İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-İngiltərə münasibətləri ən yüksək səviyyəyə çatıb

Böyük Britaniya azərbaycanlıların təhsil almaq üçün ən çox üz tutduğu üçüncü ölkədir

Azərbaycanın çoxşaxəli xarici siyasətində əsas istiqamətlərdən birini də Böyük Britaniya ilə münasibətlər tutur. Böyük Britaniya-Azərbaycan arasında əlaqələr tarixi və strateji əhəmiyyətə malikdir. İki ölkənin münasibətlərinin müasir tarixi öz başlanğıcını 90-cı illərin əvvəllərindən götürür.

Böyük Britaniya Azərbaycanın müstəqilliyinin bərpasını tanıyan ilk Qərb ölkələrindən biridir. Birləşmiş Krallıq 1991-ci il dekabrın 31-də Azərbaycanın müstəqilliyini tanıyıb. Ölkələrimiz arasında diplomatik münasibətlər isə 1992-ci il martın 11-də qurulub. Ötən müddətdə iki ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından yüksək tarixi nailiyyətlər əldə olunub və hazırda Azərbaycan-Böyük Britaniya münasibətləri inkişafının ən yüksək səviyyəsinə çatıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə iyul ayında Londonda keçirilən “Avropa Siyasi Birliyi” 4-cü Zirvə Toplantısında iştirak etməsi, İngiltərəyə işgüzar səfəri də ölkələrimiz arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi və əlaqələrimizin daha da dərinləşdirilməsi baxımından çox böyük əhəmiyyət daşımış oldu.

Politoloq Qabil Hüseynli bildirib ki, ölkələrimiz arasında siyasi əlaqələr müxtəlif formatlarda uğurla davam etdirilir. Belə ki, 2016-cı ildən etibarən xarici işlər nazirlikləri arasında strateji dialoqun iclasları keçirilir. Həmçinin 1997-ci ildə Milli Məclisdə Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Birləşmiş Krallıq parlamentində isə 2014-cu ildə Azərbaycan üzrə parlament qrupu təsis edilib. Bu qrupların birgə fəaliyyəti nəticəsində iki ölkənin parlament üzvləri arasında işçi əlaqələr yaradılıb, qarşılıqlı səfərlər həyata keçirilib.

Böyük Britaniyanın yüksəksəviyyəli nümayəndə heyətləri də dəfələrlə Azərbaycanda səfərdə olub. Bu səfərlər Azərbaycanla Birləşmiş Krallıq arasında ikitərəfli münasibətlərə təkan verməklə yanaşı, əlaqələrimizə yeni impuls qazandırır".

Politoloqun sözlərinə görə, siyasi münasibətlərin yüksək səviyyədə olması uzunmüddətli uğurlu iqtisadi əməkdaşlığın əsasını təşkil edir: “İki ölkə arasında siyasi münasibətlərimizin yüksək səviyyədə olması iqtisadi münasibətlərə də müsbət təsirini göstərib. Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkədir. Bu ölkə 2023-cü ilin sonunadək Azərbaycan iqtisadiyyatına ümumilikdə 83 milyard dollar sərmayə qoyub. 2023-cü ildə Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsinin həcmi 790 milyon dollardan çox olub. Cari ilin yanvar-may aylarında isə ticarət dövriyyəsinin həcmi 140 milyon ABŞ dollarından artıq olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 10 faizdən çoxdur.

Ölkələrimizin iqtisadi əlaqələrində neft-qaz sahəsində əməkdaşlıq mühüm yer tutur. BP Azərbaycanın neft-qaz sektorunda çalışan əsas Britaniya şirkətidir. Şirkət Azərbaycanın neft-qaz sektorunun inkişafına və modernləşdirilməsinə mühüm töhfələr verməklə enerji sektorunda ölkəmizin əsas tərəfdaşı qismində çıxış edir. BP “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” layihələrinin operatoru, Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum təbii qaz kəmərlərinin, Cənub Qaz Dəhlizinin komponentləri olan Cənubi Qafqaz boru kəmərinin, TANAP, TAP kimi irimiqyaslı layihələrin əsas sərmayədarlarından biridir. BP Azərbaycanda ən böyük xarici investordur. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandığı vaxtdan etibarən SOCAR və bp arasında enerji sahəsində uğurlu əməkdaşlıq qurulub və 2017-ci il sentyabrın 14-də SOCAR və bp arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının 2050-ci ilədək işlənilməsini nəzərdə tutan yeni saziş imzalanıb. Sazişin imzalanması Azərbaycan-Britaniya əməkdaşlığında növbəti tarixi hadisədir. Bu saziş ölkələrimiz arasındakı əlaqələrin möhkəmliyinin, qarşılıqlı etimadın və faydalı investisiya layihələrinin uğurlu təzahürüdür.

Azərbaycanda 500-dən çox Birləşmiş Krallıq investisiyalı kommersiya qurumu fəaliyyət göstərir. Bu rəqəm iqtisadi tərəfdaşlığımızın şaxələndirilməsinin mühüm göstəricisidir. Mühüm istiqamətlərdən biri də odur ki, Britaniya şirkətləri işğaldan azad olunmuş ərazilərin bərpası, o cümlədən minalardan təmizlənməsi işində iştirak üçün maraq göstərir".

Q.Hüseynli qeyd etdi ki, ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin digər mühüm istiqamətini təhsil, mədəni mübadilə və xalqlar arasındakı təmaslar təşkil edir. Ötən dövrdə minlərlə azərbaycanlı tələbə, müəllim, alim və tədqiqatçı Britaniyada təhsil almış və ya müxtəlif layihələri həyata keçiriblər. Hər il yüzlərlə azərbaycanlı gənc Böyük Britaniya universitetlərində təhsil almağa yollanır. Birləşmiş Krallıq azərbaycanlıların təhsil almaq üçün ən çox üz tutduğu üçüncü ölkədir.

Böyük Britaniyanın Ermənistan-Azərbaycan münaqişəsinə dair rəsmi mövqeyi də hər zaman beynəlxalq hüquq prinsiplərinə əsaslanıb. Tərəfdaş ölkə hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb. 44 günlük Vətən müharibəsi dövründə də Böyük Britaniya obyektiv münasibət sərgiləyib.

Yazını hazırladı: Etibar SEYİDAĞA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR