İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-İran münasibətlərinin yeni “yol xəritəsi”

Prezident İlham Əliyev regional siyasəti əməkdaşlığın format olunacağını elan etdi

Prezident İlham Əliyevin noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransında etdiyi çıxış Azərbaycanın xarici siyasətini və dövlət strategiyasını anlamaq baxımından çox ciddi material hesab oluna bilər.

Azərbaycan dövlət başçısı qarşıdakı illərdə dövlətin xarici siyasət kursu, beynəlxalq əlaqələr və əməkdaşlıq məsələləri ilə bağlı prioritetlərini, məqsəd və hədəflərini açıqlamış oldu. Əlbəttə, ən çox diqqət çəkən məsələlər Ermənistanla münasibətlər, Zəngəzur dəhlizi və hazırda soyuq münasibətlərin davam etdiyi İranla bağlı fikirləri idi.

Dövlət başçısının çıxışında ən çox diqqət cəlb edən və müzakirələrə səbəb olan mövzulardan biri də İran barədə idi. Prezident İranla münasibətlər barədə iki məqama işarə etdi. Birinci məqam Zəngəzur dəhlizi ilə bağlı olan hissə idi. İlham Əliyev bildirdi ki, Zəngəzur dəhlizi hər kəsə, o cümlədən İrana faydalı olacaq.

Sitat: “Ermənistanın bu dəhlizi bağlaya biləcəyini düşünmürəm. Bu, İrana da aiddir, o da bunu etməz, çünki regional kommunikasiya layihələrində maraqlıdır. Bu layihələr kiməsə qarşı yönəlməyib, əksinə, bütün tərəflərin xeyrinə olacaq”.

Bu hissədə Prezident İran rəhbərliyinə iki mesaj göndərir. Birincisi, Zəngəzur dəhlizinə mane ola bilməyəcəksiniz, ikincisi, dəhliz sizin üçün də faydalı olacaq. Gəlin əməkdaşlıq edək, ya da əməkdaşlığa məhkumsunuz.

Birbaşa İranla münasibətlər haqqında olan ikinci hissə isə nisbətən sərt və aydın idi. İlham Əliyev Tehranla münasibətlərin bu həddə çatmasına görə İran rəhbərliyinin günahkar olduğunu bildirdi.

“Mən İranın üç prezidenti – Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi. Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi”.

Və əlavə edib ki, Tehrandan gələn istənilən hədə cavabsız qalmayacaq: “Biz hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik. Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir”.

Bu hissədə isə mesaj açıqdır. Azərbaycan İranın hər bir addımına eyni şəkildə cavab verəcək və geri çəkilmək fikri yoxdur. Bu açıqlama həm də həftələrdir davam edən İran-Azərbaycan gərginliyi mövzusunda Azərbaycan tərəfinin konsepsiyası hesab oluna bilər. Azərbaycan İranla münasibətlərində sərhədlərini elan etdi, bundan sonra münasibətlərin hansı formada davam etməsi Tehranın öz seçiminə qalıb. Bakı isə artıq seçimini edib.

Bütün bu açıqlamalar ən əsası son zamanlar davam edən İran-Azərbaycan münasibətlərində gərginliyin alt qatda qalan, görünməyən səbəbini açıqlamış oldu. Bəs o görünməyən məqam nə idi? Daha lakonik ifadə etmiş olsaq, Azərbaycan-İran münasibətləri yenidən inşa olunur. Özü də indi birtərəfli deyil, hər iki tərəfin həssaslıqlarını nəzərə almaqla. 

İlham Əliyevin demək istədiyi və Azərbaycanın son həftələrdə apardığı xəttin mənası odur ki, İranla münasibətlər, ümumiyyətlə, regional siyasət yenidən dizayn olunmalıdır. Tehran bu regionda – Qafqazda yeni reallığı nəzərə almalıdır. 2020-ci ilin 27 sentyabrından sonra bu regionda hərbi-siyasi şərtlər dəyişib. Artıq əvvəlki situasiya yoxdur. İran yeni reallığı qəbul edib əlaqələri buna əsasən qurmalıdır. Artıq Azərbaycan əvvəlki Azərbaycan deyil, qalib ölkədir, regionda öz mövqeyini diktə edən ölkəyə çevrilib. Buna görə də ilk növbədə yaxın qonşular öz siyasətlərini yeni reallığa uyğun qurmalıdır. Tehran bu reallığı qəbul edib, ona uyğun siyasət qurmalıdır.

İran hakimiyyəti isə yeni reallığı qəbul etmək istəmir. Əksinə, Cənubi Qafqazda yeni reallığı qəbul etmək fikrində olmadığını nümayiş etdirməyə çalışdı və nəticədə iki ölkə münasibətləri heç zaman olmadığı dərəcədə dərin yaralar aldı.

Əslində son günlərdə Tehrandan və Bakıdan verilən yumşaq bəyanatlar hər iki tərəfin münasibətləri daha da yaralamaq və böhranı daha da dərinləşdirmək istəmədiyini göstərir. Amma söhbət təkcə barışıqdan getmir, həm də münasibətlərin yenidən inşasından gedir. Ona görə də prezident İlham Əliyevin bugünkü açıqlaması bir mənada İranla münasibətlərin qurulması ilə bağlı “yol xəritəsi” də hesab oluna bilər. Bakı öz “qırmızı xətlərini” göstərdi və barışığın, yeni əməkdaşlığın bu çərçivələr içərisində olacağını elan etdi.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR