İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Minsk Qrupundan faktiki imtina edib - rəsmi bəyanat isə...

Murad Sadəddinov: “Prezident Əliyev fikirlərini elə tutarlı arqumentlərlə əsaslandırdı ki, artıq...”

Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüş əsnasında Prezident ATƏT-in fəaliyyəti ilə bağlı deyib ki, ATƏT-in Minsk Qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır. Ölkə başçısı Azərbaycan tərəfinin bu məsələni qaldırdığını və Ermənistan tərəfinin də buna razı olmaması üçün hər hansı bir səbəb görmədiyini qeyd edib. 

“Minsk qrupu 30 illik fəaliyyətində Azərbaycan-Ermənistan münaqişəsinin həllinə heç bir fayda verməyib”.

Bunu isə xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri Yan Borqla birgə mətbuat konfransında deyib: “Hesab edirik ki, artıq mandatları tükənmiş, funksional qabiliyyətini itirmiş, arxaik xarakter daşıyan bu qurumların saxlanılmasına heç bir ehtiyac yoxdur. Eləcə də ATƏT-in məhdud büdcəsini nəzərə alaraq deyə bilərik ki, bunun üçün əlavə maliyyənin xərclənməsinə də lüzum yoxdur. Belə olan təqdirdə bu təsisatlara istinadların edilməsi vəziyyəti yaxşılaşdırmır, əksinə ona xələl yetirir”.

Mövzuya dair şərh verən deputat, ATƏT PA-nın komitə sədri Azay Quliyev isə bildirib ki, Azərbaycan açıq məktubla Minsk Qrupundan çıxdığını bəyan etməlidir.

A.Quliyev xatırladıb ki, İkinci Qarabağ müharibəsindən sonra cənab Prezident birmənalı şəkildə ATƏT-lə bağlı mövqeyini ifadə etdi və bu mövqe dəyişilməyib: “Bu mövqe ondan ibarətdir ki, ATƏT və xüsusilə  onun yaratdığı bədnam Minsk Qrupu son 28 ildə nəinki, keçmiş münaqişənin həll olunmasına kömək etmədi, əksinə Azərbaycanın işğal altında olan ərazilərinin legitimləşdirilməsinə çalışdı. Bu da təəssüf hissi doğururdu. Ona görə də bizim ATƏT-in bu strukturları ilə hər hansı formada əməkdaşlığımız ola bilməz və onlar birmənalı şəkildə ləğv olunmalıdır”. 

Millət vəkili qeyd edib ki, Azərbaycan keçmiş Minsk Qrupundakı 12 ölkədən biridir, açıq məktubla bu təsisatdan çıxdığını bəyan etməlidir.

Minsk Qrupu 30 il öncə Qarabağ münaqişəsinin həllində vasitəçilik üçün yaradılmışdı. 30 il ərzində heç bir fayda vermədi və onun missiyasını Azərbaycan təkbaşına - hərbi və diplomatik yolla yerinə yetirdi, Qarabağ işğaldan azad edildi, separatizmə son qoyuldu. Faktiki Qarabağ münaqişəsi çoxdan həll olunub. Ona görə də bu lazımsız qurumu çoxdan buraxmaq lazımdır. Azərbaycanın Minsk Qrupundan çıxması üçün hansı hüquqi prosedur yerinə yetirilməlidir? Xarici İşlər Nazirliyinin  bəyanatı kifayət edirmi? 

ABŞ və Rusiyaya Cənubi Qafqazda sülh, yoxsa konflikt lazımdır - rəylər

Murad Sadəddinov 

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, ATƏT-in Minsk Qrupu ilə bağlı Azərbaycan Prezidentinin məhz ATƏT sədri ilə görüşdə verdiyi bəyanat birmənalı olaraq siyasi və hüquqi baxımdan reallığı əks etdirir: “ Ona görə ki, Minsk Qrupunun yaradılmasına səbəb olan Qarabağ münaqişəsi mövcud deyil. Prezident Əliyev fikirlərini elə tutarlı arqumentlərlə əsaslandırdı ki, artıq bu bəyanatın qarşısında kiminsə ”Minsk Qrupuna ehtiyac var" kimi cavab verməsi mümkün deyil. Diqqət etdinizsə, ATƏT sədri Azərbaycan liderinin qaldırdığı məsələ ilə bağlı faktiki olaraq deməyə söz tapmadı. Çünki ATƏT sədri də görür ki, İlham Əliyev çox düzgün olaraq Minsk Qrupunun buraxılmasının vaxtının çatdığını dilə gətirir, reallıqların tələb etdiyi addımın atılmalı olduğunu bildirir. 

Minsk Qrupu Qarabağ münaqişəsi dövründə də əslində münaqişənin həlli üçün real addımlar atmamışdı, formal bir təsisat kimi mövcud idi. Fəaliyyətin imitasiyası var idi. Bu fəaliyyət isə əslində, ermənilərin Azərbaycan ərazilərini işğalda saxlaması faktını mümkün qədər uzatmağa yönəlmişdi. Ona görə də Azərbaycan problemi özü həll etməli oldu. İndi də Azərbaycan tamamilə haqlı olaraq Minsk Qrupunun mövcud olması üçün heç bir əsas qalmadığını bəyan edir və bu təsisatın buraxılmasının zəruriliyini tələb eləyir. Bununla faktiki olaraq Azərbaycan Minsk Qrupundan rəsmi imtina etmiş oldu. Ona görə də ATƏT Minsk Qrupunun mövcudluğunun rəsmi sona çatdığı barədə qərar qəbul etməlidir. 

Minsk Qrupunun formal olaraq saxlanması revanş hissləri ilə yaşayan ermənilərdə revanşizm əhvalını bir qədər gücləndirən amillərdən biri rolunda çıxış edir. Ona görə də əgər ATƏT sədri Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında maraqlı olduqları barədə dediklərində səmimidirsə, bu nüansı da nəzərə almalı və Minsk Qrupunun buraxılması üçün gərəkən hüquqi addımları atmalıdır". 

M.Sadəddinov Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatının Minsk Qrupunun buraxılması üçün kifayət edib-etməyəcəyini dəqiq deyə bilməyəcəyini söylədi: “Azərbaycanın müvafiq qurumları rəsmi yazılı şəkildə ATƏT-in Minsk Qrupundan imtina və onun buraxılması məsələsinin qoyulduğu sənədi ATƏT-in baş ofisinə, ATƏT Şurasına təqdim etməlidir. Şuraya ATƏT ölkələrinin xarici işlər nazirləri daxildir. Məsələ şurada qaldırılmalıdır. Məsələ rəsmi şəkildə belə əsaslandırılmalıdır ki, olmayan bir münaqişə ilə ”məşğul" olan bir təsisatın qorunub saxlanılması hüquqi və siyasi cəhətdən doğru deyil. Həm Minsk Qrupunun, həm də ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin varlığı təşkilata ayrılan vəsaitlərin havaya sovrulmasıdır. Ona görə də buna son qoyulmalıdır".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR