov NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramının olduğunu, Azərbaycanın bu proqram çərçivəsində NATO ilə əməkdaşlıq etdiyini də xatırladıb: "NATO-nun Parlament Assambleyasında nümayəndə heyətimiz də iştirak edir".
"Düşünməməliyik ki, İran və Rusiya nə deyəcək"
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu razılaşır ki, Azərbaycanın NATO sammitində iştirakı Rusiya və İranın xoşuna gəlməyə bilər: "Amma biz xarici və təhlükəsizlik siyasətimizi formalaşdırarkən öz dövlətimizin maraqlarından çıxış etmişik və düşünməməliyik ki, İran və Rusiya nə deyəcək. Əgər NATO ilə əməkdaşlığa üstünlük veririksə, əməkdaşlıqda maraqlıyıqsa, o zaman bu tədbirlərə qatılmalıyıq".
Ekspertin fikrincə, Azərbaycan NATO ilə əməkdaşlıqdan məmnundur: "Azərbaycan müstəqilliyini qazandıqdan bu yana başda "Sülh naminə tərəfdaşlıq" olmaqla NATO-nun müxtəlif proqramlarına qatılıb və bu gün də iştirak edir. Bu əməkdaşlıqda Azərbaycan da maraqlıdır".
Politoloq vurğulayır ki, Azərbaycan qarşısına NATO-ya üzvlük hədəfini qoymayıb: "Əgər belə hədəf qoyulsaydı, bu, Rusiya və İranı qıcıqlandıra bilərdi. Amma onlar da bilir ki, Azərbaycan Ukrayna, Gürcüstan və ya Moldovadan fərqli olaraq bunu hədəf kimi qoymayıb. Amma buna rəğmən, biz NATO ilə birgə planlaşdırmada, NATO ilə birgə tədbirlərdə iştirak etməliyik".
İyulun 3-də Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanla Ermənistanın NATO sammitinə dəvət olunmasına münasibət bildirib. Nazirliyin informasiya departamentinin direktor müavini Andrey Nastasin deyib ki, Qərb bununla Moskvanın dostlarını onunla əməkdaşlıqdan uzaqlaşdırmaq istəyir.
NATO xarici işlər nazirlərinin sammiti iyulun 9-11-də Vaşinqtonda keçiriləcək.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ