İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan, İsrail və ABŞ arasında yeni geosiyasi üçbucaq – Tehran kənarda qalır

"Azərbaycanla İsrail 30 illik münasibətlərini üst səviyyəyə qədər irəlilədib, həm də özlərini etibarlı tərəfdaş kimi sübut ediblər. Azərbaycan-İsrail əlaqələrinin dərinləşməsindən ABŞ-nin necə faydalana biləcəyi Donald Tramp administrasiyasının diqqətindədir".

Musavat.com bildirir ki, bu barədə siyasi şərhçi Aqşin Kərimov qeyd edib.

AQSİN.jpeg (208 KB)

Onun fikrincə, Ağ Evin diqqətini Cənubi Qafqaz regionuna yönləndirməkdə İsrail dövləti və yəhudi lobbisinin koordinasiya edilmiş hərəkətləri nəzərə çarpır:

"İki məlumata diqqət edək. İsrailin baş nazirinin ofisi martın 5-də Vaşinqtonla üçtərəfli danışıqların fəal olduğunu bəyan edib.

Bəyanatda bildirilib ki, Azərbaycan təhlükəsizlik, ticarət, texnologiya və enerji sektorlarında əməkdaşlığı əhatə edən əlaqələri ilə Qafqaz regionunda İsrailin mühüm strateji müttəfiqidir.

Az keçməmiş ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvaya səfər etdikdən sonra Bakıya eniş etdi. Bu, İsrail, ABŞ və Azərbaycan arasında yaxşı əlaqələndirilmiş diplomatik addım kimi görünür.

Versiyama görə, İsrail bu əməkdaşlıqda Rusiyanın da rolunu sınamaqda maraqlıdır və bu, Ağ Evlə Kremlin Ukrayna üzərindən sövdələşməsinin miqyasını göstərir.

Bu proseslər ABŞ administrasiyasının da regional strateji mənfəətlərinin təminində rol oynayır. Ona görə də ABŞ Azərbaycanla əlaqələrini dərinləşdirmək üçün İsrailin Azərbaycanla yaxın əlaqələrinə əsaslanan istiqamətə doğru gedir. Ehtimal ki, ABŞ və İsrailin Azərbaycan-ABŞ-İsraildən ibarət təhlükəsizlik üçbucağı yaratması niyyəti İranın təsirlərinə qarşı genişlənmiş tərəfdaşlıq qazanmaq niyyətinə söykənir.

Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyini də nəzərə alsaq, qeyd etdiyimiz tərəfdaşlıq Tehranı kənarda saxlamaq üçün yaxşı vasitə ola bilər.

Ancaq Azərbaycan İranla münasibətlərin böhranlı modelini və gərginləşməsini izləməkdən uzaqdır. Azərbaycan üçün regional gərginliklər, əlavə geosiyasi ziddiyyətlər lazım deyil, bununla belə, Ağ Ev və İsrailin İranla əlaqədar masada olan planlarına Bakının müdaxiləsi çətindir.

Ancaq regionda İranla əlaqədar yenilənmiş cəbhədə Azərbaycan yer almamaqla öz niyyətinin səmimiliyini də göstərir. Yaxın Şərqdə yorğun düşmüş İran Cənubi Qafqazda da mürəkkəb tənliklərlə üzləşməsini nəzərə alıb Azərbaycanın maraqlarına konstruktiv cavab verməlidir.

Onsuz da İranın regional təsir rıçaqları zəifləyib, bununla belə, onun resurs və potensiallarını yenidən Azərbaycana qarşı cəmləyəcəyi istisna deyil. Bu ssenari Tehran üçün xeyir gətirməyəcək. Çünki İran Azərbaycana qarşı istifadə etdiyi vasitələrdən – proksi müharibədən və Ermənistana dəstəkdən məhrum edilir.

Üstəlik, Azərbaycanın müttəfiqi Türkiyə ilə bərabər digər tərəfdaşlıq əlaqələrindəki diapazonu diqqətdə saxlamaq Tehran üçün məqsədəuyğun olardı.

Ravvinlərin Donald Trampa müraciətinin genişlənmiş geosiyasi məqsədləri əlavə çalarların da izahına ehtiyac yaradır.

ABŞ və İsrail nəşrləri Azərbaycanın "İbrahim sazişləri"nə inteqrasiyası təşəbbüslərini müzakirə edirlər. Lakin Azərbaycan həmin müqavilənin tərəfi deyil və inteqrasiya prosesi texniki olaraq çətinliklər yaratsa da, geosiyasi aspektdən mümkündür.

Bu təşəbbüs ABŞ və İsrailin Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya kontekstindəki qiymətləndirmələrinə əsaslanır. Məqsəd ABŞ və İsrailin dəstəyi ilə dəstəklənən çoxtərəfli regional əməkdaşlıq üçün yeni rəsmi platformanın yaradılmasıdır.

Azərbaycanın bu razılaşmada iştirakı ona Mərkəzi Asiya, Yaxın Şərqə genişlənmək imkanlarını tanıyır. Bu, həm Qafqazı, həm Yaxın Şərqi, həm də Mərkəzi Asiyanı yüksək səviyyəli diplomatik foruma daxil edəcək.

Ehtimalla bu kontekstdə Bakının "İbrahim sazişləri" konfransına ev sahibliyi etməsi təklif olunur".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Mart 2025

BÜTÜN XƏBƏRLƏR