İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-İran gərginliyi azalır, yoxsa... - qarşılıqlı açıqlamalar

Politoloq: “Əgər doğrudan da Tehran öz mövqeyində səmimidirsə, Qafanda açdığı konsulluğu bağlasın”

İran İslam Respublikasının Ali rəhbəri Ayətullah Əli Xameneyinin müşaviri Əli Əkbər Vilayətinin noyabrın 20-də ölkəsinin Azərbaycanla münasibətləri ilə bağlı bir sıra açıqlamalar verməsi maraq doğurur.

Təəccüblüsü Vilayətinin bəyanatlarının İran rəsmilərinin son dönəmlərdə Azərbaycana qarşı yönələn ritorikasından xeyli fərqlənməsidir. O, Azərbaycanı İranın “göz nuru” adlandıraraq qeyd edib ki, Azərbaycana xarici hücum olacağı təqdirdə belə, ölkəsi rəsmi Bakının yanında olacaq.

“İran İslam Respublikasının ali rəhbəri Xameneyinin müşaviri Əli Əkbər Vilayətinin İran mediasına verdiyi açıqlaması ilə tanış olmuşuq”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Agentliyin “İran İslam Respublikasının Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti Azərbaycan-İran əlaqələri haqqında bəyanatla çıxış edib, ölkələrimizin ortaq tarixi irsə və adət-ənənələrə malik olduğunu qeyd edib, Azərbaycan Respublikasının xalqını "gözümüzün işığı" adlandırıb və son günlərdə bəzilərinin qərəzli şəkildə İranın Azərbaycan Respublikası ilə döyüşmək istədiyi barədə şayiələr yaydığını deyib. Bu barədə nə deyərdiniz?" sualına cavabında Hikmət Hacıyev deyib:

“Əli Əkbər Vilayətinin xalqlarımızın ortaq tarixi, dini, mədəni irsə və adət-ənənlərə malik olması və bütövlükdə Azərbaycan-İran əlaqələri barəsində səsləndirdiyi qeydlərini müsbət qiymətləndirir və təqdir edirik. Təəssüflə qeyd etmək istərdik ki, son dövrlərdə İran İslam Respublikasının bəzi rəsmi şəxslərinin, parlament üzvlərinin və güc strukturlarının nümayəndələrinin bir sıra açıqlamaları iki ölkə arasında gərginliyin artmasına səbəb olub. Azərbaycan Respublikası bu gərginliyin yaranmasının təşəbbüskarı olmayıb. Xüsusilə onu bildirmək istərdim ki, Azərbaycan sərhədləri yaxınlığında İran silahlı qüvvələrinin iki hərbi təlim keçirməsi ölkələrimiz arasında etimadın güclənməsinə xidmət etməyib, əksinə, bu etimada mənfi təsir göstərib. Azərbaycan Respublikası bütün dövrlərdə qarşılıqlı hörmət və etimad əsasında İran İslam Respublikası ilə əlaqələrin inkişafında maraqlı olub və bu gün də bu belədir”.

Qeyd edək ki, hər iki ölkə rəsmisinin bu açıqlamaları həm də Azərbaycanın İsraildə səfirlik açmaq qərarı verdiyi, eyni zamanda BMT-də İranda insan haqlarının pozulması barədə keçirilən səsvermədə iştirak etmədiyi bir vaxta düşür.

Xameneyinin köməkçisinin bu bəyanatları nə dərəcədə səmimidir? İran geri addım atır, yoxsa bu, molla rejiminin ikiüzlü siyasətinin növbəti pərdəsidir?

Əziz Əlibəyli: "Azərbaycana qarşı sanksiyalara hazırlıq var"

Əziz Əlibəyli

Mövzunu Bizim.Media üçün şərh edən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəylinin fikrincə, Əli Əkbər Vilayəti, eləcə də İranın sabiq xarici işlər naziri Cavad Zərif bölgəni yaxşı tanıyan siyasətçilərdir: “Lakin cənub qonşumuzun indiki xarici işlər naziri ilə bağlı eyni sözləri demək olmaz. Çünki onun addımlarında naşılıq hiss olunur. Əli Əkbər Vilayətinin "biz Azərbaycanın yanında olacağıq" tərzində açıqlamalarına gəlincə, bu, hələlik təzyiqləri azaltmaq mahiyyəti daşıyır. Buna “hələlik” deməyimizin səbəbi isə bununla bağlıdır ki, İranın daxili vəziyyəti olduqca gərgindir. Bu vəziyyətin üzərinə Azərbaycan məsələsi də gəlsə, İran çıxılmaz vəziyyətə düşə bilər. Azərbaycan isə bu mövzuda İranın daxilindəki Azərbaycan məsələsini qabardıb. Eyni zamanda İranın ölkəmizdə 30 il ərzində formalaşdırdığı agentura şəbəkəsi çökdürülməkdədir".

Ə.Əlibəyli Prezidentin köməkçisinin Vilayətinin açıqlamalarına dərhal cavab verməsinə də diqqət çəkib: “PA rəsmisi qeyd etdi ki, vəziyyətin bu formaya gəlib çıxmasında təşəbbüskar İranın özü olub, "ona görə də yaxşı olardı ki, özləri cavab versinlər". Hikmət Hacıyev bir növ Vilayətinin açıqlamalarını ifşa etdi.

Əgər doğrudan da İran öz mövqeyində səmimidirsə, Qafanda açdığı konsulluğu bağlasın, Ermənistana yönələn siyasətinə xitam versin, Azərbaycanda hələ də davam etdirdiyi hibrid savaşını dayandırsın, “Səhər” kanalına veto qoysun, ölkəmizə təhdid xarakteri daşıyan təlimlərə görə üzr istəsin. Lakin biz bunu görmürük. Əks təqdirdə isə Vilayətinin açıqlamalarını səmimi qəbul edə bilmərik".

YUNESKO Azərbaycanla bağlı sükutu pozdu - sevinək, yoxsa...

Şəhla Cəlilzadə

Beynəlxalq əlaqələr üzrə ekspert Şəhla Cəlilzadə Vilayətinin bu açıqlamasının heç nəyi dəyişmədiyini qeyd etdi: “Əli Əkbər Vilayətinin məlum açıqlaması İrandan Azərbaycana qarşı qeyri-dost açıqlamalar və davranışlar nəticəsində atəşlənən ikitərəfli münasibətlərə su tökmək cəhdi kimi görünsə də, əslində İranın Azərbaycana qarşı məkrli planları və niyyətləri heç zaman dəyişməmiş və dəyişməyəcəkdir. Qeyri-dost adlandırdığımız davranışlar hansılardır?

Azərbaycanın daxili işlərinə qarışmaq, dini təsir vasitəsilə Azərbaycanda bənzər idarəçiliyin formalaşdırılmasına cəhd etmək, Azərbaycanın geri verilməsini tələb etdiyi cinayətkarlara qucaq açmaq. Halbuki Azərbaycanda əhali dini mənsubiyyət baxımdan şiə olsa da, həyat tərzi baxımından sekulyardır. Hazırda İranın öz əhalisi də məhz sekulyar həyat tərzinə geri dönüş uğrunda mübarizə aparır və 2 aydır davam edən üsyanlarda 400-dən çox İran vətəndaşı buna görə İran rejimi tərəfindən öldürülüb.

Azərbaycanın əsas ərazisini muxtar ərazisi olan Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin açılmasına mane olmaq, bunu özlərinin “qırmızı xətti”, milli maraqlarına təhlükə adlandırmaq. Halbuki onlar əslində Türk Dünyasının birləşməsindən, İrandan keçən tranzit yolunun əhəmiyyətini itirməsindən, o cümlədən 30 ildir nəzarətsiz qalan narkotranzit və digər qlobal cinayətkarlıq marşrutunun birdən-birə Azərbaycanın nəzarəti altına keçərək itirilməsindən qorxurlar.

30 ildir işğalda qalan torpaqlarımızla sərhəddə bir təlim belə keçirmədiyi halda, son iki ildə 3 belə təlim keçirmək və ən son təlimdə Azərbaycana “Arazı keçə bilərəm” mesajını ötürmək, Ermənistanla münasibətləri genişləndirərək silahla təmin etməyə çalışmaq, tarixən azərbaycanlıların yaşadığı, lakin hazırda deportasiya olunduğu torpaqlarında konsulluq açaraq Azərbaycana qarşı qeyri-səmimi davranışlara davam etmək. Şiə din qardaşları adlandırdığı azərbaycanlıların iqtisadi rifahına xidmət edəcək Şimal-Cənub dəhlizinin Azərbaycandan keçməsinə mane olaraq, bu dəhlizin Ermənistandan keçməsinə dair proqramlar icra etmək. Halbuki son on illiklərdə Ermənistana İrandan silah daşındığı halda Azərbaycana məhz İsrail silah satıb, bizimlə hərbi əməkdaşlıq edərək torpaqlarımızı işğaldan azad etməyə yardım edib. 44 günlük Vətən müharibəmiz dövründə İranın Nurduz sərhəddindən Ermənistana silah-sursat daşıyan maşınların məhz İranın azərbaycanlı vətəndaşları tərəfindən yandırılması, otaylı qardaşlarımızın “Nurduz gərək bağlana” hayqırtılarını daim xatırlayacağıq! İran 30 milyondan çox azərbaycanlının (ümumi əhalisinin 35-40%-i) yaşadığı dövlət olsa da, fars-molla rejimi onlara öz ana dilindən istifadə haqqını belə çox görür, səslərini də, istək və tələblərini də hər vəchlə boğmağa çalışır. Bu, hazırkı İran rejiminin ümumən türk kimliyinə münasibətinin təzahürüdür".

Ekspert bir məqama da diqqət çəkdi: “Vilayətinin məlum son açıqlamasından sonra Azərbaycanın İsraildə səfirlik açma xəbəri İranda yayıldı. Ardınca İranın Azərbaycanda qadağan olunmuş xəbər kanalı olan ”Seher TV"də gedən paylaşımda Tel-Əvivdə açılacaq səfirlik sionistlərin anti-İran hərəkətlərinin koordinasiya mərkəzi adlandırılaraq, rəsmi Tehranın bu təhlükəyə göz yummayacağı bəyan edilib. Bu işdə sapı özümüzdən olan baltalardan aktiv istifadə olunacağı istisna edilmir. Odur ki, qarşıdakı dövrdə Azərbaycan-İsrail münasibətlərinin daha da inkişaf edəcəyi, Azərbaycanın İranla münasibətlərinin isə gərilə biləcəyi ehtimal olunur. Azərbaycan Respublikası İsraillə münasibətlərinin İrana qarşı yönəlmədiyini göstərmək və bəyan etmək üçün BMT-də anti-İran qətnaməsinə də qatılmayıb. İran rejiminin ölkəmizin bu jestini düzgün dəyərləndirib, Azərbaycandan sərhədimizdə keçirdiyi hərbi təlimlərə görə üzr istəyib, Zəngəzur dəhlizinə mane olmaqdan imtina edərək mehriban qonşuluq siyasətinə geri dönməsi hər iki tərəfin maraqlarına xidmət edəcək addım ola bilər".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR